Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:33

Paşinyan Avropa İttifaqı üzvlüyü barədə nə deyib?


Nikol Paşinyan
Nikol Paşinyan

"Mənim bu suala cavabım yoxdur: Avropa İttifaqı Ermənistana nə dərəcədə yaxındır?”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyan Ermənistanın Aİ üzvlüyü barədə suala cavab verərkən deyib:

“Ermənistan Demokratiya Forumunda” çıxış edən Nikol Paşinyan Aİ üzvlüyünə dair referendumun keçirilməsinə çağıran dörd siyasi partiyaya müraciətlə deyib ki, referendum keçirilməsi üçün əvvəlcə kampaniya aparılmalı, vətəndaşların bu barədə suallarına cavab verilməlidir:

"Onlar deyəcəklər: Siz elan etmisiniz ki, Ermənistan Avropa İttifaqına onun istədiyi qədər yaxın olmağa hazırdır. Onda sual yaranır: Avropa İttifaqı buna necə hazırdır? Mən bu suala bugün cavab verə bilərəmmi? Yox, cavab verə bilmərəm”.

Baş nazir əlavə edib ki, bugün Aİ-də proseslər gedir və Ermənistan bu prosesləri təhlil etməlidir.

“Onda gərək mən baş nazir olmayayadım”

Ermənistan vətəndaşlarının Aİ üzvlüyünə münasibətindən danışan Paşinyan deyib ki, o bu münasibəti bilməsəydi, Avropa Parlamentinin kürsüsündən elə bəyanat verməzdi:

"Mən əgər Ermənistan Respublikasındakı şəraiti nəzərə alaraq belə bir bəyanat verməsəydim, ondan sonra Ermənistanın baş naziri ola bilməzdim”.

2023-cü ilin oktyabrında Avropa Parlamentində çıxış edən Paşinyan demişdi ki, “Ermənistan Avropa İttifaqına bu ittifaqın mümkün saydığı qədər yaxın olmağa hazırdır”.

Lakin həmin çıxışdan sonra, bu ilin aprelində Avropa Parlamenti Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərə dair qətnamə qəbul edib.

Həmin qətnamədə Avropa Komissiyasına və Avropa Şurasına Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına dəstək verilməsinə çağırış edilir.

Paşinyan həmin qətnamə haqqında da demişdi ki, bu sənəd ictimaiyyətin müzakirəsinə verilməlidir.

XS
SM
MD
LG