Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:18

Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edir


Həm Azərbaycan, həm də Ermənistan mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, avqustun 19-da Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub.

Nazirliyin açıqlamasına görə, saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd edilir ki, Azərbaycan ordusu tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Azadlıq Radiosunun Erməni xidməti isə Ermənistan Müdafiə Nazirliyinə istinadən yazır ki, avqustun 19-da saat 15:25-dən 16:10-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Geqarkunik rayonunun Axpradzor kəndində yerləşən mövqeləri atəşə tutublar.

Bu arada Qarabağdakı separatçı rejim Azərbaycan Müdafiə Nazirliyinin qarşı tərəfin avqustun 19-da Xocalı rayonunda istehkam işləri aparması və bunun qarşısının hərbi qulluqçuların müdaxiləsi nəticəsində alındığına dair məlumatını da təkzib edib.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 19-da yaydığı daha bir açıqlamada iddia edirdi ki, saat 16:00 radələrində Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Açıqlamada deyilir ki, Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bununla belə bölgədə tez-tez atəşkəs pozuntusuna aid xəbərlər yayılır və buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG