Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Vaşinqton Ukrayna siyasətinin, Kiyev isə əsas məqsədinin dəyişmədiyini bildirir


Metyu Miller
Metyu Miller

ABŞ Dövlət Departamenti Vaşinqtonun guya Ukraynanın Rusiya müdaxiləsinin dəf edilməsi strategiyasını dəyişməsini istəməsinə dair media xəbərlərini təkzib edib.

Bu barədə bəyanatı departamentin sözçüsü Metyu Miller verib.

Ötən dekabrda Politico jurnalı anonim mənbələrə istinadla yazmışdı ki, ABŞ Ukraynanın “dərin müdafiəyə” keçməsini və öz ərazilərinin tam azad olunması ideyasından imtina etməsini tələb edib.

Bu məqalə barədə suala cavab verən sözçü “yox, bu doğru xəbər deyildir” deyib.

Bu arada Ağ Evdə The New York Times qəzetinin daha bir məlumatını təkzib ediblər.

Qəzet yazmışdı ki, Putin müxtəlif diplomatik kanallarla müharibənin dayandırılmasını və danışıqlara keçilməsini istədiyini çatdırır.

“Putin özünü danışıqlar istəyən adam kimi aparmır”

ABŞ milli təhlükəsizlik şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya prezidentində belə maraq görmür.

Kirbi deyib ki, "Putin özünü qətiyyən danışıqlar istəyən adam kimi aparmır”.

Milli təhlükəsizlik rəsmisi əlavə etmişdi ki, Ukraynaya yardımların davam etdirilməsi üçün Vaşinqtonun vəsaitə ehtiyacı var.

Ötən oktyabrda ABŞ prezidenti Co Bayden Konqresdən 106 milyard dollarlıq yardımın səsə qoyulmasını istəmişdi. Bunun 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulurdu.

Lakin Nümayəndələr Palatasındakı respublikaçılar bu büdcə sorğusuna baxılmasını bloklamaqda davam edirlər.

Bu arada Kiyev bəyan edib ki, Qərbdə Ukraynadan “yorğunluğun” olmasına və Ukrayna ordusunun hava hücumundan müdafiə üçün sursatının tükənməsinə baxmayaraq, onun “B” planı yoxdur.

Ukrayna bir daha vurğulayıb ki, ona göstərilən hərbi yardımlar Avro-Atlantika təhlükəsizliyinə qoyulan investisiyadır.

Kulebanın dedikləri

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yanvarın 3-də ABŞ Konqresində Kiyev üçün milyardlarla dollarlıq yardım büdcəsinin bloklanması barədə CNN-nin sualına cavab verərkən deyib:

"Ukrayna daim ona verilən resurslarla döyüşəcək...və Ukraynaya verilən resurslar xeyriyyə deyil. Bu, NATO-nun müdafiəsinə və Amerika xalqının firvanalığının müdafiəsinə qoyulan investisiyadır”.

Bununla belə Kuleba media və jurnalistlərin diqqətinin hazırda İsrail-HƏMAS müharibəsi üzərində fokuslandığına dair iddiaları da rədd edib:

"Biz partnyorlarımızla danışıqlarda rəsmilərdən heç bir diqqətsizlik hiss etmirik”.

Nazir bunu da vurğulayıb ki, ABŞ Konqresində baş verənlər Birləşmiş Ştatların daxili məsələsdir və mübahisə Ukraynaya yardım deyil, daha çox ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi ilə bağlıdır.

Kuleba Rusiyanın Ukrayna üzərinə son dron-raket zərbələrindən danışarkən deyib ki, bu, müharibənin dondurulduğunu deyil, daha şiddətli şəkildə davam etməsini göstərir və Ukraynaya hərbi yardımlar ləngidilmədən davam etdirilməlidir.

XS
SM
MD
LG