Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:31

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (10)


əvvəli

URMU SӘYAHӘTİNİN İCMALI

Bu şәhәrin әhalisinin dә nadanlıq üzündәn xudpәrәstlik vә özlәrini bәzәmәkdәn başqa bir işlәri yoxdur. Qeyd edildiyi kimi işlәri-peşәlәri avara gәzmәk vә yava-yava danışmaqdır. Ticarәtin vә milli sәrvәtin genişlәndirilmәsinә vә artmasına әsla fikir vermirlәr. Onların nәzәrindә vәtәnin, vәtәnpәrvәrliyin heç bir qiymәti yoxdur. Әksәr hallarda hәvavü hәvәs dalınca gedir, daima eyş-işrәt vәsaiti toplamağa can atırlar. İndiki dünyanın vәziyyәtindәn, zamanın tәlәbatından tamamilә xәbәrsizdirlәr. Ruhun qidası olan mәmuli elmlәri kәsb etmәklә fәnlәri öyrәnmәk lәzzәtindәn tamamilә mәhrum qalmışlar.

Sabahısı gün Tәbrizi sәyahәt etmәyә hazırlaşdıq. Gedib at kirә elәmәk istәdik. Çarvadar dedi ki, gәrәk dörd gün dә sәbr elәyәsiniz, on beş nәfәr dә başqa müsafir var, birlikdә gedәrik. Әlacsızlıq üzündәn beh verib qayıtdıq. Vәd edilmiş gün gәlib çıxdı. İki baş qatır gәtirmişdi. Yüklәrimizi çatıb, Tәbrizә yola düşdük. Amma karvanımız yollarda çox lәngiyirdi. Sәkkiz gün yol getdikdәn sonra doqquzuncu gün Tәbrizә varid olduq. Yolda yazılası bir şeyә rast gәlmәdik. Amma Tәbrizә çatdıqda şәhәrdәki vәziyyәtin bir qәdәr dәhşәtli olması nәzәrә çarpırdı. Karvanın içәrisindә dә bir sәs-küy qopdu. Bizimlә gәlәn urmululardan biri dedi:

“Deyәsәn bu gün şәhәrdә böyük bir hadisә üz vermişdir. Çünki bu mәhәllәlәrdәki dükanların hamısı bağlanmışdır. Elә mühüm bir hadisә üz verdiyi üçün dә küçәlәrdә get-gәl yoxdur.”

Doğrudan da, heç bir kәs görünmürdü ki, adam ondan qәziyyәni xәbәr alsın. Bir az da yol getdik. Uzaqdan sürәtlә gәlib keçәn bir neçә adam göründü. Karvandan bir nәfәr onlardan soruşdu:

“Ay qardaş, bu şәhәrdә nә olubdur ki, dükan-bazar bağlanıb, hәr tәrәfdә qarışıqlıq әlamәti görünür?”

Onlardan biri cavab verdi:

“Görünür heç nәdәn xәbәriniz yoxdur. Әhali tökülüb peşkarın evini taladı. Amma peşkar özü qaçdı.”

Mәn dedim:

“Peşkar kimdir?”

“Hakimdir,” -- dedi.

Dedim:

“Necә? necә?... Hakimin evini dağıtdılar?”

Kişi hövsәlәdәn çıxıb dedi:

“Mәn ölüm, qәmiş qoyma.”

Doğrusu, indiyәdәk mәn belә bir söz eşitmәmişdim. Ona görә dә bu lәfzin әdәbsiz bir ifadә olduğunu başa düşmәyib dedim:

“Ay qardaş, sәni and verirәm allaha, bir açıq de görәk nә olub.”

Dedi:

“Baba, şәhәr әhalisi tökülüb peşkarın, yәni mәmlәkәtin hakiminin evini dağıtdı.”

Dedim:

“İndiyәdәk İranın hәr bir yerindә hakimin әhalini qarәt etdiyini görüb vә eşitmişdik, bәs indi necә oldu ki, әhali hakimlәrin evini çapır?”

Dedi:

Bu çәrxi-fәlkin rәsmidir, anla,

Gah palan üstәdir, gah palan altda.

Zamanın hәr gün bir tәqazası var, hәr şey öz mәqamından gözәldir.

Daha dayanmayıb keçdilәr. Çarvadarımızı, müsafirlәri vahimә bürüdü. Mәn dә çarә axtarırdım. Bu şәhәrdә bir dostum var idi. Ancaq bu vurhavurda onun da dükanı açıq olmazdı. Haraya getmәyimiz haqqında düşünürdüm. Sözün qısası, hamımızın canını qorxu almışdı. Bir qәdәr dә gedib, Hәfkeçәl deyilәn bir yerdә karvansara qabağında çarvadar bizi düşürdü. Özü darvazanın kiçik qapısından içәri girib dalandarı çağırdı. Dalandar gәlib qapını açdı. Biz karvansaraya girәn kimi yenә dә qapıları cәld bağladı. Bizә bir mәnzil verdi. Yükümüzü açıb oraya yığdıq. Yazıq Yusif әmi qorxudam söyüd yarpağı kimi әsirdi. Üzünü mәnә tutub, ağlaya-ağlaya dedi:

“Bәy, buradan birbaşa Misirә qayıdaq. Mәn bu sәfәrin müsibәtlәrinә daha dözә bilmirәm. Qorxuram axırda başımızı bu yolda itirәk. Sәyahәtin әvvәlindәn, yәni bu torpağa ayaq basdığımız vaxtdan indiyәdәk bir günümüz dә tәhlükәsiz keçmәmişdir. Bilmirәm burada başımıza nә kimi bәlalar gәlәcәk.”

Dedim:

“Mәn istәyirdim Xoy şәhәrini dә sәyahәt elәyәk. Amma indi sizә söz verirәm ki, buradan salamat qurtarsaq, daha heç yerә getmәrik, birbaşa Misirә doğru yola düşәrik. Bundan sonra mәnim ixtiyarım sizin әlinizdәdir, haraya istәsәniz oraya gedәrik.”

O gecәni min vahimә ilә başa vurduq. Sәhәr tezdәn şәhәrdә qeyri-adi bir şey olmadığını, dükan-bazarın öz qaydasında açıldığını vә hәr tәrәfdә sakitlik yarandığını gördük. Mәnzildәn çıxıb, dostumun dükanı olan bazara tәrәf yola düşdük. Bir-iki yerdә soraq tutub, onun dükanına çatdıq. Salam verdim. Tanışlıq verdikdә o әziz dostum yerindәn qalxıb, üz-gözümdәn öpdü, tam mehribanlıqla kef-әhval tutub dedi:

“Dadaşım Misirdәn hәr hәftә yazdığı mәktubda sizin salamatlığınızı, buraya gәlib çatmağınızı mәndәn xәbәr alır. Deyәsәn, ananız sizdәn çox nigaran qalıbdır. Sonuncu mәktubunda tam tәkidlә tapşırıb ki, sizin gәlmәyinizi teleqramla ona xәbәr verim.”

O öz adamını çağırdı, "İbrahim gәlib çatdı" mәzmununda bir teleqram yazıb ona verdi. Tapşırdı ki, onu aparıb filan yerdә, filankәsә versin. Onun dilindәn salam söylәyib desin ki, o, teleqramı fransızca tәrcümә elәsin. Sonra da teleqrafxanaya çatdırıb tez qayıtsın. Bu tapşırıqlardan sonra mәndәn soruşdu:

“Bәs sizin şeylәriniz haradadır?”

Dedim:

“Biz dünәn gәlib çatmışıq. Şәhәr qarışıq idi, dükanlar da bağlı idi. Çarәsizlik üzündәn Hәfkeçәldә bir karvansarada düşdük. Doğrudan, qardaş, dünәn o nә hәngamә idi ki, camaat qaldırmışdı?”

“Ağayi-mәn, bura Tәbrizdir,” -- dedi. -- “Hәr nә istәsәlәr elәrlәr. Mәn sonra bu hadisәni tәfsilatı ilә sizә danışaram.”

Dedim:

“Mәn heç yerdә eşitmәmişdim ki, әhali hakimin evini talasın.”

“Tәbrizdә adamın xәyalına gәlmәyәn işlәr olur,” -- dedi.

Bu vaxt onun adamı teleqrafxanadan qayıdıb gәldi. Tanışım bizim yük-yapımızın öz evinә aparılması üçün hәmin adamı Yusif әmi ilә karvansaraya göndәrdi. İkindi çağı dükanı bağladı, evә getdik. Yolumuz bir küçәdәn düşdü. Orada bir imarәtin qapısı qabağında neçә nәfәr әsgәrin qarovul çәkdiyini gördüm.

“Bu kimin evidir?” -- deyә dostumdan soruşdum.

“Tәzә sәfәrdәn gәlmiş bir tacirin evidir,” -- dedi. -- “Hökumәt hörmәt üçün onun qapısına bir neçә nәfәr sәrbaz göndәrib ki, keşik çәksinlәr.”

“Yaxşı başa düşmәdim,” -- dedim.

O, әvvәlki sözlәrini tәkrar etdi. Mәn dedim:

“Canım, bunun nә mәnası var? Bir tacir sәfәrdәn qayıdıb, çox gözәl, daha ona hörmәt elәmәk üçün qapısına qarovul qoymaq nәyә lazımdır? O ki, bu şәhәrә hakim göndәrilmәyib, qoşun sәrkәrdәsi, mәnsәb sahibi dә deyil, evi dә ki, divanxana olmamışdır. Bәs belә olduqda çox qәribәdir.”

“Bütün buyurduqlarınızla birlikdә bu ölkәnin qayda-qanunu belәdir,” -- dedi.

Mәn tәәssüflә әlimi әlimә vurub dedim:

“İndi daha şübhә yeri qalmır ki, bu ölkәnin vә millәtin dәrdi dәrmansızdır. Әhali vә tacirlәr dә pis bir yola düşmüşlәr. Bu kimi tacirlәrdәn nәinki mәmlәkәtә, hәtta öz övladlarına belә bir xeyir çata bilmәz. Çünki hakim dairәlәrdә әylәşәn lotular bir para qondarma hörmәtlәrlә bunları havalandırmışlar. Buna görә dә özlәrindәn, özgәdәn nәlәri varsa, bu kimi xam xәyallar sayәsindә az bir müddәtlә itirәcәklәr. Bu ev yıxan yaltaqlar hәr vasitә ilә olur-olsun, şirin sözlәrlә, riyakar hörmәtlәrlә, buyur-buyur deyә-deyә, başlarına and içә-içә tacirlәrin sәrmayәsini әllәrindәn çıxaracaqlar. Bunların balalarına yazığım gәlir. Çünki onlar әzizlikdәn sonra zәlilliyә düçar olacaqlar.”

Dostum dedi:

“İki-üç il bundan qabaq Mәşәdi Mәmmәd adlı bir taciri siz buyurduğunuz kimi elә hәmin vasitәlәrlә yoldan çıxartdılar. Bütün sәrmayәsini vә yığdığı hәdsiz-hesabsız sәrvәti az bir müddәt әrzindә yavaş-yavaş çәkib apardılar. Yazıq başını götürüb qürbәt vilayәtә qaçdı. Vәtәnә qayıtmağa üzü olmadığına görә qürbәtdә can verdi. Övladına da heç bir şey qalmadı. Biçarә özündәn çox müştәbeh olmuşdu. Bu şәhәrdә uzaqgörәn adamlar üçün min cür ibrәt dәrsi verәn bu kimi hadisәlәrin çoxunun şahidi olacaqsınız. Qәribә burasıdır ki, bir çoxları bu ibrәtamiz hadisәlәrin şahidi olduqları halda yenә dә özlәrinә gәlib dәrs almırlar.”

Dostumun evinә çatdıqda gördüm hәqiqәtәn gözәl vә ali bir imarәti var. Bir neçә biruni otağı var idi. Әylәşdik, bizim üçün neçә mәcmәyi şirni, neçә cür meyvә düzmüşdülәr. Söhbәt әsnasında dostum dedi:

“Sizin barәnizdә dadaşım Misirdәn mәnә çox yazmışdır. Buna görә dә sizin milli tәәssüb vә qeyrәtdә iranlıların önündә getdiyinizi bilirәm. Hәtta nә mәqsәdlә bu sәyahәtә çıxdığınızı da o mәnә yazmışdır. Amma yazır ki, kaş heç gәlib İranı görmәyә idi; çünki ona çox bәd keçәcәyini bilirәm.”

Dedim:

“Nә etmәk olar, vәtәnimizdir. Gәrәk gәlib görә idim. Belә bir niyyәtdә idim ki, daimi iqamәt üçün Mәşhәddә vә ya Tehranda münasib yer tapsam, bir ev alıb doğma vәtәnimә qayıdam.”

“Bәs necә oldu, bir yer bәyәndinizmi?”

İxtiyarsız olaraq dәrindәn ah çәkib dedim:

“Xeyr.”

“Nә üçün ah çәkirsәn?” -- dedi.

“İxtiyarsız olaraq ürәyimdәn qopdu. Yoxsa ah çәkmәyimә heç bir sәbәb yoxdur.”

