Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:32

Prezident: 'Azərbaycan Avropa İttifaqının üzvü olmağı hədəfləmir'


"Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumu
"Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumu

"Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir".

Bu fikirləri prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda səsləndirib. Amma prezident səbəbi göstərməyib.

"Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək? Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq", - o əlavə edib.

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bu qurum ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.

"Mümkün yeni görüşü müzakirə edirik"

Prezident əlavə edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan (Aİ Şurasının prezidenti) Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik".

Azərbaycanla Ermənistan arasında Aİ və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar son aylar dayanıb. Rəsmi Bakı Aİ vasitəçiliyi ilə gerçəkləşən son iki görüşdən imtina edib. Bunu prosesə Fransa və Almaniyanın qoşulduğu halda, Türkiyənin qoşulmasına imkan verilməməsi ilə izah edib.

A.Hacılı
A.Hacılı

"Azərbaycan Asiya dövləti deyil"

Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin avrointeqrasiyanı hədəflədiyi birmənalı şəkildə göstərilib: "Əgər bu ümumi strategiya dəyişdirilirsə, bunun səbəbləri izah olunmalıdır və yalnız müzakirələr keçdikdən sonra belə uzağagedən bəyanatların verilməsi mümkündür".

A.Hacılının fikrincə, Avropa İttifaqına qəbul olunmaq çox çətin prosedurlardan keçən bir prosesdir: "Amma biz Avropa İttifaqına qəbul olunmaq hədəfini ləğv etməli deyilik. Biz bu hədəfi götürməliyik, buna doğru irəliləməliyik, bu hədəfin yerinə yetirilməsinə uyğun olan islahatlar aparmalıyıq və nəhayətdə Avropa İttifaqına üzv olmağa çalışmalıyıq. Çünki Azərbaycan Asiya dövləti deyil. Azərbaycan hələ 1918-20-ci illərdə Avropa stilli cümhuriyyət yaratmağa nail olmuş bir ölkədir. 1991-ci ildə isə biz bu dövləti bərpa etmişik".

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG