Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:13

Putin Yaxın Şərqə səfər edəcək


Barəsində beynəlxalq həbs orderi olan Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Dekabrın 7-də isə onun Moskvada İran prezidenti ilə görüşü nəzərdə tutulub.

Kreml dekabrın 5-də bildirib ki, Putin bu səfərlər zamanı Fəlsətin-İsrail münaqişəsini, habelə neft bazarlarındakı vəziyyəti müzakirə edəcək.

Ötən mart ayında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

Onlar Ukrayna uşaqlarının zorla deportasiyasında ittiham olunurlar.

Putin hətta bu orderdən əvvəl də çoxsaylı xarici səfərlərə çıxmırdı, amma BCM-in orderindən sonra bu səfərlərinin sayını bir az da azaldıb.

O sentyabrda G20 qrupunun Hindistanda keçirilən sammitinə qatılmayıb və son zamanlarda səfərlərini Çin və keçmiş sovet respublikaları ilə məhdudlaşdırıb.

Putin barəsində BCM-in həbs orderi verilmiş üçüncü dövlət başçısıdır. Ondan əvvəl belə bir həbs orderi Sudan prezidenti Ömər əl-Bəşir və Liviya lideri Müəmmər Qəzzafi üçün verilib.

Məhəmməd bin Salmanla görüş

Kreml Putinin bu səfərinin gündəliyi barədə detallı məlumat verməyib, amma bu məlumatı ilk verən SHOT xəbər agentliyi Kremlin xarici işlər üzrə müşaviri Yuri Uşakova istinadla onun əvvəlcə BƏƏ-yə, daha sonra isə Səudiyyəyə səfər edəcəyini xəbər verib.

Agentlik bildirir ki, onun Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub.

Putin və Məhəmməd bin Salman arasında illərdir ki, davam edən münasibətlər var.

Bu yaxın münasibətlər 2016-cı ildə Rusiyanın OPEC+ qrupuna qoşulmasından başlanıb.

Qrupun yaradılmasından məqsəd neftin hasilatını ixtisar etməklə onun qiymətini qaldırmaq idi.

Rəisi ilə görüş

Sözü gedən birgünlük səfərin ardınca, Putin dekabrın 7-də Moskvada İran prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Putin İrana 2022-ci ilin iyulunda, xarici işlər naziri Sergey Lavrov isə bu ilin oktaybrında səfər edib.

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Tehran Moskvanı ucuz, lakin effektiv kamikadze dronları ilə təchiz etməkdə ittiham edilir.

İran bunu inkar etsə də, onun istehsalı olan Şahed-136 dronlarından Ukrayna müharibəsində geniş istifadə edilməsinə dair sübutlar var.

Bu da qeyd olunur ki, Rusiya bu dronlardan Ukraynanın mülki infrastrukturunu dağıtmaq üçün istifadə edir. Rusiya mənşəyini gizlətmək üçün Şahed dronlarını “Geran-2” adlandırır.

İki ölkə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İran Moskvadan Su-35 təyyarələri və döyüş helikopterləri aldığını açıqlayıb.

ABŞ-ın məlumatına görə Rusiya İrandan ballistik, qanadlı, antitank və hava hücumundan müdafiə raketləri almaq niyyətindədir.

Rusiya və İran arasında belə hərbi əməkdaşlıq Qərbi, ilk növbədə Birləşmiş Ştatları narahat edir.

XS
SM
MD
LG