“Çox gözәl, bәs sәyahәtinizdә nә gördünüz?”

“Görmәli vә görmәmәli hәr nә vardısa gördüm. Amma intizarında olduğum bir şeyi görmәdim.”

“O nә idi?”

“O, mәktәb idi,” -- dedim. -- “Bütün sәadәtin vә xoşbәxtliklәrin әsası olan mәktәblәri görmәk intizarında idim. Çünki hal-hazırda dövlәtin gücü, millәtin başıucalığı, mәmlәkәtin abadlığı ancaq mәktәbin varlığı ilә olur.”

Bu arada gәlib xәbәr verdilәr ki, şam hazırdır. Gedib süfrә başında әylәşdik, şam elәdik. Şamdan sonra yenә dә çay gәtirdilәr. Bir piyalә dә çay içdik. Bir qәdәr söhbәtdәn sonra ev sahibi dedi:

“Yolun yorğunluğu hәlә sizin canınızdan çıxmayıbdır. Bir qәdәr tez yatın, istirahәt elәyin.”

O, tamamilә haqlı idi. Yorğan-döşәk saldılar. Başımızı atıb yatdıq.

Sәhәr durub çay-çörәk yedikdәn sonra hәmin әziz dostumla birlikdә bazara getdik. Bir qәdәr onun dükanında әylәşib söhbәt elәdik. O mәnә dedi:

“Әgәr meyliniz varsa gedәk bir az gәzәk.”

“Gedәk,” -- dedim.

Tacirlәrin әylәşdiklәri karvansaralara vә timçәlәrә getdik. Çox mötәbәr vә әzәmәtli yerlәr idi. Baxan kimi mәlum oldu ki, bu şәhәrdә ümdә bir ticarәt var, onun camaatı da ticarәtә hәvәs göstәrir. Amma hayıf ki, bütün әmtәәlәr xarici idi, daxili mal gözә dәymirdi. Yalnız kәnarda, guşәdә bәzi şeylәr var idi. O da tәnbәki, hәna, Hәmәdan çiti, Yәzd çarşabı vә Nain bezindәn ibarәt idi. Avropa şeytanlarının elm vә sәnәt gücü ilә hәr il bu ölkәdәn nә qәdәr pul çәkib apardıqlarını anladım. Dostuma dedim:

“Qardaşım, hәrçәnd ki, sizin şәhәri lazımınca görmәmişәm, amma bazardakı cәmiyyәtin get-gәlindәn vә izdihamından mәlum olur ki, böyük şәhәrdir. Deyin görüm, bu şәhәrdә heç kompani, böyük şirkәtlәr var, ya yox?”

“Heç bir komnani-zad yoxdur,” -- dedi.

“Qәribә alәmdir,” -- dedim. -- “Belә bir mötәbәr şәhәrdә necә ola bilәr ki, kompani olmasın. İndi hәtta bәzzazlıq, xәrәzilik vә baqqallıq müamilәlәri dә tәk әllә mümkün deyil, qalsın ki, böyük ticarәt. Sizin tacirlәrin xariclә bu qәdәr ticarәt әlaqәlәri olduğu halda nә üçün böyük şirkәtlәrin vә kompanilәrin xeyrini başa düşmәmişlәr?”

“Siz bu tәbrizlilәri hәlә tanımamısınız,” -- dedi. -- “Bunların hamısı batmandır, aralarında heç vaxt yarım-batman tapılmaz ki, beş nәfәri bir yerә toplaşıb әl-әlә versin, özlәrinә bir rәis seçәrәk әhәmiyyәtli işlәr hayata keçirsinlәr. Bir-birindәn söz eşidәn dә deyillәr. Elә buna görә dә hәm özlәri böyük işlәr görmәk imkanından mәhrumdurlar, hәm dә vәtәndә tәrәqqidәn bir әsәr görünmür. Qabaqlarda neçә nәfәr bir yerә toplaşıb böyük bir şirkәt tәsis elәdilәr. Sonra hәr biri özlüyündә rәyasәt iddiasına düşdü vә aralarında ixtilaf törәndi. Bu şirkәt dörd ildәn artıq yaşamadı. Şәriklәrdәn biri bütün sәhmlәri öz boynuna alıb, müәssisәnin dağılmasının qarşısını almaq istәdi. Ancaq bu da mümkün olmadı, müәssisә açılmamış bağlandı. Bu, әlbәttә, belә dә olmalı idi. Ona görә ki, on adamın yükünü bir adam çiyindә daşıya bilmәz.

Әlqәrәz, bir qәdәr gәzib dolandıqdan sonra dükana qayıtdıq. Nahar hazırlamışdılar, yedik.

“Alveriniz necәdir?” -- deyә soruşdum.

Dostumun sanki dәrdini tәzәlәdim.

“Heç soruşma,” -- dedi. -- “Çox pisdir.”

“Nә üçün?”

“Onun min sәbәbi var. Ancaq hamısından betәri bu qara puldur. Onun hәr gün dәyişilib bir qiymәtә düşmәsi alverçilәri, millәtin yoxsul kütlәsini tamamilә ayaqdan saldı, hamının evini yıxdı. Bundan әlavә, gümüş pul da sabit deyil,

görürsәn, bu gün dörd tümәn yarım gümüş pul bir lirәdir, sabah beş tümәn bir lirә olur. Qәribә hәngamәdir. Bu cәhәtdәn yazıq tacirlәrin çәkdiklәri zәrәr heç hesaba gәlmәz. Xüsusilә İstambul vә başqa xarici ölkәlәrlә ticarәti olan tacirlәr daha çox zәrәr çәkirlәr. Bir İsfahan lotusu bütün İranı alt-üst elәdi. Allah ona insaf versin.”

“Tәbrizdә dә gәrәk ki, mötәbәr tacirlәr çox olsun,” -- dedim.

“Niyә, vardır, ancaq bu qәdәr zәrәrin müqabilindә dayana bilib bilmәyәcәklәri mәlum deyildir. Bunlardan әlavә, neçә vaxtdan bәri Tәbriz tacirlәri arasında bәzәk-düzәyә qurşanmaq, özünü öymәk adәti geniş yayılmış, әlacsız bir dәrdә çevrilmişdir. Onların bәzisi yaltaqların tәrifinә uymuşlar, divanxana adamlarına tәqlid olaraq fәrraşları öz qabaqlarına salır, evlәrindә ağac-falaqqa saxlayırlar; özlәrinә görә vur-tutları var. Mәlumdur ki, bu vәziyyәt ticarәtlә bir yerә sığışa bilmәz. Bu dәm-dәstgahla ticarәt işini irәlilәtmәk olmaz. Bir müddәtdir ki, camaat arasında tacirlәrdәn birinin әlinin guya aşağı olması haqqında söz-söhbәt gәzir. Bu şayiә yayılan kimi dünәnә qәdәr ona ikiqat tәzim edәnlәr indi heç onun salamını da almırlar. Böyük bir mollanın qonaqlığı heç olmasa әlli tümәn xәrc götürür. Özündәn-özgәdәn on min tümәn sәrmayә әldә etmiş olan hәr bir tacir dörd min tümәnin özü üçün imarәt saldırmağa xәrclәyir. Belә olduqda ticarәtin tәrәqqisinә daha nә kimi ümid bәslәmәk olar? İndi isә onların arasında tәzә bir dәb dә düşmüşdür. Әlinә bir neçә tümәn pul düşәn bir neçә tacir tez özünә kәnd vә mülk alır. Birinin iki parça kәnd aldığını gördükdә o birisi dә rәqabәt üzündәn özünü minbir oda vurub bir kәnd alacaq. Bu kimi mәnasız rәqabәtlәrin nәticәsindә bu şәhәrin vәziyyәti vә onun әhalisinin xüsusiyyәtlәrini başqa bir ölkә ilә müqayisә etmәk olmaz. Qәribә hәngamәdir.”

“Çox gözәl,” -- dedim. -- “İndi ki, sәrvәtlәri dә vardır, bәs nә üçün әl-әlә verib, öz vәtәnlәrindә bir bez fabriki açmırlar ki, heç olmasa öz ölülәrini kәfәnlәsinlәr. Yaxud bir çit, mum-şam fabriki, qәnd karxanası tәsis etmirlәr ki, on para o cür kәnddәn daha artıq mәnfәәt aparsınlar. Axı nә üçün bu kimi gәlir mәnbәlәrini qoyub, bir-birlәri ilә rәqabәtә girişәrәk, ehtikar mәşqinә düşmüşlәr?! Bu ehtikarla onlar yoxsulların qanını şüşәyә tutub, özlәri üçün sәrvәt toplayırlar. Sizin tacir adlandırdığınız vә mәnim dә ticarәtlәrindәn bir qәdәr xәbәrdar olduğum bu ağalar tacir deyillәr, avropalıların muzdurları, hәtta öz vәtәnlәrinin düşmәnlәridirlәr. Çünki hәr il mәmlәkәtin nәqd pullarını әtәklәrinә doldurub, xarici ölkәlәrә axıdırlar vә bunun әvәzindә Firәngistanın çürük, qәlp mallarını dallarına yüklәyib, min mәşәqtәtlә vәtәnә gәtirirlәr. Ortalıqda bir hesab-kitab olsa, ilin sonunda aydın olar ki, bu mürüvvәtsizlәr öz hәmvәtәnlәrinin daimi yaşayış vasitәsi olan milyonlarla pulu öz әllәri ilә aparıb, xaricdә min cür yaltaqlıq vә ikiüzlülüklә әcnәbilәrin әtәyinә tökürlәr. Bunun müqabilindә isә çöllәrin ot-әlәfini ipәk parça adı ilә alıb, öz elmsiz, xәbәrsiz hәmvәtәnlәrinә satırlar. Onların alıb gәtirdiklәri әmtәә bircә ilin içәrisindә tamamilә mәhv olub gedir.”

Dostum dedi:

“Ay rәhmәtliyin oğlu, bu kimi müqәddәs vәtәnpәrvәrliyә aid olan mәsәlәlәrә İranda fikir verәn kimdir? Bir-birlәri ilә birlәşmәk vә müttәhid olmaq bir kәnara qalsın, bu camaat hәr gün bir-birinә tәlә qurmaq vә quyu qazmaqla mәşğuldur. Pozğunçuluqda vә bir-birinin evini yıxmaqda onların qәribә mәharәtlәri var. İşlәri, peşәlәri daima bir-birini pislәmәk, bir-birinin müamilәsini güdmәkdir. Әgәr birinә bir yerdәn on tümәn zәrәr dәysә, onu camaatın nәzәrindә iki min tümәn göstәrmәk üçün min cür tәdbir işә salarlar. Biri min zәhmәt vә әziyyәtlә bu şәhәrdә mәmul olmayan bir ticarәt sahәsini әlә keçirәrsә, onda hamısı o sahәyә tәrәf tökülüb, paxıllıq qayçısı ilә onun gәlir mәnbәyini kökündәn kәsәcәk, hәm özlәrini, hәm dә o tәzә sahәyә әl atan adamı zәrәrә salacaq. Nә isә, bilmirsәn nә xәbәrdir. Bu haqda nә qәdәr danışsam, bir yerә çatmaz. Bütün bu dediklәrim bu şәhәrdәki tacir tәbәqәsinin işi vә fәaliyyәtindәn kiçicik bir nümunәdir. Bunların әxlaqı o dәrәcәdә pozulubdur ki, onun islah edilmәsinә ümid bәslәmәk olmaz. Demirәm, xudavәndi-alәm öz kәrәmi ilә bunları düz yola qaytarsın, bәlkә dә onlar öz ata-babalarının gözәl şivәlәrini örnәk tutub, bir-birlәrinә mehribanlıq göstәrsinlәr, öz xeyirlәrini özgәlәrinin zәrәrindә axtarmasınlar.”

“Bu mәsәlәdәn dә keçdik,” -- dedim. -- “Hakimin xalqla rәftarı nә sayaqdır?”

