Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

Mirzoyan deyir ki, delimitasiya məsələsi sülh müqaviləsində mütləq olmalıdır


Ararat Mirzoyan
Ararat Mirzoyan

Ermənistan-Azərbaycan sülh müqaviləsində iki ölkə arasında sərhəd delimitasiyanın konkret mexanizmi yer almalıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Sərhədin delimitasiya və demarkasiyası məsələsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır.

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə müşaviri Hikmət Hacıyev ötən həftə demişdi ki, Bakının mövqeyinə görə sərhədin delimitasiyasına sülh müqaviləsindən kənar bir məsələ kimi baxıla bilər.

Onun ardınca Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, sülh müqaviləsi bütün məsələləri “100 faiz” əhatə etməyə bilər.

Xəritələr məsələsi

Lakin Ararat Mirzoyan deyib ki, delimitasiya prosesinin sülh müqaviləsində əksini tapması mühümdür:

“Bizim üçün son dərəcədə mühümdür ki, gələcək delimitasiya prosesi planlı olsun, onun əsasları sülh razılaşmasında əksini tapsın. Bizim üçün konkret xəritələrə istinad - nəticələri əvvəlcədən diktə etməyən qarantiya olardı”.

Ermənistan hökuməti son vaxtlaradək spesifik sovet xəritələrinin delimitasiya üçün əsas götürülməsində israr edirdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında Mirzoyan deyib ki, tərəflər “müxtəlif xəritələrin sülh razılaşmasına daxil edilməsinin mümkünlüyünü” müzakirə edirlər:

“Razılaşmanın yekun mətni yoxdur və odur ki, indi heç kəs danışıqların necə nəticələnəcəyini deyə bilməz”.

Ermənistan hakimiyyətində bu məsələyə dair fikir ayrılığı var

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan ötən həftə demişdi ki, Ermənistan sülh müqaviləsinin delimitasiyadan əvvəl imzalanmasına dair Bakının təklifini qəbul edə bilər.

Ermənistan müxalifəti bildirmişdi ki, baş nazir Nikol Paşinyanın hökuməti əvəzində heç nə istəmədən Azərbaycana bundan sonra da güzəştlər etməyə hazırlaşır.

Amma elə Paşinyanın özü də ehtimal etdiyini bildirmişdi ki, prezident İlham Əliyev Ermənistana növbəti ərazi iddiaları üçün “qapını açıq qoymağa” çalışır.

Ermənsitan təhlilçiləri isə deyirlər ki, Əliyev Avropa İttifaqı və ABŞ tərəfindən təşkil olunan danışıqları bu səbəbdən ləngidir.

Mirzoyan isə dekabrın 27-də deyib ki, Bakının yüksək səviyyədə görüşlərdən qaçması Azərbaycandan gələn “çox pis siqnaldır”.

O ümid etdiyini bildirib ki, Azərbaycan tərəfi daha konstruktiv mövqe tutacaq.

Elçin Əmirbəyov da “delimitasiyasız sülh müqaviləsindən” danışıb

Bu arada Azərbaycan prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov Britaniyanın The Guardian qəzetinə deyib ki, tərəflər potensial və yığcam sülh müqaviləsinin layihəsinə dair 7 variantı mübadilə ediblər.

Onun sözlərinə görə Azərbaycan tərəfi hazırda Yerevandan Bakının son təkliflərinə cavab gözləyir.

Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi sülh müqaviləsinin 5 prinsip əsasında tərtibini təklif edib.

O da qeyd edib ki, delimitasiya prosesi sülh müqaviləsinin imzalanmasından sonra həyata keçirilə bilər, “çünki bu uzun müddət tələb edən mürəkkəb prosesdir”.

Əmirbəyov əlavə edib ki, Azərbaycan habelə sülh müqaviləsinə mümkün mübahisələrin çözümü üçün xüsusi maddənin daxil edilməsini istərdi:

“Bu maddə bizim aramızda ola biləcək fikir ayrılığı və anlaşılmazlıqların həlli üçün müəyyən bir ikitərəfli komissiyanın yaradılmasını ehtiva edərdi”.

Dəhliz məsələsi

Elçin Əmirbəyov The Guardian qəzetinə müsahibəsində Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizdən də söz açıb:

“Azərbaycan və onun bir hissəsi olan Naxçıvan arasında əlaqənin olması bizim üçün milli təhlükəsizlik və orta dəhlizə alternativ məsələsidir”.

Əmirbəyov gileylənib ki, Ermənistan 42 kilometrlik dəhlizin heç layihələndirmə prosesinə də başlamayıb.

Azərbaycan prezidentinin xüsusi nümayəndəsi deyib ki, Bakının B planı Azərbaycan və Naxçıvan arasında dəmir və avtomobil yollarının İrandan keçməsidir:

“Əlbəttə biz Ermənistanı götürdüyü öhdəliyi yerinə yetirməsinə məcbur edə bilmərik və bizim guya dəhlizi zor gücünə açacağımıza dair iddialar cəfəngiyyatdır”.

Əmirbəyovun sözlərinə görə alternativ marşrutun olması, bəlkə də Ermənistanı bu məsələdə müqavimət göstərməklə nə qədər itirə biləcəyini dərk etməyə sövq edə bilər.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG