Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:54

Putin müharibəyə gedən əcnəbilərin vətəndaşlığa qəbulu haqqında fərman imzalayıb


Rusiya prezidenti Vladimir Putin orduda xidmət üçün müqavilə imzalayan və ya “xüsusi hərbi əməliyyat” (Moskva Ukraynaya tammiqyaslı müdaxiləsini belə adlandırır - red) dövründə “hərbi birləşmələrin” sıralarında döyüşən əcnəbilərin Rusiya vətəndaşlığına qəbulu haqqında fərman imzalayıb.

Bu sənədə əsasən Rusiya vətəndaşlığı təkcə müqavilə imzalayan əcnəbilərə deyil, həm də onların ailə üzvlərinə verilə bilər.

Söhbət müqaviləli şəxsin arvadından, uşaqlarından və hətta valideynlərindən gedir.

Fərmanda vurğulanır ki, Rusiya vətəndaşlığı yalnız bir ildən çox müddətə müqavilə imzalayan əcnəbilərə verilə bilər.

Rusiya vətəndaşlığına qəbul üçün habelə Ukrayna müharibəsi dövründə Rusiya silahlı qüvvələrindən səhhətinə, yaş həddinə və ya müqavilənin başa çatmasına görə tərxis olunan əcnəbilər də müraciət edə bilərlər.

Bundan əvvəlki fərmanda hərbi xidmət müddəti azaldılmışdı

2023-cü ilin martında Putin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan və Ukrayna ərazisində döyüşən şəxslərin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbulu barədə fərman imzalamışdı.

Bu sənədə görə Ukraynada gedən hərbi əməliyyatlar dövründə hərbi xidmət üçün bir ildən az olmayan müddətə müqavilə imzalayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul olunur.

Sadələşdirilmiş qəbul habelə həmin şəxsin ailə üzvlərinə də şamil edilir.

Bundan əvvəl xaricilərin Rusiya vətəndaşlığı alması üçün onlardan beş il müddətinə hərbi xidmət müqaviləsi imzalamaları tələb olunurdu.

Bu halda onlar Rusiya pasportunu azı üç illik xidmətdən sonra ala bilərdilər.

Müntəzəm reydlər də davam edir

Hazırda Rusiya polisi və hərbi komissarlıqların əməkdaşları böyük şəhərlərdə müntəzəm reydlər keçirir, Rusiya vətəndaşlığını yenicə alsa da hərbi qeydiyyatdan keçməmiş şəxsləri aşkara çıxarırlar. Bu şəxslər dərhal hərbi komissarlıqlara aparılırlar.

Rusiyadakı miqrant kütləsinin əksər qismi keçmiş sovet respublikalarının Rusiyaya qazanc dalınca gələn vətəndaşlarıdır.

Oktyabrın sonlarında İstintaq Komitəsinin rəhbəri Alekdsandr Bastrıkin Rusiya pasportu alan, amma Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantların vətəndaşlıqdan məhrum edilməsinıə dair təklif vermişdi:

"Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyatda iştiraka cəlb etmək lazımdır. Əgər kimsə Rusiya Federasiyası vətəndaşı olaraq öz hərbi borcunu yerinə yetirməyə hazır deyilsə, belə adamın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmək lazımdır”.

Hüquq müdafiəçisi Valentina Çupik 2022-ci ilin oktyabrında bildirmişdi ki, Moskvadakı Saxarovo miqrasiya mərkəzində miqrantlara müharibədə iştirak üçün kontraktlar imzaladırlar.

2023-cü ilin avqustunda isə Rusiyanın bir sıra regionlarında hüquq-mühafizə işçilərinin reydlər keçirərək Rusiya pasportu almış, amma hərbi uçota dayanmamış kişiləri axtardıqları xəbər verilmişdi.

XS
SM
MD
LG