“Bu haqda heç soruşmasan yaxşıdır,” -- dedi. -- “Hakim istәr yaxşı vә istәrsә dә pis olsun, daimi vә әbәdi deyildir. Hakimlәrin әlindә mәrkәzdәn verilmiş bir tәlimat vә qanun olmasa, o bu tәlimatı vә göstәrişi icra etmәyә özünü borclu hesab etmәsә, yaxşı әmәli müqabilindә mükafat ümidi, pis işi müqabilindә cәza qorxusu olmasa, ondan nә kimi gözәl bir rәftar gözlәmәk olar? Tutalım ki, bir hakim yaxşıdır, iki gündәn sonra gedәcәk, yaxşılığı da özü ilә aparacaqdır. Sabahısı gün bir başqası onun yerindә oturacaq, әlindәn hamı allaha pәnah aparacaq. Gәrәk hakimlәrin әlindә xalqın hüququ, mülki vә cinayәt işlәrinә әncam çәkmәk üçün kağız üzәrindә yazılmış müntәzәm, dәyişilmәz bir qanun, tәlimat, dәsturul-әmәl olsun. Belә olduqda işlәr tәdricәn öz qaydasına düşәr, tәcavüz vә zülm azalar, zaman keçdikcә әyintilәr dә, nadürüstlüklәr dә düzәlәr. Onda daha demәzlәr ki, şah filankәsi öldürdü, yaxud hakim filankәsi hәbsә saldı. Deyәrlәr ki, qanun filankәsi hәbsә vә ya ölümә mәhkum etdi. Belә olduqda padşahın yüksәk adı adam öldürmәk sifәtilә lәkәlәnmәz, hakimlәr dә özlәrnidәn müştәbeh olub, xalqın üzәrindә özlәrini hakimi-mütlәq hesab etmәzlәr. O vaxt daha heç kәs qanunun hökmünә etiraz elәmәz, qanun әsasında hesabi bir sözü olsa deyәr. Yalnız bu yolla zülm-aradan qaldırılar, xalq ilә şah arasında mәhәbbәt vә birlik yaranar. Padşah xalqı öz әziz övladı hesab edәr, xalqda padşahı öz mehriban atası kimi canından da әziz tutar. Dünyada әdalәt hökmranlıq edәr. Nifaq salanların, bәlva axtaranların bazarı kasadlaşar. Qanunsuzluq üzündәn bu camaatın srağagün nә oyun çıxartdığını özün gördün!”

Ev sahibinin hörmәtinә bizi bir neçә mötәbәr yerә dәvәt elәyib, şәrәfimizә ziyafәt mәclislәri tәrtib etdilәr. Vәdәyә görә, hәr gecә bir qonaqlığa gedirdik. Evlәr olduqca әla, otaqlar hәdsiz dәrәcәdә әzәmәtli vә bәzәkli idi. Hәr tәrәfә baxırdın büllur qablar düzülmüşdü. Hansı otağa qәdәm qoyurdun çilçıraqların vә büllur qabların parıltısından gözümüz qamaşırdı. Bütün otaqların tavanından şahnişan, şiri-xurşid nişanlı qiymәtli, böyük çilçıraqlar asılmışdı. Divarlara rәngbәrәng lalә çıraqlar vurulmuşdu. Tәcәmmülatdan xәyalına nә gәlirsә Tәbriz tacirlәrinin evindә tapmaq olar: çini qablar, qızıl, gümüş qәlyan başları, süfrә lәvazimatı aşıb daşır. Doğrudan da, bu dәstgahı görәndә adam az qalır ağlını şaşırsın. Bütün bunların sәbәbi hәmin şәhәrin tacirlәri arasında neçә ildәn bәri yaranmış rәqabәtdir. Aydındır ki, bu kimi bәzәk-düzәyә uymaq ticarәtlә bir yerә sığışa bilmәz. Bu dәbi gәtirәn hәr kәs lәnәtә layiqdir. Ona görә ki, bu dәb qoyulan gündәn bәri Tәbrizdә heç bir tacir ailәsinin çırağı sәhәrә kimi yanmamış, gecә yarı sönmüşdür. Günlәrin birindә, nәhayәt, dözә bilmәyib qonağı olduğumuz ev sahibinә dedim:

“Qardaşım, acığın gәlmәsin, mәn haqq sözü demәyә bilmәrәm. Azәrbaycanın gözü, çırağı olan Tәbriz şәhәrinin camaatı mәnim gördüyüm başqa İran şәhәrlәrinin әhalisindәn daha çox dәlidir.”

Dostum tәәccüblә soruşdu:

“Nә üçün, hansı dәlilә әsasәn?”

Cavabında dedim:

“Ona görә ki, avropalılar öz oyuncaqlarının bәzәk-düzәyi ilә bu mәmlәkәtin qoca kişilәrini kiçik uşaqlar kimi aldadırlar. Bu kişilәr daimi olaraq onlara muzdurluq edirlәr. Axı qәlyan şüşәsi, qәlyan başı, çini qablarda vә güldan üzәrindә, gül qabında vә hәr cür dәyәrsiz şeylәrin üstündә şahın şәklini çәkmәyin nә mәnası var? Biz şahımızın müqәddәs timsalını qiymәtli cәvahirlәrә, daş-qaşa tutub, mәclislәrimizin yuxarı başını onun heykәli ilә bәzәmәliyik, onu qәhvә, qәlyan, çay dәstgahları vә bu kimi şeylәrin üzәrindә çәkib, çayxanaların taxçalarına, od üstünә qoymamalı, hәr gәlәnin ayaqları altına salmamalıyıq. İnsaflı olmaq lazımdır. Әmrü nәhyinә itaәt edilmәsi bizә vacib olan şah bir tәrәfә qalsın, azacıq düşüncәsi olan bir adam öz şәklinin belә bu dәrәcәdә xar olmasına yol vermәz. Ondan әlavә, zirәk avropalılar hәmin şәkil üçün o malların qiymәtini dә artırırlar. Halbuki bu iş üçün onların qoyduqları xәrc barmaqlarının ucunu tәrpәtmәkdәn ibarәtdir. Bunun әvәzindә isә mәmlәkәtin canı hesab olunan pullarımız әtәk dolusu onların qarnına tökülür. Mәn hәlә bu kimi әmtәәlәri hazırladıqları zaman onların bizim ağlımıza, şüurumuza istehza ilә gülmәlәrindәn heç bir söz demәk istәmirәm....”

Başım qızışıb bu kimi xoşagәlmәyәn işlәrdәn daha nәlәr dediyimi bilmirәm. Xülasә, o qәdәr danışdım ki, yoruldum, istәr-istәmәz sükut etmәli oldum

Ev sahibi dedi:

“Sizin milli tәәssübünüz haqqında dadaşımın Misirdәn yazdıqları, maşallah olsun, dәryadan bir damla imiş. Mәnim әziz qardaşım, şahlıq sarayı, vәzirlәrin, vәkillәrin, şahzadәlәrin vә dövlәtә mәnsub olan bütün әyan-әşrafın evlәri bu kimi şәkilli qablarla dolu olduğu halda, heç bir kәsin bu işi pislәmәdiyi halda, daha bunun mәnimlә sәnә nә dәxli var? Bu işdә Tәbriz әhalisinin günahı nәdir? Amma israfçılıqları, bu şәkillәr xatirinә malın öz qiymәtindәn daha artıq pul ödәmәlәri barәdә mәn dә sizinlә şәrikәm, tamamilә haqlısınız. Doğrudan da, belә israfçılıq üzündәn hәr il çoxlu mәblәğlәr boş yerә sәrf olunur.”

Hәmin gecә dә bu hörmәtli qonaqçım öz evindә mәnim şәrәfimә böyük tәntәnәli bir qonaqlıq düzәltmişdi. İkindi çağı dükanı hәr gündәkindәn tez bağlayıb evә getdik. Namaz qılıb çay içdikdәn sonra mәclisin çıraqlarını yandırmağa başladılar. Hey lalә, çilçıraq idi ki, yandırırdılar. Rәngbәrәng avizlәr hәr tәrәfdә parıldayırdı. Otaqlar gündüz kimi işıqlanmışdı. Günün batmasından yarım saat keçmiş hörmәtli qonaqlar yavaş-yavaş tәşrif gәtirmәyә başladılar. Onlardan bәzisi geçәdәn bir saat keçmiş gәldi. Guya bu kimi qonaqlıq mәclislәrinә gecikmәk bir növ şan yüksәkliyi әlamәtidir. Ancaq mәn bu mәsәlәni başa düşmәyib, qonaqların bәzisinin gecikmәsinә tәәcçüblәnirdim. Bunun sәbәbini anladıqda daha artıq heyrәtlәndim.

Xülasә, mәclis doldu, dәvәt olunanların hamısı gәldi. Qonaqların söhbәtlәrindәn, davranışlarından mәlum olurdu ki, hәr birisi özünü başqalarından yüksәk tutmaq istәyir. Danışarkәn sәslәrinә xüsusi ahәng verir, qәliz sözlәr işlәdirdilәr. Ancaq söhbәtlәrinin mәzmunundan hamısının bilik dairәsinin mәhdudluğu aydın olurdu. Sözlәrinin çoxu kinayәli, atmacalı, namәrbut, qeyri-sәmimi idi. Hәr birisi yalandan, doğrudan filan xan vә ya filan axundla görüşüb söhbәt elәmәsindәn söz salır, bununla da öyünürdü. Biri deyirdi: "Bәli, Mәliküttüccar çәnabları dünәn bәndәmәnzilә tәşrif gәtirmişdilәr. Belә buyurdular...." O birisi deyirdi: "Dünәn İstambuldan filan qiymәtә üç min lirәlik barat almışam." Hamısı yekә-yekә danışırdı. Әlli ıin, yüz min tümәndәn söhbәt gedirdi. Biri dә deyirdi: "Qabaqlar filan kәndi mәnә on sәkkiz min tümәnә verdilәr, almadım. Heyf olsun, eşitmişәm ki, indi otuz min tümәnә satıblar". Bu arada buğdadan söhbәt düşdu. Qonaqlardan biri dedi: "Filankәs üç yüz min xalvar buğda anbara vurub, indi büsbütün inkar edir. Filan ruhaninin on para şeşdank kәndi var. Maşallah, filankәs dә yaxşı var-dövlәt qazanıb, indi hәştada yaxın kәndi var...."

Bu mәnasız söhbәtlәrdәn ürәyim sıxıldı. Nә qәdәr istәdim dözәm, mümkün olmadı. Birdәn-birә sәbrim tükәndi. Yenә dә füzulluğa başladım:

“Ağalar,” -- dedim, -- “mәnim dә bir әrzim var.”

Biri dedi:

“Buyur, әlbәttә ki, haqqınız var, siz heç danışmırsınız.”

Dedim:

“O yetmiş-hәştad para kәnd sahibi olan çәnab nəçidir?

Biri dedi:

“Tәbrizin böyük müctәhidlәrindәndir.”

“Onun möhtәrәm ruhani tәbәqәsinә mәnsub olduğunu başa düşdüm. Әrzim orasındadır ki, bu ağanın işi-gücü nәdir?”

İstehza ilә güldü, mәnim qanmazlığıma tәәccüblәndi. Haqqımda nәlәr düşündüyünü anladım. Üzә vurmayıb dedim:

“Söz yox ki, bu hәştad para kәndin hәr birinin qiymәti heç olmasa on beş-iyirmi min tümәndir,”

“Әlbәttә,” -- dedi.

“Mәnim elәdiyim tәxmini hesaba görә, bunların milyon yarımdan artıq qiymәti var,” -- dedim. -- “Ancaq bu qәdәr sәrvәtin nә kimi bir vasitә ilә toplandığını bilmirәm. Doğrudur, bu kimi sәrvәtlәr o vaxt әldә edilә bilәr ki, adamın mülkündә bahalı metallardan birinin mәdәni tapılmış olsun, yaxud Avropada olduğu kimi, adam lotereya kimi bәxtә bağlı oyunlarda az bir mәblәğlә böyük sәrvәt әlә keçirә bilsin. Ya da köklü, varlı bir ailәdәn qalmış olan irs vasitәsilә bu cür sәrvәtlәnmәk olar. Belә bir sәrvәti böyük ticarәtdәn tәdriclә әldә edilәn qazanc vasitәsilә dә toplamaq olar. Belә olsa idi, onda hamı görәr vә bilәrdi. Bunlar olmadıqda iranlıların tәbiri ilә demiş olsaq, gәrәk adamın kimyası olsun. Bәndәnin әrzi budur ki, o hәzrәtin gәlir mәnbәyi bu saydıqlarımın hansıdır? Mәlum olduğuna görә, gәrәk ki bunlardan heç birisi deyildir. Ona görә ki, o cәnabın ailәsini hamı tanıyır. Özünün dә dәrsini qurtarıb müctәhiçlik icazәsi alandan sonra bu şәhәrә tәşrif gәtirәndә aba vә әsadan başqa bir şey olmadığını hamınız bilirsiniz. Belә olduqda, heç bir şübhә ola bilmәz ki, o cәnab bu sәrvәti hansı bir yolla olur-olsun millәtin sәrvәti hesabına qazanmışdır. İndi özünüz insaf elәyin, az bir müddәt әrzindә millәtin sayәsindә böyük sәrvәtә yiyәlәnmiş bu möhtәrәm cәnab illik mәdaxilinin dörddә birini hәmin millәtin yolunda xәrclәsә, yәni yetim, yoxsul uşaqlarının tәlim-tәrbiyәsi üçün bir mәktәb açsa, bu kәndlәrdәn iki parçasının illik gәlirini o mәktәbin, kasıb vә yetim uşaqların dolanacağı üçün xәrclәsә, elm vә әdәb vasitәsilә bir neçә müqәddәs varlığı әhya etsә, yaxud qәriblәr vә yoxsullar üçün bir xәstәxana tәsis elәsә, belәliklә onun hümmәti sayәsindә yoxsul xәstәlәr müalicә olunub, dәrmansızlıq, qayğısızlıq üzündәn divarlar dibindә vә yaxud qәriblәrә mәxsus olan darısqal, qaranlıq daxmalarda zillәtlә can vermәsәlәr necә olar?

