Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:52

Ermənistan sülh müqaviləsi imzalamaq üçün konstitusiyasını dəyişməlidirmi?


Daşnaksutyun partiyasından deputat Geğam Manukyan
Daşnaksutyun partiyasından deputat Geğam Manukyan

"Ermənistan ölkə Konstitusiyasından yüksəkdə olan hər hansı sənədi imzalaya bilməz”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu müxalif Daşnaksutyun partiyasından millət vəkili Geğam Manukyan fevralın 9-da parlamentdə deyib.

Belə görünür ki, Manukyan “sənəd” deyəndə ilk növbədə Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsini nəzərdə tutub.

O deyib ki, Nikol Paşinyanın hökuməti Azərbaycanın tələbi ilə konstitusiyanı məhz bu məqsədlə dəyişməyə çalışır. Manukyan bildirib ki, hakimiyyət konstitusiyadan Qarabağa aid müddəanın çıxarılmasını istəyir.

Paşinyan demişdi ki...

Paşinyan bu həftənin əvvəlində Bakı və Yerevan arasında sülh müqaviləsində artıq razılaşdırılmış maddədən danışmışdı:

"Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Paşinyan ötən həftə yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Manukyan isə deyib ki, konstitusiyadan onun Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən sənədə istinad çıxarıldıqdan sonra Konstitusiya Məhkəməsi Azərbaycanla müqavilənin ana qanuna uyğunluğu məsələsini sual edə bilməyəcək.

Heç referendum da ləğv edə bilməz?

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Yeri gəlmişkən o vaxt ən ali instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı dərhal ləğv etmişdi.

Bundan başqa 1995-ci ildə qəbul edilmiş indiki Ermənistan Konstitsuiyasının preambul hissəsində habelə dünya birliyinə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmsına çağırış edilir.

Müxalifətçi deputat iddia edib ki, Konstitusiya Məhkəməsinin qərarına görə Konstitusiyanın birinci maddəsi – preambulu heç referendum vasitəsilə də ləğv oluna bilməz.

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Ziddiyyət

Hakim partiyadan deputat Vladimir Vardanyan deyib ki, hər hansı beynəlxalq sənəd imzalanandan, Konstitusiya Məhkəməsi tərəfindən bəyan edildikdən və Milli Məclis tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minir.

Amma Vardanyan vurğulayıb ki, beynəlxalq müqavilələr və milli qanunlar tamamilə əlahiddə sferalarda qüvvəyə malikdirlər.

O qeyd edib ki, bu məsələyə belə diqqət verilməsi, bir daha beynəlxalq qanundan aralanmaq cəhdidir.

Azatutyun yazır ki, ziddiyyətə aydınlıq gətirilməsi üçün beynəlxalq hüquq eksperti Ara Hzmalyana müraciət edib. Ekpsert bu barədə deyib:

“Bu, beynəlxalq qanunun əsas prinsipidir ki, hər hansı dövlət beynəlxalq razılaşma üzrə öhdəliklərini yerinə yetirməmək məqsədilə, Konstitusiya da daxil yerli qanunlara istinad edə bilməz. Amma bu da faktdır ki, hər bir beynəlxlaq razılaşma ratifikasiya olunmalıdır və o Konstitusiyaya ziddirsə ratifikasiya oluna bilməz”.

Azatutyun xatırladır ki, Ermənistanda bu barədə qızğın mübahisələrin getməsinə rəğmən ölkənin yeni konstitusiya layihəsinin təqdim edilib-edilməyəcəyi məlum deyil.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG