Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:47

Savaş əleyhdarı olan rus keşişi yeni Qazax Pravoslav Kilsəsi qurmaq istəyir


Yakov Vorontsov
Yakov Vorontsov

Qazaxıstanda ötən yay bir rus pravoslav keşişi Rusiyanın Ukraynaya hücumunu qınadığından vəzifəsini itirib. İndi o, Rus Pravoslav Kilsəsində hökm sürən "cinayət", "əxlaqsızlıq və antixrist ruhundan" yayınmaq üçün Avtokefal (müstəqil, öz rəhbərini təyin edə bilən, kənar patriarxdan asılı olmayan – tərc.) Qazaxıstan Pravoslav Kilsəsi qurmaq təşəbbüsünə başlayıb.

Yakov Vorontsov adlı bu keşiş deyir ki, Rus Kilsəsinin rəhbərliyi, Moskva Patriarxlığı Kremlin qanlı savaşını dəstəkləməyə davam etdiyindən bəzi pravoslav xristianlar ona inamlarını itiriblər. O bildirib ki, onun məqsədi həmin xristianlara xidmət etməkdir. "Vətəndaşların Konstitusiyada təsbit edilən din azadlıqlarını əsas götürərək Qazaxıstan Avtokefal Pravoslav Kilsəsi yaratmaq niyyətimi bəyan edirəm", - o, dekabrın 4-də Facebook-da belə yazıb.

Fərqli düşünən ruhanilər var

Vorontsov deyir ki, onun kilsədəki fəaliyyətindən qeyri-rəsmi uzaqlaşdırılması Rusiyanın Ukraynaya müdaxiləsinin ilk həftələrində baş verib. İşində yaranan bu fasiləyə son qoyan ruhani ata insanları yaradacağı kilsəyə gəlməyə, ya da, heç olmasa, ona adi dəstək verməyə çağırıb. O, kilsənin daimi toplaşma zamanı və yerini daha sonra elan edəcəyini bildirib.

Patriarx Kirillin rəhbərliyi altında Rus kilsəsi dəfələrlə Kremlin Ukraynada apardığı müharibəyə dəstəyini dilə gətirib. Beləcə, bu kilsə istər Rusiyada, istərsə Ukrayna və Moldova kimi yerlərdəki tabeliyində olan yeparxiyalarda fərqli düşünən din xadimlərinə qarşı hərəkətə keçib. Əksər hesablamalara görə, Qazaxıstanda yaşayan pravoslav dindarlar ölkənin 20 milyonluq əhalisinin ¼-i qədərdir.

Moskvanın Ukraynaya hücumundan sonra basqılardan, senzura və hərbi çağırışdan və digər təhlükələrdən qaçan 1 milyona yaxın Rusiya vətəndaşının Qazaxıstana gəldiyi bildirilir.

Prezident Vladimir Putin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli 70 illik yubileyi münasibətilə təbrik edir. 2016
Prezident Vladimir Putin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli 70 illik yubileyi münasibətilə təbrik edir. 2016

Rus kilsəsinin Qazaxıstandakı yerli metropolit şöbəsi Qazaxıstan Şərqi Pravoslav Kilsəsi kimi tanınır. Onun tərkibində doqquz yeparxiya var. Rus Pravoslav Kilsəsinə sədaqətini qoruyub saxlayan bu din qurumu Vorontsovun təşəbbüsünü təfriqə adlandıraraq qınayıb və bunun yaxşı heç bir şeyə gətirib çıxarmayacağını bildirib.

"Dini birliklərə dair qanuna görə, bəlli sayda imza toplayan və dini saydığı təlimləri təbliğ edən istənilən vətəndaş … öz icmasını qeydiyyatdan keçirə bilər. Ancaq bizim gözümüzdə qeydiyyatdan keçirilən icma kilsə sayıla bilməz", - kilsənin Qazaxıstan şöbəsinin rəhbəri Mitropolit Aleksandrın sözləridir.

Sülhü dəstəkləyən rus keşişləri

Milli səviyyədə yeni, müstəqil pravoslav kilsəsi yaratmaq cəhdləri nadir olduğu qədər də çətinliklərlə doludur. Ukraynada yeni müstəqil milli kilsənin yenidən yaradılması istiqamətində on illərlə sürən iş yalnız 2019-ci ildə öz bəhrəsini verib. Həmin il ortodoks xristianların dünya ruhani rəhbərliyi olan Konstantinopol Ekümenik Patriarxatı Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verib. Bu addıma qəti etiraz edən Moskva Patriarxlığı Ukrayna kilsəsinin tanınması ərəfəsində İstanbul dini liderlərindən qopmağa cəhd göstərib.

Y.Vorontsov müharibənin ilk günlərində sülhə çağırış məktubunu imzalayan "Sülhü dəstəkləyən rus ruhaniləri" adlı qrupun 300-ə yaxın üzvündən biri olub. Onlar həmin məktubda Ukraynada icra edilən "qatilcəsinə" əmrləri qınamışdılar.

Vorontsov bundan sonra da Kremlin Ukraynada apardığı siyasəti tənqid edib və Rus Pravoslav Kilsəsini bu müdaxiləni dəstəklədiyi üçün qınayıb. Putinin çoxdankı müttəfiqi olan Kirill Ukraynaya göndərilən rus qoşunlarına dəfələrlə xeyir-dua verərək onların mülki şəxslərə hücumlarını qınamaqdan boyun qaçırıb. O, eyni zamanda rahibləri Rusiyanın qələbəsi üçün dua etməyə çağırıb. Vorontsov Qazaxıstanı Rusiyanın rəhbərlik etdiyi ittifaqları, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Avrasiya İttifaqını tərk etməyə çağırıb.

Astanadakı Rus Pravoslav Kilsəsində Milad bayramı.
Astanadakı Rus Pravoslav Kilsəsində Milad bayramı.

"Artıq Rus Kilsəsinin xristianlıqla ortaq heç nəyi yoxdur"

O, Qazaxıstan hökumətini Moskvanın nəzarətindəki hər hansı dini qurumu yasaqlamağa da səsləyib.

Keşiş bu kəskin tənqidinə görə ağır cəzalandırılıb.

Rusiyaya tabe olan Qazaxıstan Şərqi Pravoslav Kilsəsi Vorontsovu rütbəsindən uzaqlaşdırması haqda açıq bəyanat verməsə də, onun kilsə xidmətləri keçirməsinə qadağa qoyub, onu düşmənçilik toxumu səpməkdə və nifrəti təşviq etməkdə suçlayıb.

Qazaxıstanın kilsə rəsmiləri deyirlər ki, onların rahibləri siyasi bəyanatlar verməməlidir. Vorontsovsa müharibə əleyhinə mövqeyinin siyasətlə heç bir əlaqəsi olmadığını düşünür.

O, Qazaxıstan polisinin də basqılarına məruz qalıb. Vorontsov avqustda Facebook-da yazdığı şərhlərə görə bu yaxınlarda polis tərəfindən sorğu-suala çəkildiyini də bildirib. Həmin postunda o, Rus Kilsəsinin artıq xristianlıqla ortaq heç nəyi olmadığını yazmışdı.

Vorontsov iyunda "Nastoyaşeye Vremya"ya müsahibəsində demişdi ki, "Pravoslav kilsəsi nə qədər rus kilsəsi olursa, o qədər daha az xristian kilsəsi olur". O, xristianlığın beynəlxalq və qeyri-milli olduğunu, Rusiya ilə 7 min 500 kilometrlik sərhədi olan Qazaxıstanın Moskvanı yaxın müttəfiqi saydığını da dilə gətirib. Rusiya Ukraynaya müdaxilə etsə də, Qazaxıstan hələ də Putin hökuməti ilə güclü əlaqələrini qoruyub saxlayıb. Bu ilin fevralında müdaxiləni qınayan və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən BMT qətnaməsinə səs verməkdən yayınan 32 dövlətdən biri də Qazaxıstan idi.

XS
SM
MD
LG