Rәvadırmı, yaxud sizin şәninizә sığışırmı ki, Darüssәltәnә adlandırdığınız bu böyük şәhәrdә bir dәnә xәstәxana olmasın? Allaha and olsun, bu gün sizin üçün bu iki xeyratdan savablı bir iş ola bilmәz. Bunların ikisi dә oruc-namaz kimi vacib vәzifәlәrdәndir. Doğrudan da, görünür, sizlәr çox insafsız adamlarsınız ki, bu böyüklükdә şәhәrdә ümumun xeyrinә olan bu kimi binalardan biri dә görünmür. Bu şәhәrә daxil olan hәr bir әcnәbi elә fikirlәşәcәk ki, sizin insani hisslәrdәn xәbәriniz yoxdur vә özü ilә bu ölkәdәn sizә qarşı mәzәmmәtdәn başqa heç bir şey aparmayacaqdır.

Xeyriyyә işlәrindәki sәhlәnkarlığınızdan keçdik. Heç olmasa, öz vәtәninizdә ticarәt işini genişlәndirmәk, alverinizә rövnәq vermәk üçün bir kampaniya da tәsis etmәmişsiniz. Halbuki hamınız ticarәtçisiniz. Quran kağızından tutmuş ölülәrinizin kәfәninә kimi firәngilәrә möhtacsınız. Firәngilәr sabah düşmәnçilik üzündәn sizә ağ çit satmasalar, onda dirilәriniz tuman-köynәksiz, ölülәriniz kәfәnsiz qalacaqlar. Bu şahnişan çilçıraqlar, israfçılıqla alıb bir yerә topladığınız bu bәzәk-düzәk sizi çaşdırıbdır. Siz bu davamsız, iki günlük ev-әsasiyyәyә baxıb lovğalanırsınız. Belә xәyal edirsiniz ki, ağılda, fәrasәtdә, sәrvәt vә miknәtdә dünyada sizә tay olan yoxdur. Ancaq bilirsiniz ki, bu möhtәşәm qonaqlıqların tәrifi, bu mәnasız bәzәk-düzәyin vәsfi bir aydan sonra yaddan çıxıb gedәcәk, onlardan heç әsәr dә qalmayacaqdır. Amma әgәr hamınız bir yerә toplaşıb, dünyada ağıllı adamların mәzәmmәtinә, axirәtdә hesabın ağırlaşmasına sәbәb olan bu israflı xәrclәri hesablayıb, onların yarısını xeyirli, milli işlәrә -- xәstәxanaya, qәriblәrin vә yoxsulların müalicәsinә, vәtәnin yetim balalarının tәlim-tәrbiyәsi üçün mәktәblәrә vә sәnәt ocaqlarına sәrf etsәniz, şübhәsiz ki, bu iş dә dünya vә axirәtdә sizin başıucalığınıza sәbәb olacaqdır.

Allaha and olsun, әgәr bu saydığım xeyriyyә işlәrinә qırx il bundan qabaq iqdam etsәydiniz, indi bizim bu müqәddәs vәtәnimiz dünyanın әn abad ölkәlәrindәn biri, hәmvәtәnlәrimiz isә yer üzünün әn hörmәtli, әn әziz millәtlәrindәn biri olmuşdu. Belә olsaydı, elm vә bilik sayәsindә hәmvәtәnlәrimiz indi başlarını iftixar hissi ilә göylәrә qaldırmışdılar. Heyf ki, sizin ömrünüz qәflәtdә keçib, әfsus ki, milli iftixar bizi vә sizi tәrk etmişdir, xar vә özgәlәrin әlaltısı olmuşuq!

Әgәr mәnim istәdiyim vә dediyim mәktәblәri qırx il bundan әvvәl açmış olsaydınız, bu gün yuxarı başda әylәşmәk, bәzәk-düzәk yığmaq xülyası sizә bu dәrәcәdә müsәllәt olmazdı. Bu kimi mәclislәrdә siz ancaq mәmlәkәtin vә millәtin tәrәqqisinә sәbәb olan mәsәlәlәrdәn danışar, mәnasız mülahizәlәrә görә, camaatı öz ayağınıza qaldırmaq iddiası ilә möhtәrәm ev sahibinin qonaqlığını pozub, camaatı gecәdәn saat yarım keçәnә qәdәr intizarda saxlamazdınız. Nә var, nә var ki, mәn haçan getsәm, yerim mәclisin yuxarı başındadır.”

Burada baxıb gördüm ki, ev sahibi mәnim sözlәrimdәn utanır; biçarә xәcalәtindәn tәrlәmişdi. Eyni zamanda mәnә işarә ilә andırırdı ki: "Mәn ölüm, bәsdir". Bu әsnada qonaqlardan biri üzünü ev sahibinә tutub dedi:

“Filankәs, sizin bu hörmәtli qonaq qәribә kişidir, sözlü adama oxşayır.”

Ev sahibi dedi:

“Bәli, artıq dәrәcәdә vәtәn, millәt qeyrәti çәkir. Bütün bu söhbәtlәri әziz vәtәninә vә vәtәn övladlarına olan böyük mәhәbbәti üzündәn edir. Nә elәsin, vәtәni sevmәkdә, millәtpәrvәrlikdә ixtiyarı öz әlindә deyil.”

Mәclisdәkilәrdәn iki-üç nәfәr dә onun ağzından söz qapıb dedilәr: "Vallah, doğru deyir. Vәtәnpәrvәrliyә aid bu mәsәlәlәrdә xarici millәtlәrin hümmәtini vә xarici ölkәlәri görәnlәr bu kişinin nә dediyini bilәrlәr. Özü dә bu haqda hәr nә deyir doğru deyir. Hәlә bugünәdәk bizim burnumuza vәtәnpәrvәrlik qoxusu dәymәyib. Birliyin xeyrini әsla anlamamışıq".

Bu vaxt gәlib şamın hazır olduğunu xәbәr verdilәr. Qonaqların hamısı üzünü mәnә tutub bismillah, bismillah dedilәr. Mәn gülümsәyib özümü geri çәkdim. Süfrә başına gәldik. Amma necә süfrә! Rәngarәng yemәklәr, cürbәcür xörәklәr hamısı "gәl-gәl!" deyirdi.

Yemәk әsnasında da bir para söhbәtlәr oldu. Bizim o gecәmiz dә belә keçdi.

On sәkkiz gün Tәbrizdә qaldım. Bu müddәtdә oranın әhalisindәn quru ifadә vә özünü çәkmәkdәn başqa dünya vә axirәtin xeyrinә olan bir şey görmәdim. Amma şәhәrin özü әhәmiyyәtdәn mәhrum deyil. Mötәbәr bazarları, karvansaraları, әzәmәtli timçәlәri var. Heyf ki, bu ticarәt ocaqlarında vәtәn malından heç bir әsәr görmәk mümkün deyil. Ancaq buğdanın adını eşitmәk olur, onun da özü yoxdur. Ağalar onu qaranlıq anbarlara doldurub, qapısına yeddi qıfıl vurmuş, "açarlarını da Araz çayına atmışdılar". Onlar yoxsullara deyirlәr ki, buğdanı pula satmırıq, batmanın qırx misqal ürәk qanına veririk. Yoxsullar nә qәdәr fәryad edib deyirlәr ki, ağalar, daha bizim ürәyimizdә qan qalmayıb, gördüyünüz bu quru can bir dәri, bir sümükdür, -- ağaların qulağı eşitmir.

Xülasә, İranla Rus sәrhәddi olan Arazın kәnarında vaqe olmuş Culfaya tәrәf hәrәkәt etmәk fikrindә idim. Hörmәtli qonaqçım çox xahiş elәdi ki, bir neçә gün dә qalaq. Mәn üzr istәyib qәbul etmәdim. Çaparxanadan iki at gәtirmәk üçün adam göndәrdim. Cansıxıcı şeylәrә az rast gәlmәk üçün buradan çaparaq qaçıb tez mәqsәdә çatmaq istәyirәm.

TӘBRİZ SӘYAHӘTİNİN İCMALI

Bu şәhәrin adamları әksәrәn xudpәsәnddirlәr, bәzәk-düzәk dәrdinә giriftar olmuşlar. Hamısı nifaq salmaq qabiliyyәtinә malikdir. Birliyin nә kimi xeyirlәr vermәsindәn xәbәrlәri yoxdur, hәmişә bir-birinin ayağından çәkmәklә mәşğuldurlar. Hәr kәs başqasının işini әymәk fikrindәdir. Bununla xoşhal olurlar ki, bir mәsәlә üstündә iki adam arasında söz-söhbәt vә ya düşmәnçilik törәnsin. Belә olduqda onlar da iki tirә olub, hәr dәstә tәrәflәrdәn birinin dövrәsinә toplaşıb, yığıncaqlar edәcәk, rüşvәtlәr alıb verәcәklәr. Ortalıqda plovlar yeyilәcәk, bu işlәr tәrәflәrdәn birinin ayaqdan düşmәsinәdәk davam etdirilәcәkdir. Bu kimi işlәrdә barışdırıcılıq mәqsәdi ilә bir nәfәr belә söz danışan tapılmaz. Hamı bir-birindәn intiqam almaq fürsәti dalınca gәzir ki, birinin ayağı sürüşәn kimi onu tapdalasın. Onların işlәri-güclәri bundan ibarәtdir. Zәmanәnin vәziyyәtindәn xәbәrsizdirlәr, nә dünyaları var, nә dә axirәtlәri. Әn böyük arzuları otaqlarının tavanından şaxәli şahnişan çilçıraq asıb onunla öyünmәk, özlәrini çәkmәkdәn ibarәtdir.

Diri ikәn ölü, ölü ikәn diridirlәr.

Nә isә, çarvadarın şagirdi atları gәtirdi. Hәmin gün ev sahibi ilә vidalaşıb, ürәyimiz dağ ağırlıqda kәdәr, qәm yükü ilә dolu olduğu halda Araza doğru yola düşdük. Şәhәrdәn çıxdıqda atları mahmızlayıb, şәhәrin qaraltısı gözdәn itәnәdәk sürdük. Orada, yolun sağında-solunda bir neçә nәfәrin oturub gözlәrini bizә tәrәf dikdiklәrini gördüm. Çarvadardan soruşdum:

“Bunlar kimdir, nә üçün şәhәrdәn, avadanlıqdan uzaqda, yolun sağını-solunu kәsib burada oturmuşlar?”

Çarvadar dedi:

“Ağa, bunlar guya şәhәrin seyidlәridir. Burada әylәşib sizin gәlmәyinizi gözlәyirlәr.”

“Nә üçün?”

“Seyiddirlәr, sizdәn tәvәqqelәri var. Salamat getmәk üçün gәrәk bunlara bir şey verәsiniz.”

“Nə olar,” -- dedim -- “Yusif әmi, beş-altı qran pul çıxart, әlindә hazır saxla, onların yanına çatan kimi verәrsәn.”

Gördüm çarvadar ixtiyarsız olaraq gülür.

“Әzizim, nә üçün gülürsәn?” -- deyә soruşdum.

“Sizin beş-altı qran hazırlamağınızdan anladım ki, sövdanız baş tutmayacaqdır.”

“Bәs neçә vermәk lazımdır?”

“İndi onlara çatanda özünüz görәrsiniz.”

Az keçmәdi, gәlib onların yanına çatdıq. Seyidlik әlamәtindәn ibarәt olan göy әmmamәli, yaşıl vә göy qurşaqlı on-on beş kişi tökülüb mәnimlә Yusif әminin atlarının cilovundan tutdular. Salam verdilәr. Biz dә salamlarının cavabını verdik. Hamısı bir sәslә dedi: "Bizim salamatyanamızı verin, allah sizi salamat elәsin".

Yusif әmi hazırladığı pulu verib dedi:

“Daha xırda pulumuz yoxdur, hәr nә var, budur, öz aranızda bölüşdürün.”

Bunu eşidәn kimi hamısı birdәn hirslәndi. Pulları Yusif әminin başına çırpıb dedilәr:

“Bu pula doşab alın, öz başınıza yaxın!”

Bir başqası dedi:

“Xәrcliyiniz yoxdursa bir neçә qran da biz verәk. Kişi, heç utanmırsınız, mәgәr bizә müftәsinә pul verirsiniz?!”

Bu çәkiş-bәrkişdә baxıb gördüm onlardan ikisi hәr iki tәrәfdәn Yusif әminin qıçlarından tutub, onu atdan yerә salmaq üçün ayaqlarını üzәngidәn çıxarmaq istәyirlәr. Başqa tәrәfdәn dә iki-üç seyid әbalarını sol qollarına dolayıb, çomağa әl atdılar. Gördüm qәribә hәngamәdir. Dedim:

“Ay ağa, bu qoca kişi ilә işiniz olmasın, bir yaxına gәlin görüm bizdәn nә istәyirsiniz.”

Biri dedi:

“Heç nә, öz cәddimizin malını istәyirik.”

Dedim:

“Ay ağa, belә sәnin cәddinә mәn qurban, sizә nә borcumuz var, sizin bizdәn nә tәlәbiniz, hansı alacağınız var, buyur!”

