Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:05

Flora Kərimova 30 min manat tələb edir


Flora Kərimova
Flora Kərimova

Xalq artisti Flora Kərimova onu əməliyyat etmiş həkimdən və əməliyyatın aparıldığı klinikadan 30 min manat pul tələb edir. Müğənninin iddiasına görə, televerilişlərin birində tanış olduğu Sevinc Heydərova öz reklamından ötrü onun sağlamlığına ciddi ziyan vurub: "Məni inandırdı ki, göz ətrafında plastik əməliyyata ehtiyacım var. Özü də könüllü şəkildə əməliyyata ödənilməli məbləğdən imtina elədi. Əməliyyat onun iş karyerasına böyük təkan olacaq, daha geniş auditoriyada tanıdacaqdı. Özünüreklam üçün mənim sağlamlığıma ziyan vurdu".

"International Medical Centre"də müğənninin hər iki gözünün ətrafında əməliyyat aparılıb. O, əməliyyatdan sonra kipriklərinin tökülməsindən, gözlərinin əyilib eybəcərləşməsindən şikayətlənir. Təkrar əməliyyata ehtiyac duyduğunu söyləyən F.Kərimova deyir ki, xaricdə bu əməliyyatın qiyməti 30 min manatdır və bu üzdən həmin pulu klinika və həkimdən tələb edir. O, məhkəmədə də 30 min manatlıq tələblə iddia qaldırıb.

Xalq artistinin 83 yaşı var və daha bir iddiası budur ki, onu əməliyyat edən S.Heydərovanın gerçək ixtisası cərrah deyil, fizioloqdur. Dediyinə görə, bu məlumatı da əməliyyatdan sonra bilib.

Bakıda qadınlar da burnunu kəsdirir, kişilər də
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Sənədlərdə göstərilib ki...

İstər klinika, istərsə həkim F.Kərimovanın iddialarını qəbul etmir. Klinikanın nümayəndəsi də, S.Heydərova da müğənninin səsləndirdiyi ittihamların əsassız olduğunu deyirlər.

Təhsili, ixtisası barədə məhkəməyə sənədlər təqdim edən həkim F.Kərimovanın ona böhtan atdığını bildirib. Sənədlərdə göstərilib ki, S.Heydərova 2009-cu ildə Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsini bitirib və öncə həkim-nevropatoloq işləsə də, 2021-ci ildə həkimlərin sertifikasiyasından keçərək plastik cərrah kimi fəaliyyət göstərməyə icazə alıb.

Klinikanın arayışında isə yazılıb ki, F.Kərimova onlara üz tutarkən əvvəllər bir neçə dəfə müxtəlif həkimlərin onun göz qapağını əməliyyat etdiyini, sonradan fəsadlar yarandığını söyləyib. Onlardan elə həmin fəsadların aradan qaldırılmasını istəyib.

Bu mübahisəyə təxminən bir il ərzində Nəsimi rayon Məhkəməsində baxılıb. Məhkəmə dövründə ekspertiza təyin edilib. Ekspertlər göz qapaqlarında əməliyyatdan sonra çapıq toxuması, alt göz qapaqlarında dəri defekti, üz nahiyəsində asimmetriyanın olduğunu müəyyənləşdirib. Di gəl, F.Kərimova öncə də, sonra da bir neçə dəfə əməliyyat keçirdiyindən bu fəsadların hansı əməliyyatdan sonra yarandığını aydınlaşdırmaq mümkün olmayıb.

Ekspertizanın rəyi

"Pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verdiyini söyləmək mümkün deyil", - ekspertizanın rəyi belədir ("turqorluq" deyərkən, dərinin çox su çəkərək şişkin olması, öz su miqdarının azalması nəzərdə tutulur – red.).

Bu rəyə dayanan hakim bir il sürən məhkəmə araşdırmalarının sonunda F.Kərimovanın 30 minlik iddiasını rədd edib. Qərardan narazı qalan müğənni apellyasiya şikayəti verəcək.

XS
SM
MD
LG