Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:00

‘Tərtər işi’: ‘Müdafiə naziri, Baş Qərargah rəisi səviyyəsində əmr verilmişdi, neyləməliydim?!’


'Beş-altı qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda' – Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:12:34 0:00

'Beş-altı qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda' – Tərtər işi

Tərtər hadisələrinə görə həbsdə olan şəxslərdən bir qrupuna verilmiş cəzadan onların özləri də narazıdır, zərərçəkənlər də, prokurorluq da. Özləri təqsirsiz olduqlarını deyir və bəraət istəyirlər. Prokurorluq və zərərçəkmişlərsə, tam tərsinə, cəzaların ağırlaşdırılmasını tələb edirlər.

Söhbət Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərovdan, həmin hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyevdən, müddətdən artıq xidmət edən (MAXE) hərbçilər Ramil QarayevRüstəm Ələsgərovdan gedir. Ötən ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmüylə R.Ələsgərova 9 il 6 ay, digərlərinin hər birinə də 5 il 6 ay həbs cəzası kəsilib.

Bu hökmdən verilmiş protest və şikayətlərə aylardır Bakı Apellyasiya Məhkəməsində baxılır.

Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər bir çox yüksək vəzifəli şəxslərin çağırılıb dindirilməsini tələb edərək, bu barədə yenə vəsatət qaldırıblar. Dindirilməsi istənilən vəzifəlilər arasında müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Kərim Vəliyev, ondan öncə 27 il bu vəzifədə olmuş Nəcməddin Sadıkov, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmkanov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) sabiq rəisi Mədət Quliyev, sabiq baş prokuror Zakir Qaralov, o vaxt korpus komandiri olmuş general Hikmət Həsənov və digərlərinin adları var.

İyulun 29-da məhkəmədə bu məsələ yenidən müzakirəyə çıxarılıb və təmin edilməyib.

“Hamı Hikmət Həsənovun adını çəkir, çağırıb dindirmək istəmirsiniz?”

2017-ci ilin mayında Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş Süleyman Kazımovun qardaşı Əhəd Kazımov özəlliklə sabiq korpus komandiri H.Həsənovun dindirilməməsindən narazılığını dilə gitirib:

“O hadisələrin şahidi olan hər kəs Hikmət Həsənovun adını çəkir. Hətta məhkəmədə dindirilən generallar da deyir ki, “onun qarşısını ala bilmirdik”. Ona gücümüz çatmır, həbs edilmir, heç olmasa, çağırıb şahid kimi də dindirmək istəmirsiniz. Ona bənzəyir ki, sürücü avtobusu çox pis sürür, ağır qəza törədir, hamını dindirirlər, bircə sürücünün özündən başqa...”

Ə.Kazımovun nümayəndəsi də bu hadisələrdə rolu olmuş şəxslərin dindirilməməsinə etiraz edir və deyir ki, məhkəmə bu şəxsləri dindirmirsə, vacib məsələləri araşdırmırsa, qanunun aliliyindən söhbət gedə bilməz:

“O zaman bu məhkəmələr nə üçündür, kimin üçündür?”

Zərərçəkmişlərin əksəriyyəti deyir ki, işgəncəyə məruz qalanda gözləri bağlı olub, onları kimin döydüyünü görməyiblər. İndi məhkəmə önünə çıxarılmış şəxslərin işgəncələrdə, az da olsa, rolu varsa, onlara ağır cəza verilməsi istənilir.

“Bizim başımıza gətirilənlər insanlıq əleyhinə olan cinayətlərdir. Tərtərdə baş verənləri biz kinolarda görmüşdük. Kimin günahı varsa, 3-5 il yox, ağır cəza almasını istəyirəm”, - Bəşir Məmmədovun sözləridir.

Prokuror da “Tərtər işi”ndəki cəzaları ədalətsiz sayır

Təqsirləndirilən 4 nəfərin heç biri ittihamı qəbul etmir. Sabiq hərbi hissə komandiri V.Ələsgərov deyir ki, onu qurban seçiblər. Onun sözlərinə görə, bu hadisələrə fəal qatılmış hərbi hissə komandirləri məsuliyyətdən kənarda saxlanılıblar:

“O korpusda 17 hərbi hissə var, təkcə məni tutublar. Müdafiə Nazirliyinin rəhbər şəxsləri, prokurorluğun rəhbərliyi – hamısı orada hadisələrin düz ortasında idi. Onların yanında mən neyləməliydim? Müdafiə naziri, Baş Qərargah rəisi, Ordu korpusu səviyyəsində əmr verilib, mən də icra eləmişəm. Neyləməliydim?”

Təqsirləndirilən R.Ələsgərov da təqsirsiz olduğunu bildirib. Onun sözlərinə görə, 9 il 6 ay azadlıqdan məhrum edilib, amma bunun səbəbi ona hələ də aydın deyil. O vurğulayıb ki, işgəncələrdə fəal iştirak edən şəxslər, əksinə, mükafatlandırılıb, vəzifədə irəli çəkiliblər:

“Mənə əmr verilib ki, binanın çölündə mühafizədə dayan, mən də dayanmışam. Validə Əhmədova şikayətlərində də yazır ki, oğlumu belin sapı ilə Teymur Məmmədov döyüb öldürüb. Ona toxunan varmı? Xeyr. Mənim kimi yetim-yesirin boynuna qoyublar. Özüm şəkərdən əziyyət çəkirəm, qızım autizm xəstəsidir”.

Təqsirləndirilən şəxslərin hamısı çıxışlarında bəraət istəyib.

Prokuror da çıxışında Bakı Hərbi Məhkəməsinin hökmünün dəyişməsini doğru yol sayıb. Ancaq o, sadəcə, dövlət ittihamçısı kimi təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını təklif edib:

“Verilən cəzaların ədalətsiz olduğunu düşünürük. Xahiş edirəm, hökm cəza hissəsində dəyişsin və təqsirləndirilən şəxslərə verilmiş cəzalar ağırlaşdırılsın”.

Avqustun 5-də keçiriləcək növbəti məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin adları çəkilən 4 nəfərlə bağlı qərarı məlum olacaq.

Xatırlatma

2021-ci ilin dekabrında - “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib. Bu işlərə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxır.

Hər birində 4 nəfər olan iki qrupun məhkəməsi yekunlaşıb. Bunlardan biri polkovnik V.Ələsgərovgilin qrupudur.

Digərində isə Tərtərdəki xüsusi təyinatlı hərbi qrupun komandiri olmuş leytenant Ruslan Mikayılov və üç gizir – Sənan Maşıyev, Cabir QəhrəmanovElçin Əliyev mühakimə olunurlar. Bu il mayın 4-də oxunan hökmlə onlar 180 nəfərdən çox hərbçiyə işgəncə verməkdə, bir neçəsini döyə-döyə öldürməkdə təqsirli sayılıblar. Bu əməllərə görə R.Mikayılova 6 il 10 ay, C.Qəhrəmanova 6 il 8 ay, E.Əliyevə 5 il 8 ay, S.Maşıyevə isə 4 il 10 ay həbs cəzası kəsilib.

Heç biri özünü təqsirli saymadığından, onlar da hökmdən apellyasiya şikayəti veriblər. Hazırda bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Beş nəfərdən ibarət daha bir qrupun mühakiməsi isə davam edir. Onların arasında general H.Həsənovun köməkçisi olmuş hüquqşünas Fuad Ağayev də var.

XS
SM
MD
LG