Dedi:

“Daha bundan artıq nә borcunuz ola bilәr ki, hәr nәyiniz var, onun beşdә biri bizimkidir. Hәtta sizin beş barmağınızdan biri dә seyidlәrin malıdır.”

Dedim:

“Ay ağa, әvvәla, siz bizim varlı-karlı olduğumuzu haradan bilirsiniz? İkincisi, sizә haradan bәllidir ki, xümsdәn, seyidlәrin haqqından bizdә bir şey var? Üçüncüsü, siz bizi haradan tanıyırsınız, bizim hansı dindә, mәzhәbdә olduğumuzu nәdәn bilirsiniz? Dördüncüsü, biz haradan bilәk ki, siz seyidsiniz, peyğәmbәr övladısınız. Beşincisi, allahın peyğәmbәri harada buyurubdur ki, siz çölün ortasında tanımadığınız yolçuların qabağını kәsib, onlardan çomaq gücünә pul tәlәb edәsiniz, onları soyundurasınız?”

Biri dedi:

“Füzulluq elәmә, әvvәlcә ağlını başına yığ, düşün, sonra danış. Әvvәla, siz haçandan belә cәsarәtlәnmisiniz ki, bizim seyidliyimizi soruşub, dәlil-sübut istәyirsiniz? İkincisi, biz sizi yaxşı tanıyırıq, sizin adınız İbrahim bәydir, özünüz dә Misirdә yaşayırsınız. Atandan iki yüz min tümәn sәnә nәqd irs qalıb. Bir bacın da var. Bu sәfәrindә cәddim imam Rza әleyhissalamın ziyarәtindәn Tehrana, oradan Tәbrizә gәlib, indi dә Misirә qayıtmaq niyyәtindәsәn. Allah sәnin atana rәhmәt elәsin, seyidlәrә çox pul verәrdi, sәnin kimi deyildi, әliaçıq idi, xeyir-bәrәkәtli kişi idi. İndi anladın ki, biz sәni yaxşı tanıyırıq. Boş-boşuna tanımamış qabağını kәsmәmişik. Daha bizi bundan artıq mәәttәl elәmә, çünki zәrәrini özün çәkәrsәn. Elә dәmәdәmdir ki, on-on iki seyid dә gәlib buraya çatsın. Özün bilirsәn, onda sәnin yükün daha da ağırlaşar. Biz on dörd nәfәr peyğәmbәr övladı bu avadanlıqdan uzaq yerdә üç saatdır günün altında oturub sizi gözlәyirik. Hәrәmizә sözsüz-kalamsız beş tümәn ver, salamat keç. Onu da bil ki, bu pulu ödәmәkdә nә qәdәr geciksәn o qәdәr özünә zülm etmiş olarsan. Ona görә ki, axırda hәm soğanı yeyәrsәn, hәm kötәyi, hәm dә bu pulu sәndәn alarlar.”

Gördüm doğru deyir, axırda bu iş onun dediyi kimi qurtaracaq. Әlacsız qalıb, çapara işarә ilә bildirdim ki, vasitәçilik elәyib, bizim yaxamızı quldurların әlindәn qurtarsın. Çapar da tәcrübәli, bәrkә-boşa düşmüş adam olduğundan mәnim işarәmi başa düşüb irәli gәldi. Әvvәlcә bizim qabağımızı kәsәn seyidin üstünә çımxırıb dedi:

“Ağa, bizi bundan artıq mәәttәl elәmәyin, bizim işimiz var. Gәrәk müәyyәn saatın başında mәnzilә çataq.”

Ona bir qәdәr acıqlanandan sonra seyidlәrin başçısını yumşaqlıqla bir kәnara çәkdi, onunla çoxlu danışdıqdan sonra bizim yanımıza gәlib dedi:

“On tümәn verin.”

Mәn dayanmadan Yusif әmiyә dedim:

“İki osmanlı lirәsi ver.”

Yazıq Yusif әmi lirәlәri çıxarıb, seyidә dedi:

“Alın, bu hesabı qiyamәt günü cәddinizin hüzurunda çürüdәcәyik.”

Seyid pulu aldı, tam etinasızlıqla dedi:

“Sәn o xәyalda ol, istәyirsәn çaparı da şahid gәtir.”

Yusif әmi üzünü göyә tutub, ürәk yanğısı ilә dedi:

“Qoy allah özü şahid olsun!...”

Xülasә, on tümәn verib, namәrdlәrin әlindәn qurtardıq. Qәribә burası idi ki, guya müftә qurtardığımıza görә çapar sevinirdi. Bir ucdan bizә deyirdi:

“Allahınıza şükür elәyin, yaxşı keçdi. Bunlar hәlә-hәlә bu asanlıqla adamın yaxasından әl çәkmәzdilәr.”

Dedim:

“Baba, nәyә şükür elәyәk, günün günorta çağı Tәbriz kimi böyük bir şәhәrin darvazası yanında bizi soyurlar, yenә dә şükür elәyәk?”

Dedi:

“Әrbab, әrbab, yenә dә deyirәm, şükür elәyin. İstәr tacir olsun, istәr başqa peşә sahibi. Tәbrizdәn ziyarәtә gedәn heç bir müsafir bu tayfanın qorxusundan gündüz sәfәrә çıxa bilmәz. Bәzisi kәndli paltarında, bir parası dәvәçi, kömürçü qiyafәsindә, bir qismi dә min tәhlükәsi olan kәsә yolla şәhәrdәn çıxmağa mәcbur olur. Hәr kәs sizin kimi bunların çәnginә keçsә, istәdiklәrini ondan çomaq gücünә alırlar. Bunlar da әslindә hәr cür cәzadan, mәsuliyyәtdәn azad yolkәsәnlәrdir.”

Dedim:

“Bәs bu әhvalatı mәmlәkәtin hakimi bilmirmi?”

“Allah atana rәhmәt elәsin, nә üçün bilmir. Bunların әmәli gizlindә qalan bir zırıltı deyil. Amma nә elәsin. Hakim bunları cәzalandırmaqda acizdir. Fәrraşlardan biri bu kimi әmәllәrin müqabilindә özünü seyid qәlәmә verәnlәrin birinin yaxasından tutsa, hәmin saat qiyamәt qopar. Şәhәrin seyidlәri vә tüllablarından min nәfәri hәr tәrәfdәn fәrraşın başına tökülüb, onu ölüncә vuracaqlar. Bir adamın da haqqı olmaz ki, fәrraşı himayәsinә alsın.”

Dedim:
“Bәs ülәma hәzrәtlәri nә üçün bu tayfanın biabırçılıqlarının qarşısını almır? Nә üçün şəriәtin ziddinә olan bu işlәrә mane olmur? Bu soyğunçuları belә yaramaz işlәrdәn, haram әmәllәrdәn nә üçün çәkindirmir? Allah da, peyğәmbәr dә onların bu şәriәtә zidd hәrәkәtlәrindәn bezardır. Ancaq onlar şәrarәtlәrindәn utanmayıb, hәyasızcasına özlәrini allahın peyğәmbәrinә bağlayırlar. Hәr addımbaşı deyirlәr, biz seyidik, peyğәmbәr övladıyıq.

Aslanın balası aslana oxşar.

Sәnin peyğәmbәrә nә oxşarın var?

Bu oğru, quldur camaatın әxlaqında vә sifәtindә qiyamәt günü hamının günahlarının allah tәrәfindәn bağışlanmasını xahiş edәn peyğәmbәrin vә onun pak övladının xislәtlәrinin hansı birindәn nişan görmәk olar?”

Çapar dedi:

“Ay allahın bәndәsi, elә bu dediyin ülәma hәzrәtlәri bu tayfanı cәsarәtlәndirir. Bunların arxası onlara bağlıdır. Elә o cәnabların özlәri zülm baltasını bunların әlinә vermişlәr. Bunlar da ülәma hәzrәtlәrinin fәrraşı, sәrbazı, topçularıdırlar. Ülәma hәzrәtlәri lazım olduqda bu seyidlәrdәn istifadә etmәk üçün onları hәr cür cәzadan qoruyurlar. İki hәftә bundan qabaq bunların Tәbrizdә nә hәngamә qaldırdıqlarını görmәdinmi? Bu ağaların barmağının bir işarәsi vә bir qaş oynatması ilә bir saatın içindә hakimin evini taladılar, dam-daşını kökündәn viran elәdilәr, hәtta hәyәtinin döşәmәsindәki daşları da çıxarıb apardılar. Bunlar ağalara bu kimi işlәrdә lazımdır. Elә hәmin sәbәbә görә dә camaatı çapıb-talamaqda әllәrindәn gәlәni әsirgәmirlәr, könüllәri necә istәyirsә elәcә dә rәftar edir vә heç kәsdәn zәrrәcә dә qorxmurlar.”

Xülasә, gördüm bu kişinin bütün dediklәri doğrudur. Öz-özümә dedim: "Nә etmәk olar, yanmaq vә dözmәk gәrәkdir".

Bu mәrәkәdәn dә bir tәhәr yaxamızı qurtarıb keçdik, amma bu sәyahәtnamәni oxuyanlardan rica edirәm bunların üzәrindәn sadәcә keçmәsinlәr. Dürüst düşünüb görsünlәr ki, bu ölkәdә vәziyyәt nә haldadır. Hәrc-mәrclik nә hәddә gәlib çatmışdır. Millәtin hüququ nә dәrәcәdә tapdalanmışdır. Hökumәtin bacarıqsızlığı haraya gәlib çatmışdır. Ümmәtin şәriәtini qoruyan ülәma düzgün yoldan nә qәdәr yayınmışdır. Doğru buyurmuşlar: "Alim xarab olanda alәm xarab olar". Ülәma hәzrәtlәri, hәr bir şәrә müxalif olan vә qeyri-düzgün әmәllәrinin cәzasından yaxalarını qurtarmaq üçün özlәrini seyid adlandıran bu әcamiröbaş zümrәsini tәnbeh etmәlidir ki, onlar başqa yaxşı adamları da bәdnam etmәsinlәr. Ancaq onlar özlәri hәmin nadürüstlәri bu kimi әmәllәrә tәşviq edib hәvәslәndirirlәr. İş oraya gәlib çatmışdır ki, indi hәr bir bәdbәxt şiә uzaqdan bir seyid görәn kimi özünü itirir, onun әlindәn qaçıb gizlәnmәk üçün siçan deşiyini satın alır. Hәrçәnd mümkündür ki, o seyid heç tәvәqqe elәyәn adamdan bir şey istәyәnlәrdәn olmasın. Bütün mәscid vә minbәrlәrdә ülәma cәnablarının mövizәsi xümsün fәzilәtinә vә xalqı onu ödәmәyә tәşviq etmәyә hәsr edilmişdir. Heç görüb eşitmәmişәm ki, bir vaiz vә ya naseh nәsihәt ünvanı ilә seyidlәrә desin ki, dilәnmәk peyğәmbәr hәzrәtlәrinin övladına haramdır, xalqı şәhәrin kәnarında dәyәnәk gücünә soymaq şәriәtin ziddinәdir, alçaq bir әmәldir. Seyidlәr gәrәk öz seyidliklәrinin yüksәk şәrәfini qorumağı hәr şeydәn üstün tutsunlar. Seyid öz nәsәb silsilәsinin haraya çatdığını yaxşı bilmәlidir. Bәli, tәqsir ümmәtin vaizlәrindәdir ki, mehribancasına nәsihәtlәrlә bu camaata öz babalarının әzәmәtindәn danışmır, bu kimi yaramaz, şәriәtә zidd işlәrin qәbahәtini başa salmır, hәtta, әksinә, onları mәrdimazarlığa, zülmә, müftәxorluğa, arsızlığa hәvәslәpdirirlәr. Allahın peyğәmbәri necә razı ola bilәr ki, onun övladı sapsağlam olduğu halda, heç bir iş görmәyib, camaatın qarşısında әl açıb dilәnsin. Seyid olub-olmamasından asılı olmayaraq, millәtdәn bir nәfәr bәdәncә şikәst olub, işlәmәk qabiliyyәtini itirdikdә varlılar tәrәfindәn himayәyә alınmalı vә yardım görmәlidir. Gәlәk xüms mәsәlәsinә. Xümsün verilmәsi dә hәr kәsin insafına, dәyanәtinә bağlıdır. Çomaq gücü ilә xüms almaq olmaz. Aydındır ki, әgәr bu qәdәr işsiz seyid tayfası bir işin, sәnәtin ucundan tutsa öz maaşlarını idarә edә bilәr. Belә olduqda, әlbәttә, onlar hәm öz izzәt-nәfslәrini, heysiyyәtlәrini mühafizә etmiş olarlar, hәm dә millәt, mәmlәkәt xalqın başqa fәrdlәrinin әmәyindәn faydalandığı kimi, onların da sәyinin nәticәsindәn faydalanar. Әgәr desәlәr ki, hәr bir әhәmiyyәtsiz işә qol qoymaq seyidlәrin şәninә yaraşmaz. Mәn onların cavabında demәliyәm ki, bu boş bir iddiadır. Onların bütün mәxluqat üçün allahın höccәti olan pak cәddi gәlәcәkdә öz ümmәtinә sәrmәşq olmaq mәqsәdilә başqalarına muzdurluq edirdi. Belә olduqda, öhdәsindә xüms ödәmәk borcu olan bir şәxs seyidin sorağı ilә şәhәrdәn-şәhәrә gәzmәli, onu tapandan sonra da әlindәn-ayağından öpüb xahiş etmәlidir ki, xüms babәtindәn olan mәblәği qәbul edib, onu borcdan xilas etsin. Seyidlәr isә daha dәstә-dәstә xarici ölkәlәrә tökülüşüb xaçpәrәst vilayәtlәrindә biabırçılıqla xalqın yaxasından tutub xüms istәmәmәlidirlәr. İş oraya gәlib çatmışdır ki, hazırda rus dövlәti başına yaşıl, göy әmmamә qoymuş adamları öz ölkәsinә buraxmır. Axı insaflı olmaq lazımdır, haram bir iş olan bu dilәnmә peşәsi irs ilә hәmin seyidlәrin övladına da çatacaq, onlar da qiyamәtәdәk xar vә zәlil olacaqlar. Bunun günahı onları hәmin alçaq işә şirnikdirәnlәrin boynuna qoyulacaq. Mәnim zәnnimcә, heç bir nәsәbi dürüst olan seyid acından ölsә belә bu zillәtә boyun әymәz. Vәssәlam.

