Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:58

Keçmiş deputat yenə məhkəmə önündə: milyonlarla yeyinti ittihamı


Dünyamin Xəlilov
Dünyamin Xəlilov

Keçmiş deputat Dünyamin Xəlilov həbsdə olduğu 8 il içində üçüncü dəfə mühakimə edilir. Əvvəlki ikisində olduğu kimi, bu dəfə də onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Avqustun 7-də o, məhkəmə önünə çıxarılarkən məlum olub ki, indiki hakim 2019-cu ildə ona 14 il 6 ay həbs hökmü çıxaran üç hakimdən biridir. İndiki prokuror da 4 il əvvəlki məhkəmədə dövlət ittihamçısı statusunda çıxış edibmiş.

Ancaq D.Xəlilov nə hakimə, nə də prokurora etirazını bildirib. Hətta yazılı ərizəsi ilə də etirazının olmadığını təsdiqləyib. İşinə ədalətlə və obyektiv baxılacağına ümidini də dilə gətirib.

D.Xəlilov bu dəfə "Bakı Fındıq Emalı" MMC-nin keçmiş rəhbəri Azad Cavadovla birlikdə mühakimə olunur. O da həbsdə ola-ola, ikinci dəfə hakim önünə çıxarılıb. Hər ikisi Beynəlxalq Bankdan milyonlarla vəsaiti kredit adı ilə götürüb mənimsəməkdə suçlanır.

Prokurorluğun iddiasına görə, D.Xəlilovla A.Cavadov Beynəlxalq Bankın ovaxtkı rəhbərliyinin göstərişlərini yerinə yetirərək tabeliklərindəki işçiləri bankın müxtəlif filiallarına göndəriblər. Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilsə də, pullar həmin şəxslərin özünə verilməyib. Beləcə, kredit kimi götürülmüş, azı, 6 milyon 642 min manat ələ keçirilib.

D.Xəlilovla A.Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyev ilə dost olublar. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, C.Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib.

C.Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında A.Cavadov da olub. Həmin məhkəmənin sonunda C.Hacıyevə 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilib.

2019-cu ildə ikinci dəfə D.Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi.

Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı.

Onların heç biri özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

XS
SM
MD
LG