Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:00

Hindistan supergüc ola bilərmi?


Hindistanın baş naziri Narendra Modi Yeni Dehlidə Respublika Günü paradında
Hindistanın baş naziri Narendra Modi Yeni Dehlidə Respublika Günü paradında

Cəmi bir gündən sonra Hindistanda dünyanın ən böyük demokratik seçkisi başlanacaq. Bir milyard 400 milyon nəfər əhalisi olan ölkədə 960 milyon seçici aprelin 19-da başlayacaq və bir aydan çox sürəcək seçkidə səs verəcək. CNN yazır ki, Narendra Modinin üçüncü müddətə baş nazir seçiləcəyi gözlənilir.

Modinin rəhbərliyi ilə Hindistan XXI əsrin iqtisadi güc mərkəzlərindən birinə çevrilməkdə, investorları və təchizat zəncirində riskləri azaltmağa çalışan istehsalçıları cəlb etmək baxımından Çinə gerçək alternativ olmaqdadır.

Pekinlə Qərb arasında münasibətlərin get-gedə gərilməsi fonunda dünyanın əsas iqtisadi gücləri ilə sağlam münasibətləri olan Hindistan fəal şəkildə iri şirkətləri ölkədə zavod və fabriklər açmağa çağırır.

İldə 8 faizlik artım Hindistanı supergücə çevirəcək?

Modinin hakimiyyətdə olduğu 10 il ərzində Hindistan dörd pillə irəliləyərək iqtisadiyyatına görə dünyanın beşinci ən iri ölkəsinə çevrilib. Qarşıdakı illərdə ölkə iqtisadiyyatının ildə 6 faiz artacağı proqnozlaşdırılsa da, təhlilçilər hesablayıb ki, Hindistan iqtisadi supergüc olması üçün ildə azı 8 faizlik artımı hədəf götürməlidir.

Davamlı artım Hindistanı siyahıda daha yüksəyə qaldıra biləcək. Ölkənin 2027-ci ilədək ABŞ və Çindən sonra dünyanın üçüncü ölkəsinə çevriləcəyi proqnozlaşdırılır.

Ancaq Hindistan adambaşına ümumdaxili məhsulunu (ÜDM-i) artırmaqdan ötrü hələ çox iş görməlidir. Dünya Bankının 2022-ci il üçün məlumatına görə, yaşayış standartlarını əks etdirən bu göstərici baxımından, Hindistan 147-ci yeri tutub.

30 il öncə Çinin etdiyi kimi, Hindistan da yol, liman, hava və dəmir yolları tikintisinə milyardlarla dollar yatırımla nəhəng infrastruktur transformasiyasına başlamaqdadır. Özəl investorlarsa burada dünyanın ən böyük yaşıl enerji stansiyasını tikirlər.

Təkcə builki federal büdcədə iqtisadi artımı böyütməyə 134 milyard dollarlıq sərmayə ayrılıb. Bunun nəticələrini ölkənin hər yerində gedən tikinti işlərində görmək olar. 2014-2023-cü illər arasında Hindistan milli magistral yol şəbəkəsinə daha 55 min kilometr yol əlavə edib. Bu, yolların toplam uzunluğunda 60 faiz artım deməkdir. İnfrastruktur tikintisinin iqtisadiyyata çoxlu faydaları var. İş yerlərinin açılması və biznes işlətməyin asanlaşdırılması bu faydalardan bəziləridir.

Morbi şəhərində lüminessent lampaların yığım xətti
Morbi şəhərində lüminessent lampaların yığım xətti

47 il yox, cəmi 6 il çəkən proses?

Son illərdə ölkə rəqəmsal dövlət infrastrukturu kimi tanınan, insanların həyatını və şirkətlərin işini önəmli dərəcədə yaxşılaşdıran bir sıra texnoloji platformalar da yaradıb.

Məsələn, 2009-cu ildə yaradılan "Aadhaar" proqramı milyonlarla hindistanlıya həyatlarında ilk dəfə şəxsiyyəti təsdiqləyən sənəd verib. Dünyanın ən iri biometrik məlumat bazası da hökumətin rifah layihələrində korrupsiyanı azaltmaqla milyonlarla dollara qənaətə yol açıb.

