Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:01

Ermənistanın Aİ-dəki səfiri: Azərbaycan müdaxiləyə hazırlaşır


Tiqran Balayan
Tiqran Balayan

Ermənistanın Belçika krallığındakı səfiri və Avropa İttifaqındakı nümayəndəliyinin başçısı Tiqran Balayan xəbərdarlıq edib ki, “əgər Qərb sərt addımlar atmasa, Azərbaycanın Ermənistana müdaxiləsi bir neçə həftənin məsələsidir”.

Səfir Brussels Signal saytına müsahibəsində bunları bildirib:

“Biz hazırda Ermənistana hücum təhlükəsi ilə birbaşa üz-üzəyik, çünki kollektiv Qərb Əliyevə konkret addımlarla cavab verməsə, onun Qarabağla kifayətlənməməsinə heç bir səbəb yoxdur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səfirin bu bəyanatı hansı əsaslarla verdiyi məlum deyil.

Azatutyun bu barədə hələ ki, Ermənistan XİN-dən şərh ala bilmədiyini və buna görə də Müdafiə Nazirliyinə müraciət etdiyini bildirir.

Nazirliyin sözçüsü Aram Torosyan Azatutyuna bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlikdir:

“Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması halları, habelə ön xətdəki vəziyyətlə bağlı ictimaiyyətə lazımınca məlumat verir. Hazırda, deyə bilərəm ki, ön xətdə nisbi sakitlikdir”.

Azatutyun xatırladır ki, son dəfə Ermənistan-Azərbaycan sərhədində gərginlik sentyabrın 1-də kəskin artmışdı.

Ermənistan tərəfi Geqarkunik sektorunda ölənlər və yaralananlar barədə məlumat vermişdi.

Bundan bir ay sonra, oktyabrın 2-də Ermənistan mövqelərə ərzaq daşıyan avtomobilin Azərbaycan tərəfindən atəşə tutulması nəticəsində bir Ermənistan hərbçisinin həlak olduğunu xəbər verirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib.

Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

XS
SM
MD
LG