Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:48

'Nəticədə Brüssel və Vaşinqton formatı darmadağın ola bilər'


Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan liderləri arasında beştərəfli görüş. 1 iyun 2023
Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan liderləri arasında beştərəfli görüş. 1 iyun 2023

Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşib. Rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edib, erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, hazırda regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan edib.

Azərbaycan əməliyyatdan öncə dördü polis, ikisi Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı olmaqla altı vətəndaşının minaya düşərək həlak olduğunu açıqlayıb.

Bəzi ekspertlərə görə, həmin "antiterror tədbirləri"nə kart-blanşı rəsmi Moskva verib. Onlar vurğulayırlar ki, son zamanlar Ermənistan və Rusiya arasında diplomatik münasibətlər gərginləşib.

A.Nağıyev
A.Nağıyev

"Qondarma qurumların bayraq qaldırması... mümkün olmayacaq"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev "Turan"a deyib ki, son vaxtlar quruculuq işləri aparılan yerlərə minaların basdırılması, Daxili İşlər Nazirliyinin nümayəndələrinin mina qurbanı olması artıq pik nöqtə idi.

Onun sözlərinə görə, "mina terroru" məqsədyönlü şəkildə keçirilirdi və bunun qarşısı alınmalıdır: "Ermənistanın havadarları başa düşməlidir ki, heç vaxt Azərbaycanın ərazisində ikinci dövlətin yaradılmasına imkan verilməyəcək".

A.Nağıyev qeyd edib ki, dəfələrlə sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın təkliflərinə laqeyd münasibət bəsləyən Ermənistan bunun nə ilə bitəcəyini bilməli idi: "Burada hansısa qondarma qurumların bayraq qaldırması, qeyri-legitim seçkilər keçirməsi mümkün olmayacaq".

Amma Ermənistan rəsmiləri də dəfələrlə bəyan ediblər ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin sülh müqaviləsinin imzalanmasına hazırdırlar.

Son illər iki ölkə arasında həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, bir nəticə hasil olmayıb.

"Ya bilavasitə Rusiyanın əli var, ya da o…"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu məsələdə birbaşa Rusiyanın rolu var: "Mina partlayışı, təxribatlarda, ola bilsin, Rusiyanın iştirakı var. Buna nəzarətini Rusiya həyata keçirməlidir və əgər bu, baş veribsə, burada ya bilavasitə Rusiyanın əli var, ya da o buna cavabdehdir".

Onun fikrincə, ümumiyyətlə, Qarabağda hər hansı bir əməliyyata Rusiya "yaşıl işıq" yandırmalı idi: "İnanmıram ki, Rusiya rəhbərliyindən bunun xeyir-duasını almadan, onunla bu məsələni müzakirə edib qərarlaşdırmadan Azərbaycan rəhbərliyi hər hansı əməliyyata başlayardı. Bu əməliyyatın nəticəsində Rusiyanın hərbi kontingentinin Qarabağdan çıxarılmasını mən şəxsən gözləmirəm".

A.Qasımlı
A.Qasımlı

Ekspertin sözlərinə görə, hazırkı hadisələr Rusiyanın mövqeyini daha da gücləndirəcək: "Rusiyanın məqsədi Paşinyanın iqtidarını devirmək və istədiyi adamı Ermənistanda hakimiyyətə gətirməkdir. Əgər bu, baş verəcəksə, bu, Qarabağı Azərbaycana heç də yaxınlaşdırmayacaq. Əksinə, yeni gələn hakimiyyət Azərbaycanla Brüssel və Vaşinqton formatında danışıqlara getməz. Nəticədə Brüssel və Vaşinqton formatı darmadağın ola bilər, sülh prosesi dağılacaq və bir müddət sonra sülh prosesi bərpa olacaqsa, bu, Rusiyanın nəzarəti altında olacaq".

A.Qasımlı bildirib ki, Qarabağ ətrafında son gərginliyin müsbət tərəflərini görmür: "Müsbət tərəfi o olardı ki, Azərbaycan ordusu rus ordusunu Qarabağdan çıxarır, Xankəndində oturur və Azərbaycanın ərazi bütövlüyünü bərpa edir".

Rusiya və Ermənistanda deyilənlər...

Yazıda səslənən fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma sentyabrın 20-də bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Rusiya münaqişə tərəflərini qan axıdılmasını təcili dayandırmağa, hərbi əməliyyatları kəsməyə, mülki əhali arasında qurbanların qarşısını almağa çağırıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə sentyabrın 19-da bildirib ki, Azərbaycanın məqsədi Ermənistanı hərbi əməliyyata çəkməkdir. Bu ölkənin müdafiə nazirliyi də bəyan edib ki, Qarabağdakı yerli "müdafiə" ordusunun onlara aidiyyəti yoxdur.

Xatırlatma

  • 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
  • Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
  • 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
XS
SM
MD
LG