"Vahid ödəmə interfeysi" (UPI) adlanan başqa bir platforma isə istifadəçilərə QR kodları skan etməklə yerindəcə ödənişlərə imkan verir. Kafe sahiblərindən dilənçilərədək bütün kəsimlərdən olan hindistanlıların həvəslə işlətdiyi bu platforma milyonlarla dolların rəsmi iqtisadiyyata axmasına şərait yaradıb.

Ötən ilin sentyabrında Modi Dünya Bankının hesabatına dayanaraq deyib ki, rəqəmsal dövlət infrastrukturu sayəsində "Hindistan maliyyə inklüzivliyi ilə bağlı hədəflərinə cəmi 6 ildə nail çatıb, yoxsa bu proses, azı, 47… il çəkərdi".

Hindistanın iqtisadi inkişaf potensialı ilə bağlı həyəcan onun birja bazarında da əksini tapıb. Hindistan birjalarında təmsil edilən şirkətlərin dəyəri ötən il 4 trilyon dolları keçib.

İlon Mask açıqlayacaq?

Hindistanın iki əsas birjası var: Hindistan Milli Birjası (NSE) və keçmişdə Bombey Birjası kimi tanınan və Asiyanın ən qədim birjası olan BSE.

Dünya Birjalar Federasiyasının yanvar ayına olan bilgilərinə əsasən, NSE həm Şençjen, həm də Honq-Konq birjalarından önə çıxıb və dünyanın altıncı ən böyük birjasına çevrilib.

Pandemiya dövründə yaşanan çətinliklərdən sonra və Pekinlə Vaşinqton arasındakı gərginlik fonunda beynəlxalq şirkətlər öz müəssisələrini Çindən çəkərək diversifikasiya etməyə - şaxələndirməyə çalışır. Modi hökuməti bu tendensiyadan fəal şəkildə yararlanmağa çalışır.

Bu səylər nəticəsində dünyanın iri şirkətləri, o sıradan "Apple"ın təchizatçısı "Foxconn" Hindistandakı fəaliyyətini genişləndirməyə başlayıb.

Milyarder İlon Mask ötən həftə X-də Hindistanda Modi ilə görüşünü "səbirsizliklə" gözlədiyini deyib. "Tesla" rəhbərinin tezliklə Hindistana irihəcmli sərmayə yatıracağını elan edəcəyi gözlənilir.

"Canalys" bazar araşdırmaları şirkətinin məlumatına görə, gələn ilin sonuna doğru "iPhone"ların 23 faizi Hindistanda istehsal olunacaq. Bu, 2022-ci illə müqayisədə 6 faizlik artım deməkdir.

Təhlilçilər bu strategiya dəyişikliyini Modi üçün böyük uğur adlandırırlar. "Apple" kimi texnologiya nəhəngi ilə istehsalat bağlarının artması digər iri qlobal oyunçuları da Hindistanın elektron istehsalçılar ekosisteminə cəlb edəcək.

Assam ştatında insanlar evlərinə getmək üçün ağzınacan dolu avtobusun damına çıxırlar
Assam ştatında insanlar evlərinə getmək üçün ağzınacan dolu avtobusun damına çıxırlar

Dünyanın ən gənc əhalisi olan ölkəsi

Bütün bunlarla yanaşı, Hindistanın iqtisadiyyatı da demokratiyası kimi hələ çox uzun yol qət etməlidir. Yenidən seçilərsə, Modi hələ də, əsasən, yoxsul yaşayan əhali üçün yüz milyonlarla iş yeri yaratmalı olacaq.

Orta yaşın 29 il olduğu Hindistan dünyanın ən gənc əhaliyə malik ölkələrindəndir. Ancaq ölkə hələ özünün çoxsaylı gənc əhalisindən iqtisadi fayda götürə bilməyib.

Beynəlxalq Əmək Təşkilatının ötən ay dərc etdiyi hesabatına görə, yaşı 15-29 arasında olan təhsilli hindistanlıların işsiz qalmaq ehtimalı heç bir təhsili olmayanlardan, yəni yazıb-oxuya bilməyənlərdən 39 faiz daha çoxdur: "Bu isə onların gözləntiləri ilə mövcud iş yerləri arasındakı uyğunsuzluğu göz önünə sərir".

Hesabatda deyilir ki, hazırda Hindistanda gənclər arasında işsizlik həddi dünya ortalamasından yüksəkdir.

XS
SM
MD
LG