Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:21

Qohumları Qarabağda həlak olmuş hərbçilərin cənazələrinin Ermənistana gətirilməsini istəyirlər


Aksiyaçılar hökumət binasının qapısında
Aksiyaçılar hökumət binasının qapısında

Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyat zamanı həlak olmuş erməni hərbçilərin onlarca qohumu cənazələrin təkrar dəfn üçün Ermənistana gətirilməsi məqsədilə hökumətə müraciət ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan İstintaq Komitəsinin məlumatına istinadla yazır ki, Azərbaycanın 24 saat davam edən əməliyyatı zamanı azı 198 əsgər və Qarabağın 25 mülki sakini həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, bu əməliyyat zamanı 200-dək Azərbaycan hərbçisi həlak olub.

Azatutyun xatırladır ki, bu əməliyyat zamanı Azərbaycan hərbçiləri separatçı Qarabağın kiçik “özünümüdafiə ordusunun” döyüşçülərindən sayca qat-qat çox idilər.

Qayıdışa heç bir realist ümid olmadığına görə

Bu da qeyd olunur ki, Ermənistan Qarabağ separatçılarına dəstək vermədikdən sonra separatçı liderlər “özünümüdafiə ordusunu” buraxmağa razılaşmış və Bakıdan erməni əhalinin Ermənistana köçməsinə imkan yaradılmasını rica etmişdilər.

Bu köçkünlərin arasında separatçı ordunun həlak olmuş əsgərlərinin valideynləri, ailə üzvləri və başqa qohumları da vardı.

Azatutyun yazır ki, Qarabağa qayıdış üçün heç bir realist ümidi olmayan həmin şəxslər indi doğmalarının cənazələrinin təkrar dəfn üçün Ermənistana gətirilməsini istəyirlər.

Bakı və Yerevanın həll etməli olduqları məsələ

Onlar Qırmızı Xaç Komitəsinin Yerevan ofisindən qaneedici cavab ala bilmədikdən sonra baş nazirin ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Azatutyun yazır ki, hökumət binasının qarşısında keçirilən aksiyaya 2023-cü ilin sentyabrında qohumları itkin düşənlər də qoşulublar.

Bu da xəbər verilir ki, valideynlərdən bəzilərini binaya buraxıblar, lakin rəsmilərdən heç kəs onları qəbul etməyib. Onlara deyiblər ki, rəsmən yazılı müraciət etsinlər.

Qırmızı Xaç Komitəsi Yerevan nümayəndəliyinin başçısı Zara Amatuni deyib ki, təşkilat sırf humanitar məsələlərlə məşğuldur, amma cənazələrin Qarabağdan gətirilməsi Ermənistan və Azərbaycan hökumətləri arasında həll olunmalı məsələdir.

Azatutyun yazır ki, bu məsələnin Azərbaycan-Ermənistan danışıqlarının gündəliyində olub-olmaması məlum deyil.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG