Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:31

'Gürcüstan hökuməti Moskvaya üz tutur'


Parlament binasına gedən yolu bağlayan polis qarşısında Gürcüstan və AB bayraqlarına bürünən nümayişçi.
Parlament binasına gedən yolu bağlayan polis qarşısında Gürcüstan və AB bayraqlarına bürünən nümayişçi.

Gürcüstanda yüz minlərlə insan həftələrdir küçələrə çıxaraq hökumətin avtoritarizmə yol açan "xarici agent" qanununu qəbul etməsinə etirazını bildirir.

Maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan QHT və media qurumlarının "xarici təsir agenti" kimi qeydiyyatdan keçməsini tələb edən bu qanun layihəsi 2012-ci ildə Rusiyada Vladimir Putinin prezidentliyinə qarşı etirazlara cavab olaraq qəbul edilən qanunun bənzəridir. Putin bu qanundan vətəndaş cəmiyyətini, müstəqil media və siyasi müxalifəti bölüb-parçalamaq üçün yararlanıb. Belarusda və bu yaxınlarda Qırğızıstanda da eyni şey baş verib.

Azı, 40 universitetin tələbələri tətil elan edərək etirazlara qoşulublar

CNN-in dərc etdiyi rəydə deyilir ki, bu yeni qanun Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətlərini sabotaj etmək, əhalini parçalamaq və hakim partiyanın hakimiyyətdə qalmasını təmin etmək istiqamətində razılaşdırılmış səylərin ən sonuncusudur.

Tbilisidəki İlya Dövlət Universitetinin dövlət siyasəti üzrə professoru Hans Qutbrod deyir ki, bu "istədiyin adamı repressiyaya məruz qoy" qanunu hökumətə xarici təsirlə əlaqəsi olduğunu iddia etdiyi istənilən şəxsi izləmək və istənilən vətəndaş, yaxud qurumdan ən özəl informasiyanı, o cümlədən e-mail-ə çıxışı tələb etmək gücü verəcək.

Millət vəkilləri qanun layihəsini qəbul ediblər. Gözlənildiyi kimi, bir neçə gün sonra prezident Salome Zurabişvili qanuna veto qoyub və onu "qeyri-konstitusion" adlandırıb. O, mahiyyəti və ruhu baxımından "rus qanunu" adlandırdığı bu qanunun ölkənin Avropa Birliyi üzvlüyünü əngəllədiyini söyləyib. Di gəl, parlament səsvermə ilə prezidentin vetosunu ləğv edib.

Baş nazir İrakli Kobaxidze və prezident Salome Zurabişvili Tbilisidə Müstəqillik Günü mərasimindən sonra tribunanı tərk edirlər.
Baş nazir İrakli Kobaxidze və prezident Salome Zurabişvili Tbilisidə Müstəqillik Günü mərasimindən sonra tribunanı tərk edirlər.

Bununla belə, gürcülər təslim olmurlar. Çoxu müstəqil Gürcüstanda doğulan və gələcəyini Avropanın yanında görən Z nəslindən olan etirazçılar son 15 ildə görünməmiş miqyasda nümayişlər keçirirlər.

Buna zorakılıqla cavab verən çevik polis alayı gözyaşardıcı qaz, rezin güllə, su şırnağı, səs qumbarası və çılpaq yumruqdan faydalansa da, nəticə əldə edə bilməyib. Əvəzində etirazçıların sayı və narazılığı daha da artıb.

Ancaq hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri milyarder Bidzina İvanişvilinin ehtiyaclarını ödəmək üçün hazırlanmış daha bir qanun layihəsi var. Ötən ay onun partiyası tez-tələsik xaricdəki kapitalın Gürcüstana gətirilməsini asanlaşdıran yeni qanun layihəsi hazırlayıb. Xarici agent qanununda olduğu kimi, bu qanunun da müəllifləri onun şəffaflığa xidmət etdiyini iddia edirlər.

İvanişvili və dəstəsi öz populizm ənənələrinə sadiq qalaraq dezinformasiya yayırlar. "Gürcü Arzusu" QHT və etirazçıların Qərbin maliyyələşdirdiyi "qlobal müharibə partiyası"nın təxribatçıları olması, Ukrayna müharibəsində ikinci cəbhə açaraq Gürcüstanı Rusiyaya yem etmək üçün rejimi dəyişməyə çalışması haqda yalan məlumat yayır.

Ötən ay "Gürcü Arzusu"nun parlamentdəki rəhbəri Mamuka Mdinaradze iddia edib ki, Qərb QHT-ləri Gürcüstanın məhkəmə sistemini gözdən salmaq, psevdo-liberal ideologiyanı yaymaq, "üzdəniraq" LGBT təbliğatı aparmaq və xalqın gürcü ortodoks kilsəsinə inamını zəiflətmək üçün "sovet tərzində" kampaniya aparır.

"Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili, "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze Tbilisidə "xarici agentlər" haqqında qanun layihəsinə dəstək mitinqində.
"Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili, "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze Tbilisidə "xarici agentlər" haqqında qanun layihəsinə dəstək mitinqində.

"Onlar özlərini avropalı sayır və… qorxmurlar"

Ötən həftə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Tbilisiyə səfər edən zaman İvanişvili onunla görüşməkdən boyun qaçıraraq "biz xaricdən gələn sovet tərzi təlimatlara boyun əymirik" deyib. Ancaq o, Gürcüstan torpaqlarının 20 faizini işğal altında saxlayan Rusiya haqqında buna bənzər heç nə söyləməyib.

Yazının müəllifi Uill Katkart qeyd edir ki, Gürcüstan hökuməti dəyişib və ABŞ-ın siyasəti bu dəyişikliyi əks etdirməzsə, demokratiya tərəfdarları bunun ciddi nəticələri ilə üzləşməli olacaqlar.

Gürcüstan xalqının 80 faizə qədəri 20 ildən çoxdur NATO və Avropa İttifaqına qoşulmağın tərəfdarıdır. Buna cavab olaraq, ABŞ Gürcüstanı kəşfiyyat bilgiləri, eləcə də birgə hərbi təlimlər, antiterror əməliyyatları, korrupsiyaya qarşı fəaliyyətin koordinasiyasını aparmaq üçün resurslarla və 6 milyard dollarlıq investisiya ilə təmin edib.

"Strateji tərəfdaş olsalar da, Brüssel və Vaşinqton artıq Gürcüstana güvənə bilmir. Gürcüstan artıq Qərb rəsmiləri üçün güvənli yer deyil. İndiki durumdan yalnız Moskva bəhrələnir", - məqalənin müəllifi belə yazır.

Məqalədə deyilir ki, "xarici agent" qanunu daha dərin məsələnin – pul məsələsinin simptomudur. İvanişvilinin siyasi yatırımları, yaxın dost və keçmiş işçilərini ən yüksək hökumət vəzifələrinə təyin etməsi onların Gürcüstan xalqına deyil, İvanişviliyə sədaqətini təmin edir. Müəllif ABŞ və AB siyasətinin bu reallığı əks etdirməli olduğunu yazır.

"Gürcüstan hökuməti Qərbdən üz döndərib, gürcü xalqı isə yox. Avtoritar təqib və sistem zorakılığının basqısı Gürcüstanın gənc etirazçılarını … bərkidib. Onlar mütəşəkkil və nikbindirlər. Onlar özlərini avropalı sayırlar. Və onlar qorxmurlar. …Gürcüstanın demokratik gələcəyi onların əlindədir", - məqalədə əksini tapan sözlərdir.

XS
SM
MD
LG