Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:55

Almaniya büdcəsində Ukraynaya yardım yarıbayarı azaldılır


Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya müdafiə naziri Boris Pistorius (Arxiv fotosu)
Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya müdafiə naziri Boris Pistorius (Arxiv fotosu)

Almaniyada nazirlər kabineti 2025-ci il üçün ölkənin büdcə layihəsini təsdiqləyib. Bu barədə xəbəri Der Spiegel verir.

Reuters agentliyinin məlumatına görə büdcədə gələn il üçün Ukraynaya yardımlar 4 milyard avro nəzərdə tutulub. Halbuki builki büdcədə bu rəqəm 8 milyard avro idi.

Büdcədə ölkənin müdafiə xərcləri 1.3 milyard avro artırılaraq 53 milyard avroya çatdırılır.

Bu, müdafiə naziri Boris Pistoriusun planlaşdırdığından xeyli azdır.

2025-ci il üçün büdcə layihəsi daha sonra Bundestaqa göndəriləcək və son qərar noyabr ayında qəbul ediləcək.

Bu da xəbər verilir ki, büdcə layihəsinin imzalanması bir neçə ay müddətində uzanıb.

Reuters bunu hakim koalisiya daxilindəki partiyalar arasında fikir ayrılıqları ilə izah edir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı ölkələrini 2024-cü ildə Ukraynaya daha çox yardımlar göstərilməsinə çağırmışdı.

Şolts xatırladırdı ki, Berlin ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük donorudur. O demişdi ki, ölkəsi Ukraynaya lazım olduğu müddətdə kömək edəcək, amma bu işdə yalnız Almaniyanın töhfəsi yetərli deyil.

Trampın vitse-prezidentliyə namizədi

Almaniya ümid edir ki, Ukrayna öz hərbi xərclərinin böyük bir hissəsini ona veriləcək 50 milyard dollarlıq kreditlər hesabına həll edə biləcək.

Bundan əvvəl G7 qrupu Ukraynaya Rusiyanın dondurulmuş aktivləri hesabına məhz bu qədər vəsait ayrılacağına dair qərar qəbul etmişdi.

Rəsmilər bildirirdilər ki, Aİ liderləri belə bir kredit barədə qərarı ABŞ-da Tramp prezident seçilərsə, Ukraynanı vəsaitsiz qoymamaq üçün qəbul etmişdilər.

Reuters yazır ki, Trampın özünə vitse-prezident kimi senator C.D. Vensi seçməsi Avropa boyunca narahatlığa səbəb olub. O Ukraynaya hərbi yardımlar edilməsinin qəti əleyhdarı kimi tanınır.

Bundan başqa Tramp demişdi ki, ABŞ NATO qarşısında maliyyə öhdəliklərinə əməl etməyən ölkələri müdafiə etməyəcək.

Ukraynaya yardımlar Almaniyanın öz ordusuna investisiyaları azaldıb

Almaniya indiyədək ÜDM-nin 2 faizinin hərbi xərclərə sərf olunmasına dair NATO qarşısında öhdəliklərini dəfələrlə pozmalı olub.

Reuters yazır ki, Ukraynaya hərbi yardımlar Almaniyanın öz silahlı qüvvələrinə investisiyalarını azaldıb.

Berlin Kiyevə indiyədək üç Patriot sistemi verib. Bu Aİ üzrə ən yüksək göstəricidir. Amma nəticədə Almaniya öz Patriot sistemlərinin sayını azaldaraq 9-a endirməli olub.

Almaniyanın kövrək hakimiyyət koalisiyasına daxil solçu sosial-demokratlar, biznesyönlü liberallar və ekoloji siyasətə bağlı Yaşıllar NATO qarşısında maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün çətinliklə razılığa gəlirlər.

Xəbər verilir ki, Almaniya Ukraynaya hərbi yardımlarını azaltsa da, 2025-ci ildə NATO öhdəliyinə uyğun olaraq ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayıracaq. Bu hazırda 75, 3 milyard avro deməkdir.

"Zeitenwende"

2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan sonra kansler Olaf Şolts "Zeitenwende" – tarixi dönüş nöqtəsi elan etmişdi. O demişdi ki, ölkə ordusunun inkişaf etdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaradılacaq.

Bu fondda müdafiə xərcləri üçün 22 milyard avro nəzərdə tutulub. Ölkənin ümumi büdcəsində isə hərbi xərclər 53.3 milyard avro təşkil edəcək.

Bu da xəbər verilir ki, NATO qarşısında maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün ayrılmış vəsait 2028-ci ilədək nəzərdə tutulub. Bundan sonra Almaniya büdcəsində 39 milyard avroluq kəsir yarana bilər. Bunun 22 milyard avrosu NATO öhdəliklərinin icrası üçün tələb olunur.

Mümkün büdcə kəsirinin ödənməsi məsələsi çox güman 2025-ci ilin seçkilərindən sonra müzakirə olunacaq.

Bundestaqın büdcə komissiyasının üzvü İnqo Gedeşens deyib ki, elan edilmiş 80 milyard avro reallıqda yoxdur.

Onun sözlərinə görə hakim koalisiya bunu nəinki ört-basdır etməyə çalışmır, əskinə açıq bəyan edir.

XS
SM
MD
LG