Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:00

Armen Qriqoryan: Sülh prosesində müsbət dinamika var, amma...


Armen Qriqoryan
Armen Qriqoryan

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsinə səylərini davam etdirir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan televiziyasına müsahibəsində deyib.

Qriqoryan bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşünün keçirilməsi məsələsi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono arasında danışıqların əsas mövzusu olub.

Azatutyun yazır ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun belə bir görüşə hazır olub-olmadığına dair məlumat yoxdur.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu da deyib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsinə dair son təkliflərinə cavab verib.

O prosesdə “müsbət dinamikanın" olduğunu vurğulayıb.

Son aylarda Azərbaycan ABŞ və Avropa İttifaqının vasitəçilyi ilə bir sıra görüşlərdən imtina etdikdən sonra üzbəüz danışıqlar prosesi faktiki olaraq dayanıb.

Delimitasiya ilə bağlı daha bir görüş olacaq

Qriqoryan bunu da bildirib ki, tərəflər sərhədin delimitasiyası ilə bağlı daha bir görüşün keçirilməsinə razılaşıblar:

"Biz hazırda Azərbaycandan cavab gözləyirik. Biz hazırkı dinamikanı müsbət qiymətləndiririk, amma şifahi danışıqlar zamanı razılığa gəldiyimiz, lakin sülh müqaviləsinin mətnində reqres gördüyümüz bir sıra məsələlər var”.

Qriqoryan ümid etdiyini bildirib ki, iki ölkə arasında sülh müqaviləsi mümkün qədər tez imzalanacaq:

"Danışıqlar masası üstündə olanlar və Ermənistanın təklifləri Ermənistanın təhlükəsizliyinə qarantiya verir”.

Bundan əvvəl Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev demişdi ki, sülh müqaviləsinin mətni üzərində prosesdə “əhəmiyyətli irəliləyiş” var.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib.

XS
SM
MD
LG