Nә isә, yenә dә mәtlәbdәn uzaq düşdük. Bu söhbәtlәr qurtarmamışdı ki, Mәrәnd qәsәbәsi uzaqdan göründü. Biz atları mahmızlayıb, bir saatdan sonra Mәrәndә çatdıq. Çaparxanada atlardan düşdük. Çapar dedi:

Belә mәlum olur ki, bir neçә saat burada mәәttәlçiliyimiz olacaq. Çünki burada çapar get-gәli çoxdur. Bir tәrәfdәn Әrvәnq Әnzaba, o biri tәrәfdәn Tәbrizә, Culfa sәrhәddinә gedib-gәlәn müsafirlәrin sayı çoxdur. Buna görә dә çaparxanada hazır at tәsadüfdәn-tәsadüfә tapılır.

Xülasә, atlardan düşüb, çay sifariş elәdik. İstәdik yolun yorğunluğunu bir qәdәr canımızdan çıxaraq. Gördüm üç-dörd nәfәr dә bizim kimi tәzәcә yoldan yetişib, xurcunlarını, sәfәr lәvazimatını bir tәrәfә düzüb әylәşib. Onlardan birinin uca qamәti, qara boyanmış saqqalı, hәnalı әllәri, barmaqlarında bir neçә әqiq üzüyü, rizayi tirmә şalından әmmamәsi, әynindә sәncab dәrisindәn xәz geymәsi var idi. Bu görkәmli kişi boynuna qara şal salıb, qәm dәryasında qәrq olmuşdu. İki-üç stәkan çay içәndәn sonra Yusif әmiyә dedim:

“Dur gedәk bir az bu qәsәbәni dolanaq.”

Üzümü hәmin müsafirlәrә tutub soruşdum ki, bazara hansı tәrәfdәn getmәk olar. O, başı әmmamәli, görkәmli şәxs dedi:

“Әgәr meyvәdәn-zaddan alacaqsınız bu tәrәfdәn gedin.”

Dedim:

“Bir şey almayacağıq, ancaq tamaşa elәmәyә gedirik.”

“Mәqsәdiniz tamaşa elәmәkdirsә, onda heç getmәsәniz yaxşıdır. Çünki bütün qәsәbәdә kişilәrin ağlar gözü, qadınların fәryadı vә şivәnindәn başqa bir şey görmәyәcәksiniz. Şәhәrin bütün mәhәllәlәri yasa batmışdır.”

“Nә kimi bir hadisә baş veribdir ki, onun müsibәti bütün şәhәri tutubdur?” -- dedim.

“Bir aydır ki, göydәn bu şәhәrә çiçәk bәlası nazil olub. Elә bir ev yoxdur ki, orada allahın bu bәlasından bir uşaq ölmәmiş olsun. Elә bir valideyn tapmaq olmaz ki, ürәyi öz әziz uşağının ölümündәn yaralı olmasın. Onlardan biri dә mәn qara günlüyәm. Bir hәftәnin içindә iki әziz oğlumu bu qara torpağa tapşırmışam. İki uşağın ölümünün qәmini çәkmәk bir yana dursun, onların anasının gecә-gündüz kәsilmәk bilmәyәn ah-nalәsi ciyәrimi dağlayır, yaşayışı mәnә büsbütün haram etmişdir. Ona görә dә dәli kimi evimi, dirliyimi buraxıb sәfәr әzmi ilә bәrri-biyabana üz qoymuşam. Heç özüm dә bilmirәm ki, haraya gedirәm, nә elәmәk istәyirәm.”

Yazıq bu әsnada öz hәsbi-halında uca avazla neçә beyt növhә oxuyub, hönkür-hönkür ağladı, gözlәrinin yaşı bulaq kimi axmağa başladı. Onun halına ürәyim çox yandı. Dedim:

“Bәs uşaqlara çiçәk döydürmәmişdiniz?”

Dedi:

“Ay baba, çiçәk döydürmәk-zad hamısı firәngilәrin sözüdür. Allahın istәyi belә imiş, gәrәk belә ola imiş.”

Bu kimi sözlәrdәn çox dedi.

“Ağa, sizin ismi-şәrifiniz nәdir,” -- deyә soruşdum.

“Hacı Molla ... mәrsiyәxani-Mәrәndidir,” -- dedi.

Dedim:

“Hacı axund, bu xәstәlikdәn neçә nәfәr uşaq tәlәf olubdur?”

Dedi:

“Qәbirqazanların hesabına görә dünәnәcәn altı yüz adam dәfn olunubdur. Yüzdәn çox uşaq da ya kor, ya da әlil olmuşdur.”

Dedim:

“Mәnim ağam, bu qәdәr mәsum uşağın qanı sizin vә sizinlә həmәqidә olan adamların boynunadır. Necә ki, yәni çiçәk döydürmәk firәngilәrin sözüdür? Nә vaxtadәk bu cәhalәtdә qalacaqsınız? Bu sözlәr nәdir? Belә bir süst etiqadınıza görә bu qәdәr mәsum uşağın ölümünә sәbәb olmağınız guya bәs deyilmiş, hәlә utanmaz-utanmaz bu işi allahın iradәsinә nisbәt verirsiniz. Sizin bu batil etiqadınızın әlindәn allaha pәnah aparıram. Bunların hamısı sizin qәflәtiniz, cәhalәtinizin nәticәsidir. Allahın iradәsi bundan ibarәt olmuşdur ki, bir ovuc torpaqdan, sudan mәnim vә sәnin kimi әn gözәl görkәmli heykәl yaransın, bu heykәl dil açıb danışsın, yaxşını pisdәn seçә bilsin, allahın qüdrәt әli ilә beyindә vә ürәkdә yaranmış ağılın vә huşun tәlәbinә әsasәn elm öyrәnsin, allahın vәhdaniyyәtini tanısın, ona şüur üzrә bәndәlik elәsin. Allah heç bir şeyi sәbәbsiz yaratmadığı kimi, heç bir dәrdi dә dәrmansız yaratmamışdır. Çöldә göyәrәn ot-әlәfin çoxu bu cür dәrdlәrin dәrmanıdır. Başçılarımızı bir neçә yerdә bizә qәti şәkildә tapşırmışlar ki, xәstәni hәkim yanına aparıb ondan әlac istәyin. Mәgәr eşitmәmisәn ki, Musa әleyhissәlam xәstәlәnәn vaxt allah buyurdu: "Ey Musa, mәn sәbәbsiz, vasitәsiz sәnә şәfa bağışlamaram, gәrәk hәkim yanına gedib öz dәrdini söylәyәsәn". Mәgәr oxumamısan ki, peyğәmbәr sәlәvatullah buyurmuşdur: "Taun vә ya vәba xәstәliklәri olan şәhәrә girmәyin. Әgәr xәstәliyin zühur etdiyi vaxt o şәhәrә daxil olmuşsunuzsa, onda xәstәlik kәsilәnәdәk oradan bayıra çıxmayın". Firәngilәr allahın peyğәmbәrinin bu gözәl fәrmayişinә әmәl etmişlәr. Yalnız bu işin adını "karantin" qoymuşlar. Amma tәәssüflәr olsun ki, hәla bugünәdәk mәnimlә sәn elmsizlik, xәbәrsizlik üzündәn, islamiyyәtin pak şәriәtinә tabe olduğumuz halda, öz rәhbәrlәrimizin әmrlәri vә fәrmayişlәrinin mәnasını anlamamışıq. Lakin firәngilәr, әcnәbi olmalarına baxmayaraq, onu anlamış vә icra etmişlәr. Gör işin tәfavütü haradan harayadır!

Alman dövlәtinin hal-hazırda yüz kürur cәmiyyәti var. Bütün alman mәmlәkәtindә il әrzindә çiçәk xәstәliyindәn altı yüz uşaq ölmür. Amma siz bu kiçik qәsәbәdә tәnbәllik, cәhalәt, xәbәrsizlik nәticәsindә millәtin sayca artmasının ilk vasitәlәrindәn olan altı yüz mәsum uşağı yoxluq diyarına göndәrmisiniz. Özü dә bunun adını qoymusunuz "allahın iradәsi". Әgәr allahın iradәsi belә istәmişdirsә, onda nә üçün ağlayırsan? Bu alovlu ahları nә üçün çәkirsәn? Gәrәk sevinib şadlıq elәyәsәn!”

Xülasә, bu uzun-uzadı söhbәt yenә dә ixtiyarımı әlimdәn aldı, әhvalım dәyişildi. Gördüm müsafirlәrdәn biri kәnardan diqqәtlә mәnә qulaq asır, özü dә vәziyyәtimi nәzәrdәn qaçırmır. Mәndәn soruşdu:

“Ay qardaş, siz haralısınız?”

“Buralıyam,” -- dedim.

“Yәni mәrәndlisiniz?”

“Yox, iranlıyam.”

“İnanmıram,” -- dedi, -- “iranlı belә sözlәr demәz.”

Dedim:

“İranlıyam, amma Misirdә yaşayıram.”

Dedi:

“Gördün mәn yanılmamışam, zәnnim doğru çıxdı. Mәnim әziz qardaşım, әsәbilәşmә, qanını qaraltma. Bu ağa hәmin şәhәrin mәrsiyәxanıdır. Onun dәrdi özünә bәsdir, daha sәn nә üçün dava elәyib onu incidirsәn?”

Dedim:

“Mәnim qәsdim onunla dava elәmәk, yaxud onu incitmәk deyil. Mәn bu kimi hikmәtdәn, ağıldan uzaq sözlәri harada eşidirәmsә sәbrim tükәnir. Axı özün insaf elә, mәn pis söz deyirәm?”

“Mәn әvvәldәn sizin sözlәrinizә qulaq asırdım,” -- dedi. -- “Hamısını doğru buyurdunuz, haqq söz danışdınız. Amma zaman vә mәkanı da mülahizә buyurmalısınız. Doğrudur, sizin gördüyünüz o ölkәlәrdә çiçәk döyürlәr, karantin qoyurlar. Bu iki tәdbirin insaniyyәt alәminә olan xeyri gün kimi aşkardır. Ancaq o ölkәlәrdә dövlәtlә millәt arasındakı münasibәt ata ilә övlad arasındakı münasibәt kimidir. Әgәr bir uşaq qәzaya uğrasa, öz qәti әcәli çatmamış tәlәf olsa, dövlәt elә bilәr ki, onun öz uşağı ölmüşdür. Bir dәqiqә dә olsun o uşağın ölümünün sәbәblәrini axtarmaqdan әl çәkmәz. Nәhayәt, onun tәlәf olmasının sәbәbini tapıb, gәlәcәkdә belә bir qәzanın baş vermәsi qarşısını alar. Mәn özüm dә bir müddәt İstambulda yaşamışam. Hәr gün görürdüm ki, dövlәt hakimlәri küçә-küçә, mәhәllә-mәhәllә, qapı-qapı evlәri gәzib, uşaqlara pulsuz çiçәk döyürlәr. Әgәr bir nәfәr hәmin bizim Hacı axund cәnablarının әqidәsindә olub, öz uşağına çiçәk döydürmәsә idi tәnbeh olunurdu. Orada belә gözәl qayda bütün şәhәrlәrdә, qәsәbәlәrdә, hәtta ucqar kәndlәrdә icra edilir. Doğulanların hamısı adı ilә, nişanı ilә nüfus dәftәrinә yazılır. Ölәnlәr dә bu minvalla qeydә alınır. Ölәnlәrin sayını hәr hәftә qәzetlәr vasitәsilә xәbәr verirlәr. Mәsәlәn, yazırlar ki, bu hәftә әrzindә şәhәr әhalisindәn filan qәdәr vәfat etmişdir. Onların xәstәliyini dә müәyyәnlәşdirirlәr. Yoluxucu xәstәliklәr büruz edәn kimi onun qarşısını almaq üçün lazım olan tәdbirlәr görülür. Sәhiyyә idarәsi xәstәliyi dәf etmәk uğrunda var gücünü sәfәrbәrliyә alır.

