Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:53

'Nə Rusiya, nə də Qərb Ukrayna savaşının necə bitəcəyini bilir'


"Ukraynanın Qərbdəki müttəfiqlərinin planları tam aydın deyil"
"Ukraynanın Qərbdəki müttəfiqlərinin planları tam aydın deyil"

Jurnalist və təhlilçi Anna Arutyunyan CNN üçün yazdığı rəyində Rusiya-Ukrayna müharibəsinin nəticələrinə dair gözləntiləri dartışıb.

Üzümüzə gələn yayda İsveçrə Ukrayna sülh sammitinə ev sahibliyi edəcək. Ukrayna prezidenti Volodimir Zelenski sammitin onun ölkəsini gücləndirəcəyinə ümid bəsləyir. Ancaq savaşın üçüncü ilində daha bir sammitin dönüş yaradacağı gözlənilmir. Əsasən ona görə ki, artıq tərəflərdən heç birinin indi qələbənin nə demək olduğu və ona necə çatacağı haqda aydın təsəvvürü yoxdur.

Rusiya prezidenti Vladimir Putinin Ukraynanı tam zəbt etmək niyyəti gündəmdə qalsa da, Kreml öz məqsədlərini, iki il öncə "xüsusi hərbi əməliyyat"a başladığı zaman olduğu kimi, dumanlı saxlayır.

"Biz məqsədlərimizə çatanda - Ukraynanın denasifikasiyası və hərbisizləşdirilməsi, tərəfsiz statusu gerçəkləşəndə sülh olacaq", - Putin dekabrda deyib. Bu, həm də hər şey və heç nə deməkdir və Kremlin istədiyi istənilən tərəfə yozula bilər.

Rusiya prezidenti Vladimir Putin Moskvada görüşü zamanı müdafiə naziri Sergey Şoyqunu dinləyir.
Rusiya prezidenti Vladimir Putin Moskvada görüşü zamanı müdafiə naziri Sergey Şoyqunu dinləyir.

"Proksi-savaş aparırlar?"

Müəllifin fikrincə, Qərb siyasətçiləri Kremlin niyyətləri barədə mühakimə yürüdərkən onun sözlərinə deyil, hərəkətlərinə fikir versələr, daha müdrikcə davranarlar. Rusiyanın hərb maşını bir il öncəkinə nisbətən daha yaxşı durumda olsa da, Kiyevi ələ keçirmək gücündə deyil. Kreml savaşın ilk günlərində buna çalışdı, amma 2022-ci ilin ortalarından bəri diqqətini şərq istiqamətində ərazilər tutmağa yönəltdi.

Moskva 2022-ci ilin sentyabrında Ukraynanın Luqansk, Donetsk və Xerson bölgələrini qanunsuz ilhaq edəndən sonra, əsasən, bu bölgələrin ərazilərini tam ələ keçirməyə çalışmaqdadır.

"Xüsusi hərbi əməliyyat Ukraynaya qarşı əməliyyat kimi başlanıb. [Ancaq] zaman keçdikcə o, kollektiv Qərbə qarşı müharibə şəklini alıb", - Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda belə deyib.

Sözügedən məqalədə deyilir ki, Ukraynanın Qərbdəki müttəfiqlərinin planları tam aydın deyil: "ABŞ, AB və Britaniya Ukraynaya öz ərazisini qorumasından ötrü məhdud ölçüdə yardım göstərir (əslində, belədir), yoxsa gerçəkdən Putin Rusiyasını məğlub etmək üçün proksi-müharibə aparırlar (deməklərindən belə çıxır)?".

Kreml kimi Ukraynanın Qərb müttəfiqləri də öz məqsədlərini aydın dilə gətirmirlər. Onlar Rusiyanı yenməkdən danışır, ancaq yenilginin nə demək olduğunu açıqlamırlar. "Bu strateji qeyri-müəyyənlik əslində Qərb güclərini Moskvanın baxış bucağından zəif göstərir", - məqalədə deyilir.

Fransa prezidenti Emmanuel Makron Orleandakı hərbi bazanı nəzərdən keçirir.
Fransa prezidenti Emmanuel Makron Orleandakı hərbi bazanı nəzərdən keçirir.

"Ən kəskin problem odur ki..."

Müttəfiqlərin təklif etmək niyyətində və iqtidarında olduğu hərbi dəstək Ukraynanın ən çox əziyyət çəkdiyi nöqtədə - canlı qüvvə məsələsində dirənib qalır. Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda Ukraynaya qoşun göndərilməsinin istisna edilmədiyini desə də, NATO gücləri belə destruktiv addıma ciddi baxmır.

Ukraynada isə problem qalmaqdadır. "Ən kəskin problem odur ki, hər bir [hərbi] birlikdə insan çatışmır", - bir ukraynalı komandirin bu yaxılarda söylədiyi sözlərdir.

Ötən ay Zelenski Ukraynanın öz məqsədlərinə yetişməsi üçün daha 500 min əsgərə ehtiyac duyması haqda deyilənlərin yaratdığı ziddiyyətlər fonunda Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Di gəl, nə ordunun sayını artırıb, nə də hərbi məqsədləri kiçildib.

Başqa bir məsələ də var: Rusiya qoşunlarını 2022-ci il fevralın 24-dən əvvəlki mövqelərinə itələmək bir şeydir, Donetsk, Luqansk və on ildir işğal etdikləri Krım ərazilərindən de-fakto rus administrasiyalarını sıxışdırıb çıxarmaqsa tamam başqa məsələdir.

Müəllifin fikrincə, Ukraynanın Qərb müttəfiqləri bu reallıqları görmür.

XS
SM
MD
LG