Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:44

Ukrayna kəşfiyyatının başçısı: 'Rusiyalıların hücumu elə də uğurlu deyil'


Ukrayna Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat idarəsinin (GUR) rəisi Kirill Budanov
Ukrayna Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat idarəsinin (GUR) rəisi Kirill Budanov

Ukrayna Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat idarəsinin (GUR) rəisi Kirill Budanov bildirib ki, Xarkov vilayətində vəziyyətin “gərgin və dəyişkən” olmasına baxmayaraq ümumilikdə Rusiya ordusu iddia etdiyinə rəğmən “əhəmiyyətli uğurlar” qazana bilməyib.

Budanov Ukrayna televiziyasına müsahibəsində hesab etdiyini bildirib ki, Rusiya qoşunlarını hazırda ələ keçirdikləri hüdudlarda dayandırmaq və daha sonra Ukrayna ərazisindən çıxarmaq mümkün olacaq.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri bunu da deyib ki, Rusiya hərbçiləri Sumı vilayətində Xarkov istiqamətindəkinə bənzər hücum əməliyyatına başlaya bilməyib.

Onun sözlərinə görə Rusiya ordusu belə bir hücuma hazırlaşırdı, çünki Sumı vilayətinin sərhədinə “kiçik qruplaşma” gətirmişdi.

Rusiya tərəfi mayın 14-də Xarkov vilayətindəki Volçansk şəhərinin qərb və şimal hissələrini ələ keçirdiyini bildirib. Burada artıq bir neçə gündür ki, şiddətli döyüşlər davam edir.

Ukrayna tərəfi bildirir ki, Volçansk şəhəri ərazisində vəziyyət “nəzarət altındadır”.

ABŞ hərbi ekspertləri: Rusiya bufer zonası yaratmaq istəyir

Bu arada ABŞ-da Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertləri hesab etdiklərini bildiriblər ki, Rusiya Xarkov vilayətində Ukrayna ərazisinə dərin müdaxilə etməyə yox, Rusiya sərhədi boyunca “bufer zonası” yaratmağa çalışır.

ISW ekspertlərinin fikrincə, bunu Rusiya qoşunlarının Volçansk istiqamətindəki hücumunun tempi də göstərir.

Mayın 13-də Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirmişdi ki, Rusiya ordusu Ukrayna hərbçilərini onların olduqları bütün mövqelərdən vurub çıxarmaq cəhdlərindən əl çəkmir.

Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleh Sinehubov mayın 13-də bildirmişdi ki, rusiyalılar kiçik qruplarla müxtəlif istiqamətlərdə hücumlar edərək Ukrayna ordusunun müdafiə xəttini seyrəltməyə cəhdlər göstərir.

Ukrayna tərəfi ötən sutka ərzində Rusiya qoşunlarının 148 hücumunun dəf edildiyini bildirib.

Rusiyalılar yenə də yaşayış binasını vurublar

Rusiya hərbçiləri mayın 14-də Xarkov şəhərinə raket zərbələri endiriblər. Nəticədə 12 yaşlı oğlan və 8 yaşlı qız uşağı da daxil 17 nəfər yaralanıb.

Zərbənin 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsinə, habelə yaxınlıqdakı qarajlara endirildiyi deyilir.

Xarkov şəhərinin meri İqor Terexov zərbənin ardınca onadək qarajda yanğın olduğunu deyib.

Rusiyanın son hücumu əsnasında Xarkov vilayətinin yaşayış məntəqələri daim atəşə tutulur.

Rusiya qoşunları hazırda Volçansk şəhərinə yaxınlaşıb. Ukrayna qüvvələri bu şəhəri 2022-ci ilin payızında işğaldan azad etmişdilər.

Terexov aprelin əvvəllərində demişdi ki, Rusiyanın raket zərbələri nəticəsində Xarkovun demək olar bütün dövlət və özəl enerji infrastrukturu dağıdılıb.

Ukrayna tərəfinin məlumatına görə Rusiya vilayətin bombardmanı üçün S-300 raketlərindən, dronlardan və idarə olunan aviasiya bombalarından istifadə edir.

XS
SM
MD
LG