Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:37

Rusiyaya qarşı yeni sanksiyalar: Müğənni Qaqarinadan 'gizli' məmur arvadına qədər


Polina Qaqarina
Polina Qaqarina

Avropa İttifaqı ölkələrinin səfirləri iyunun 20-də Moskvanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinə cavab olaraq Rusiyaya qarşı sanksiyaların 14-cü paketinə dair razılaşma əldə ediblər.

Bu barədə məlumatı AzadlıqRadiosunun Brüsseldəki müxbiri Rikard Yozvyak verib.

Məlumatda deyilir ki, bu paket mövcud sanksiyaların icrasının gücləndirilməsi və onlardan yan keçilməsi üçün dolayısı yolların bloklanması məqsədi güdür.

EUobserver saytı sənədin qaralama variantına istinadla yazır ki, yeni sanksiya paketi Rusiya maye qazının sanksiyalardan yayınmaq məqsədilə bir nəqliyyat vasitəsindən başqasına yüklənməsinə və helium ixracına qadağan qoyur, habelə Rusiyanın ikili təyinatlı texnologiyalara çıxışını, Ukraynadan oğurlanmış incəsənət əsərlərinin ticarətini maksimum məhdudlaşdırır.

Financial Times qəzetinin məlumatına görə may ayında Rusiya son iki ildə Avropaya qaz ixracının həcmlərinə görə ilk dəfə olaraq ABŞ-ı geridə qoyub.

Buna görə də Rusiya maye qazının və neftinin daşınmalarına məhdudiyyətlərin qoyulacağı gözlənilir.

Müğənni Qaqarina da siyahıdadır

Yeni sanksiyalara görə “qara siyahıya” 22 hüquqi və 20 fiziki şəxsin adları əlavə olunacaq.

Bunların arasında məşhur müğənni Polina Qaqarina da var. Onun adı sanksiya siyahısına kremlyönlü tədbirlərdə iştirakına görə daxil edilib.

Bundan başqa sanksiya siyahısına Ulyanovsk cihazqayırma konstruktor bürosunun direktoru Aleksandr Voyt, biznesmen, “Rusiya mis şirkətinin” təsisçisi İqor Altuşkin, qondarma “Luqansk Xalq Respublikasının” Rusiyadakı “səfiri” Rodion Miroşnik, Barnaultransmaş şirkətinin baş direktoru Viktor Silivakin, İnternetin inkişafı institutunun rəhbəri Aleksey Qoreslavski və tikinti nazirinin müavinləri salınıblar.

Xəbər verilir ki, sanksiya siyahısına biznesmen Roman Trotsenko da salına bilər. Bu milyarderin şirkətləri Rusiya büdcəsinə daxilolmaların mühüm mənbəyi hesab olunur.

Sanksiya layihəsində habelə Şimali Osetiyadan olan biznesmen Taymuraz Bolloyevin və Yelena Milskayanın adları var. Bolloyev Carlsberg Group şirkətinin aktivləri milliləşdirildikdən sonra Baltika şirkətinin baş direktoru olub.

O Avropa şirkətlərinin Rusiyadakı aktivlərinin mənimsənilməsinə görə cəzalandırılan ilk rusiyalı biznesmendir.

Nazirin “gizli arvadı”

Milskayaya gəlincə o “Arxistratiq Mixail” fondunun prezidenti, “Müqəddəs Böyük Vasili” fondunun baş direktoru və itkin və zərər çəkmiş uşaqlara milli yardım mərkəzinin hamilər şurasının sədridir.

Rusiya jurnalistlərinin “Proyekt” layihəsinin məlumatına görə Milskaya Fövqəladə Hallar Xidmətinin başçısı Aleksandr Kurenkovun gizli arvadıdır.

Hesab edilir ki, onun təşkilatı işğal olunmuş ərazilərdən Ukrayna uşaqlarının aparılmasına bağlı ola bilər.

Sanksiya siyahısına daxil edilməsi gözlənilən hüquqi şəxslər arasında partlayıcı maddələr istehsal edən “Spetsximiya” hərbi sənaye şirkəti, aviasiya üçün ehtiyat hissələri hazırlayan Mayak maşınqayırma zavodu və başqa qurumlar var.

XS
SM
MD
LG