İndi dә buyurun, bizim bu bәdbәxt mәmlәkәtin vәziyyәtinә baxın. Әgәr bir gecәnin içindә bir şәhәrin әhalisinin yarısı әcәl-mayallaq olsa, dövlәt nәinki onların barәsindә fikirlәşmәz, hәtta ölülәrin dәfn edilmәsi üçün dә bir iş görmәz. Belә olduqda, daha çiçәkdәn, yaxud zәlzәlәdәn qırılanlara nә fikir verәcәk. Dövlәtin nәzәrindә hәr şeydәn qiymәtsiz, әhәmiyyәtsiz bir şey varsa, o da tәbәәlәrinin hәyatıdır. Bir vilayәtin әhalisi aclıqdan, qәhәtlikdәn qırılmaq әrәfәsindә olsa da oranın hakimi özünün ova çıxması vaxtını bir dәqiqә dә gecikdirmәz. Mötәbәr şәhәrlәrdә hәr bir tiryәki dәrviş, hәr bir dava-dәrman satan әttar hәkimdir, hәr bir savadsız qarı arvad mamaçıdır. Dәllәklәrin dә öz yeri var, bütün dәrdlәrin davası onların bellәrindәn asdıqları xırdaca xurcunda yerlәşibdir. Bu insafsızlar gündә neçә nәfәri öldürürlәr. Bir bunlardan soruşan da yoxdur ki, ay balam, incә hәkimlik fәnnini siz harada öyrәnib, hansı tibb mәktәbindәn tәsdiq alıbsınız. Mәnim atam da hәkim idi. O mәrhumun vәfatından sonra qohum-әqrәba dövrәmә toplaşdı ki, gәrәk qoymayasan atanın ocağı sönsün. Allaha şükür, savadın var, atanın kitabında da ki, bütün dәrmanların adı yazılıbdır. Götür, camaatı müalicә elәmәyә başla. Bu şәhәrdә tәbabәt sizin nәslinizә mәxsusdur.

Dedim: baba, mәn hara, hәkimlik hara?! Siz allah, mәnim yaxamdan әl çәkin, mәni işә salmayın. Mәnim xәstәlikdәn vә onun müalicәsindәn nә xәbәrim var. Mәnim әlimi müsәlmanların qanına batırmayın. Vicdanım bu işә heç vaxt qol qoya bilmәz. Xülasә, nә qәdәr üz vurdular qәbul elәmәdim. Atamdan miras qalmış tәbabәt kitabını әlacsızlıq üzündәn Ağa Sәmәd Әtvara on dörd tümәnә satıb, canımı xilas elәdim. Ancaq Ağa Sәmәd indi o kitabın bәrәkәtindәn Ağa Mirzә Әbdül Sәmәd hәkim olaraq böyük şöhrәt qazanmışdır. Bu gün-sabah hәkimbaşı olar, dövlәtdәn dә bir lәqәb alar.

Deyirәm әgәr o dünyada da, Mәrәnddә vә İranın başqa yerlәrindә olduğu kimi, atanın qisasını oğuldan alsalar, onda vay mәnim halıma. Ona görә ki, bilirәm, rәhmәtlik atam iki yüz nәfәrdәn artıq müsәlmanı tәrsinә elәdiyi müalicәlәri, zәrәrli dәrmanları ilә vaxtından әvvәl öldürmüşdür. Yazıq, dәrman әvәzinә hәr bir xәstәliyә işlәtmәli, hәr bir xәstәyә albuxara aşını mәslәhәt görәrdi. Bütün xәstәlәrinә buyurardı ki, hәcәmәt qoydurub, qan aldırsınlar. Günlәrin birindә bir ildәn çox xәstәlәnib yastığa düşmüş bir qoca kişini mәnim mәrhum atamın yanına gәtirdilәr. Mәn dә orada idim. Atam xәstәni görәn kimi dedi:

“Gәrәk buna hәcәmәt qoyulsun.”

Xәstә gedәndәn sonra mәn atama dedim:

“Ata, әgәr hәcәmәt elәtdirmәkdәn mәqsәdiniz qan almaqdırsa, o kişinin rәng-ruhundan mәlumdur ki, damarlarında bir misqal da qan qalmayıbdır. Yox, әgәr bәdәnin yelinin çәkilmәsini istәyirsinizsә, bu yazıq onsuz da öz hәyatının xırmamını bada vermişdir vә son nәfәsini çәkir.”

Rәhmәtlik atam mәnә hirsli-hirsli baxıb dedi:

“Bәs azarlıya nә demәk lazımdır.”

“Nә bilim nә demәk lazımdır.”

Dedi:

“Onda ki, bilmirsәn, füzulluq elәmә!”

Söhbәtimiz burada qurtardı. Mәn doğrudan da heç belә iranlı görmәmişdim. Xoşәxlaq, şirin-söhbәt, mәzәli danışan bir kişi idi. Xaricdәn dә xәbәrsiz deyildi. Onun söhbәti çox xoşuma gәldi. Olan-qalan bir qutu yüz dәnәlik gözәl Misir papirosu varım idi, ona hәdiyyә verdim. O da mәmnuniyyәtlә qәbul elәdi. Belәliklә mәn onunla tanış oldum. Öz vizit vәrәqimi ona verdim. Onun da adını, ünvanını soruşub cib dәftәrimdә yazdım. Çaparxanada dörd saat qalandan sonra bu tәzә tanışımla vidalaşdım.

Bәli, Mәrәnddәn dә çıxdıq. Sabahısı gün ikindi çağı Araz kәnarına çatıb, ayağımızı üzәngidәn çıxardıq. Bir nәfәr qarşımızda dayanıb amiranә dedi:

“Xan sizi çağırır!”

“Xan kimdir, adı nәdir, bizimlә nә işi var,” -- dedim.

“Xan-Әmintәzkirәdir, sizin pasportlara baxıb qol çәkmәk istәyir,” -- dedi.

“Bәs elәdә demә ki, sizi istәyir, de pasportları istәyir,” -- dedim.

Dedi:

“Bәli, pasportları istәyir.”

Pasportları verdim, apardı. Neçә dәqiqәdәn sonra qayıdıb gәldi. On dörd qran qol pulu istәdi. Verdim.

Dedi:

“Bizim dә qulluq haqqımızı ver.”

İki qran da ona verdim. Razılıqla dedi:

“Yaxşı yol, sağ-salamatlıqla gedin.”

O çıxıb getdi, biz dә farağat tapıb әtrafımıza göz gәzdirdik. Gördüm ki, Batumda, Bakıda görmüş olduğum kimi, hәmvәtәnlәrimdәn iki yüz nәfәrә yaxın halı pәrişan adam dәstә-dәstә yığılıb günәşin altında dayanmışdır. Әmintәzkirәnin adamları isә onları dövrәyә alıb, pasport pulu toplayırlar. Pul iyi duyduqları hәr bir kәsdәn daha artıq alırdılar. Pulsuzları sillә-tәpik altına salıb döyürdülәr. Qәribә bir hәngamә idi. Onların halına ürәyim od tutub yandı. Bu әsnada bir qәdәr aralı, qoltuqlarında dәf-dümbәk tutub, yanlarında neçә oyunbaz meymun-әntәr saxlamış başqa dәstәni gördüm. Neçә nәfәr qız paltarı geymiş telli oğlan onlarla idi. Pasport mәmurları bunlarla da әlbәyaxa idilәr. Bunların kim olduqlarını, nә üçün sәs-küy saldıqlarını soruşdum. Dedilәr bunlar da Arazın o tayına keçmәk istәyirlәr. Peşәlәri Qafqaz ölkәlәrini avara-avara gәzişib, bu oğlanları, meymunları, әntәrlәri oynatmaqdır. Bu vasitә ilә hәr qapıdan bir pay dilәnib başlarını girlәyirlәr. Cәncәlin sәbәbi dә budur ki, Әmintәzkirә meymunlardan, әntәrlәrdәn dә tәzkirә pulu istәyir. Bunlar da vermirlәr. Deyirlәr bu tәzә dәbdir. İndi üç gecә-gündüzdür ki, burada mәәttәl olublar. Gördüyunüz bu hәngamә tәzkirә mәmurları ilә bunların arasında hәr gün tәkrar olunur. Bu hadisә dә mәni tәәccüblәndirib heyrәtimi artırdı.

Әlqәrәz, bu kәdәrli vәziyyәti görmәmәk üçün istәyirdim özümü mümkün qәdәr daha tez o tәrәfә salım. Çayın kәnarına gәlib keçidindә dayandım. Gördüm çaydan keçmәk üçün yeganә bir vasitә bircә dәnә qayıqdan ibarәtdir. Qayıq da ki, maşallah olsun, o qәdәr köhnә idi ki, elә bil Nuh peyğәmbәrin dövründәn yadigar qalmışdır. Müsafirlәri bu qayıqla Arazın o tayına rus sәrhәddinә keçirirdilәr. Biz dә iki nәfәrә iki qran verib qayıqda oturduq. Qayıq sahildәn bir qәdәr aralanandan sonra Yusif әmi İrana tәrәf baxıb dedi:

“İlahi, sәnә yüz min şükr olsun ki, canımız bu xaraba ölkәdәn sağ-salamat xilas oldu.”

Yusif әmi, belә bir şükrü yalnız mәnim salamatlığım xatirinә elәmәsinә baxmayaraq, çox yersiz danışdı. Çünki bu sözlәrin mәnim vәtәnpәrvәr tәbiәtimә vә xasiyyәtimә zidd olduğunu yaxşı bilirdi. Onun bu yersiz sözündәn ürәyim bәrk incidi. O dәrәcәdә mәnә toxundu ki, sözlә ifadә edә bilmirәm. Sanki başıma bir qazan qaynar su tökdülәr. Beynimdәn tüstü qalxdı.

Dedim:

“Ay insafsız, bu pak torpağın tәqsiri nәdir? Vәtәni tәrk edirsәn, әlvida duasını oxuyub, bir daha buraya qayıtmağı allahdan dilәmәkdәnsә sevinib şükr edirsәn. Qәribә daş ürәyin var!”

Sözümü deyib qurtara bilmәdim, mәni ixtiyarsız ağlamaq tutdu. Hönkür-hönkür ağlayıb dedim: "Ey mәnim әziz, sevimli vәtәnim! Canım, ruhum sәnin torpağına fәda olsun. Mәnim mәzhәbimdә sәn cәnnәtdәn dә müqәddәssәn. Sәnin torpağın diriliyin bulağı, havan isә әbәdi cәnnәt havasının hәsәd aparacağı bir havadır. Heyf ki, naxәlәf övladın sәnin yüksәk qәdrini alçaltdı, sәnin şan-şövkәtini qorumadı, sәni әcnәbilәrin gözündә xar etdi. Peyğәmbәrimizin imana bәrabәr hesab etdiyi vәtәn mәhәbbәtini unutdu. Daha bunu bilmәdi ki, bu xarlıq işin sonunda onların özlәrinә vә övladına şamil olacaqdır!

Ey mәnim müqәddәs vәtәnim! Bu cahil övladların sәnin qәdrini o dәrәcәdә aradan aparmışlar ki, bu gün sәnin mehriban qucağından ayrılıb gedәn hәr bir naxәlәf fәraqın üçün qan ağlamaqdansa, qayğı vә mәhәbbәtini yad edib kәdәrlәnmәkdәnsә, sәndәn ayrıldığına görә utanmazcasına şükr elәyib sevinir. Amma mәn sәnin fәraqında ürәyi dağlı, gözlәri yaşlı bir oğlunam. Mәnim mәzhәbimdә sәndәn ayrılmaq can vermәkdәn dә çәtindir.

Gedirәm, hәsrәt üzündәn baxıram arxaya mәn,

Ayağımdan xәbәrim yox, necә arxamca gәlir.

Bәli, mәnim dә dilimdә minbir şikayәtim var; ancaq mәnim şikayәtlәrimin hamısı sәnin naxәlәf övladlarındandır. Onlar sәnin haqqında öhdәlәrindә olan borcu yerinә yetirmәyib, sәnә cәfa edirlәr. Bağbanı tәnbәl olan bağın saralıb solmaqda nә tәqsiri var.

Ey mәnim әziz vәtәnim! Hәrçәnd ki, mәnim qardaşlarım olan vәfasız övladlarından şikayәtim var. Ancaq onların da mәndәn narazı olduqlarını bilirәm. Onlar bundan sonra yığıncaqlarda, mәclislәrdә mәndәn gileylәnib şikayәtlәnәcәklәr. Bәlkә dә mәni sәnә bәslәdiyim dәrin mәhәbbәtә görә dәlilikdә ittiham edәcәklәr. Öz dәftәrindә mәnim adımı bir boşboğaz, cәfәng danışan boşbeyin kimi qeyd etmәlәri dә bәid deyil. Mәn onların adını, İran tarixi isә mәnim adımı bir dәli kimi qeyd edәcәk. Amma onların vecinә deyil, çünki vәtәnpәrvәrliyin mәnasından, onun ülvi alәmindәn xәbәrsizdirlәr".

Ağlamağım getdikcә şiddәtlәndi, nәfәsim tıxandı. Daha dilim söz tutmadı. Yusif әmi yanılıb yersiz danışdığını anladı, araya söz salıb, mәni kәdәrli vәziyyәtdәn qurtarmaq istәdi. Dedi:

“Bәy әfәndi, baxın, su elә lal axır ki, heç bilmirsәn hansı tәrәfә cәrәyan edir.”

Doğrudan da, Yusif әminin öz sözündәn artıq dәrәcәdә peşmançılıq vә xәcalәt çәkmәsi aydın idi. Mәn kәdәr alәmindәn ayrıldım. Qayıq da çayın sәrhәd olan sahilinә çatdı. İkimiz dә yük-yapımızı götürüb qayıqdan çıxdıq. Rusiyanın gömrük vә sәrhәd mәmurları o saat gәlib pasportlarımıza viza qoydular. Yәni pasportlara baxıb qol çәkdilәr. Ondan sonra çaparxana mәmurunu görüb at istәdim. O dәqiqә atları hazırladılar. Minib yola düşdük. Yol üstündә Naxçıvan şәhәrindәn başqa diqqәtәlayiq bir yer görmәdik. Oradan da keçib uzun bir mәsafәni arxada qoyandan sonra Qafqazın mәşhur şәhәrlәrindәn olan İrәvan şәhәrinә çatdıq. Müsafir çox olduğuna görә buranın çaparxanasında hazır at yox idi. Üç-dörd saat mәәttәl olub at gözlәmәli idik. Ona görә dә gәlib aşağıda gәzmәyә başladım. Birdәn papağında şiri-xurşid әlamәti olan bir fәrraş gәlib dedi:

“Ara, tәzkirәlәrinizi verin baxım.”

Tәzkirәlәrimizi göstәrdim. Dedi:

“İki manat verin.”

Sözsüz-sorğusuz çıxarıb iki manat verdim. Alıb getdi. Çaparxana mәmurlarından biri mәnә dedi:

“Nә üçün ona pul verdiniz? Tәzkirәyә baxmaq adı ilә bunların müsafirlәrdәn pul almaq haqları yoxdur. Ancaq haqları olmaya-olmaya gәlib istәyirlәr. Heç kәs onlara bir şey vermir, hәtta bәzisindәn kötәk dә yeyirlәr. Yalnız bәzi aciz-avaradan bir şey qopara bilirlәr.”

“Eybi yoxdur,” -- dedim. -- “Elә biz dә aciz-avaralardan biriyik.”

Dörd saat dayandıqdan sonra atları gәtirib qoşdular. Biz poçta ilә Axaltskә tәrәf yola düşdük. Bir iranlı da bizә yoldaş idi. Ondan soruşdum:

“Haralısınız?”

“Xoyluyam,” -- dedi.

Dedim:

“Bu sәfәrimdә mәn istәyirdim Xoy şәhәrini dә sәyahәt elәyim. Amma bu Yusif әmi mәni qoymadı. Heyf ki, o şәhәri görmәdim. Bir deyin görüm ora necә şәhәrdir?”

Yoldaşımız şәhәrin vәziyyәtindәn bir qәdәr söhbәt elәdi. Oranın ticarәtindәn, әkinindәn soruşdum.

Dedi:

“Hәr şey var, amma İstambulla ticarәti tamamilә kәsilibdir. İstambulla ticarәti olanların hamısı iflasa uğramış, ayaqdan düşmüşlәr.”

Mәn yenә dә o şәhәri sәyahәt etmәk әzmindә möhkәm olmayıb, oraya getmәdiyimә tәәssüflәndim. O dedi:

“Kaş bir gәlib görәydiniz. Molla Hüseyn Cinninin şagirdlәrindәn biri Xoya tәzә rövzәxan gәlibdir. Cavan olmasına baxmayaraq öz qoca ustadı kimi mәrsiyә oxuyur. Әcinnә tayfası onun qoltuğunun altında gizlәnib onunla danışır, ona elә tәzә mәrsiyәlәr öyrәdirlәr ki, heç xoruz sәsi eşitmәyibdir. Cinlәrin onun üçün yazdıqları mәrsiyә kitabını onun özündәn başqa bir kәs oxuya bilmir. Mәrsiyә mәclislәrindә adam әlindәn iynә salsan yerә düşmәz. Camaat onun mәrsiyәsindә göz yaşı axıtmaq әvәzinә qan ağlayır. Bütün mәrsiyәxanların bazarını bağlayıbdır. İşi yaman tutubdur.”

Dedim:

“Zәhmәt olmasa, bu söhbәti büküb bir tәrәfә qoy, bundan artıq eşitmәk taqәtim yoxdur. Xoya getmәmiş sәyahәtimi qurtardım. Sizin fәrmayişinizdәn o şәhәrin әhalisinin nә kimi dәrdә mübtәla olduğunu anladım. Mәnim ağam, bu sözlәr müsalmançılığın tamamilә ziddinәdir. Necә yәni cinlәr gәlib adamın qoltuğunda gizlәnir, yaxud әbasının әtәyi altında әylәşib ona mәrsiyә öyrәdirlәr.”

Bununla söhbәtimizi qurtarıb fikrә daldım. Yalnız mәnzilә gәlib çatan vaxt özümә gәldim. Burada da dörd saat oturub Batuma gedәn qatarın intizarını çәkdik. Qatar gәlәn kimi oturub, Batuma yola düşdük. Mәn dә öz sәyahәtnamәmi burayadәk yazdım.

Sәyahәtimin nәticәsi bundan ibarәtdir ki, gәzdiyim İran ölkәsinin heç bir şәhәrindә mәni sevindirә bilәcәk tәrәqqi әsәri vә ya mәdәniyyәtә tәşәbbüs görmәdim. Ticarәtdә, kәnd tәsәrrüfatında babalarından nә qalıbsa, onunla kifayәtlәnirlәr. Tәәccüblü burasıdır ki, ata-babalarının mәişәt tәrzini olduğu kimi qoruyub saxladıqlarına fәxr edirlәr. Ancaq mәsrәfsiz bәzәk-düzәyi evlәrindә artırmaq sahәsindә o dәrәcәdә irәlilәyiblәr ki, ata-babaları bu vәziyyәti heç yuxuda da görmәmişdilәr. Bunların ata-babaları әziz vәtәnin istehsal etdiyi iki yüz tümәnlik mis qabla böyük bir ailәnin yüz illik ehtiyacını ödәyir, axırda da bu qabların qiymәtindәn heç bir şey azalmırdı. İndi isә bunlar iki yüz tümәnә bir çilçıraq alıb, otaqlarının tavanından asıblar. O da qırılıb bircә dәfә yerә düşmәklә sahibinin qışqırıb "vay" demәsindәn başqa bir әsәr qalmır. Aydındır ki, bu kimi şeylәr onların babalarının heç xәyalından belә keçmәmişdir.

Әksәriyyәti mülkәdar olan bu camaatdan bircә nәfәri dә belә bir xәyala düşmәmişdir ki, qonşu ölkәdәn nümunә üçün bir xırmandöyәn maşını vә ya biçin maşını, ya da buğdatәmizlәyәn maşını alıb öz kәndlәrindә, tarlalarında işә salsın, belәliklә dә onun mәziyyәtlәrini öz gözlәri ilә görsün. Bu ölkәdә başdan-başa bütün böyük şәhәrlәrindәn tutmuş qәsәbә vә kәndlәrinәdәk bircә dәnә ağzından tüstü çıxan maşın vә ya fabrik kürәsi görünmür. Heç yandan dәmiryol qatarının gәlmәsi vә ya çıxmasını xәbәr verәn fit sәsi eşidilmir. Heç bir şәhәrdә dövlәt idarәsi naminә әzәmәtli, uca imarәt görmәk mümkün deyil. Dövlәt xәstәxanasından, mәktәbindәn heç bir yerdә әlamәt yoxdur. Heç bir şәhәrindә tәrәqqi vә mәdәniyyәt nişanından olan kompani bank görünmür. Heç kәs mәscidlәrin vәziyyәti haqqında düşünmür. Sәfәvi şahları vә keçmiş dövrlәrin başqa mәşhur adamlarının qәbirlәri bütünlüklә xarab olub dağılmışdır. Mәmlәkәtin vә millәtin tәrәqqisi uğrunda böyük zәhmәtlәri vә xidmәtlәri olan mәrhum naibüssәltәnә Abbas Mirzә vә mәrhum Mirzә Tәqixan әmir kәbir haqqında xәlәflәrin qәdir bilmәsini andıran bir söz belә dillәrimә gәtirmirlәr. Nә yaxşıları rәhmәtlә yad edir, nә dә pislәri lәnәtlә xatırlayırlar.

İşlәri, peşәlәri bir-birinin hüququnu tapdalamaq, rәhmsizlik, mürüvvәtsizlik, insafsızlıq vә bәdxahlıqdır. Bununla belә, beş nәfәri bir yerә yığılan kimi deyir: "Ay baba, dünya beş günlükdür, axirәt fikrindә olmaq lazımdır". Ancaq hamısı yalan danışır, dildә bir cür, әmәldә başqa cürdürlәr. Xәyallarından keçmәyәn bircә şey varsa, o da qiyamәt gününün sorğu-sualıdır. Xeyrat vermәyinә verirlәr, ancaq varlıların qarnını doyururlar, yoxsulların halına qalan yoxdur. Bütün işlәri riya üzündәndir. Tamahsız, tәvәqqesiz bir adama salam da vermәzlәr. Camaat namazına gәlirlәrsә, demәli, pişnamazdan bir tәvәqqelәri var. Xalqın әxlaqı elә pozulubdur ki, onu islah etmәk nәzәrә çox çәtin gәlir. Demirәm, özümüzә tәsәlli vermәk üçün deyәk ki: "Elә qalmadı, belә dә qalmaz".

Keçdiyin hәr bir yerin torpağının münbit, әkinә yararlı olduğunu görürsәn. Ancaq faydası nәdir? Göz işlәdikcә hәr yer bәyazdır. Elәcә dә bir sıra kiçik vә böyük şәhәrlәrdә әhali o qәdәr azdır ki, elә bil dilsizlәr sәhrasıdır. Camaat xarici ölkәlәrә o dәrәcәdә mühacirәt etmәyә mәcbur olmuşdur ki, şәhәrlәr boşalmışdır. Bu ölkәnin әhalisinin әn bәdbәxt zümrәsi muzdurlar, fәhlәlәr vә hamballardır. Bu yazıqlar gәrәk bir gün işlәsinlәr, bir gün dә çörәk dalınca bütün şәhәri dükan-dükan gәzsinlәr, bәlkә öz pulları ilә bir batman çörәk alıb uşaqlarını doyursunlar. Neçә ildir ki, mәhsulun bol vә bәrәkәtli olmasına baxmayaraq çörәk qıtlığı davam etmәkdәdir. Bu, bir il, iki il deyil, çoxdanın haqq-hesabıdır. Qan içmәkdә Çingizin atlılarından çevik olan mülkәdarların çoxu öz hәmvәtәnlәrinә rәhm elәmәyib, buğdanı anbarlarda çürüdürlәr. Qoy allah özü bu yoxsulların dadını o tamahkar zalimlәrdәn alsın.

Hal-hazırda bütün yer üzündә iranlıdan bәdbәxt bir millәt yoxdur. Sudan vә Hәbәş zәncilәri arasında da bir haqq-hesab var. Onlar da müәyyәn dәrәcәyәdәk bәşәri hüquqlara malikdirlәr, gündәn-günә tәrәqqiyә doğru meyl edirlәr. Lakin qaragünlü iranlıların vәziyyәti gündәn-günә ağırlaşır. Әgәr deyәk ki, allahın istәyi belәdir, onda xәta edәrik, bәlkә küfr demiş olarıq. Dünyanı yaradan allah alim, adil vә mehribandır. Nә üçün gәrәk bir ovuc iranlının xar vә zәlil olmasını istәsin. Desәm ki, bizi cadulayıb tilsimә salmışlar, bu da batil bir әqidә olar. Bәs onda demәliyәm ki, bütün bu gerilik vә zillәtin sәbәbi öz yaramaz işlәrimizin cәzası, tәnbәllik, qәflәt vә cәhalәtimizin nәticәlәridir.

Elm vә insaf gözü ilә baxsaq görәrik ki, bu gün Qәrb ölkәlәri xalqlarının fәxrinә vә başıucalığına sәbәb olan hәr bir vәsilә bizdә olmuşdur. Biz bilә-bilә o asudәlik vә başıucalıq vasitәlәrini rәdd elәyib özümüzdәn uzaqlaşdırdıq. Amma Qәrb ölkәlәri xalqları onları ikiәlli tutub öz mәişәt vә mәdәniyyәtlәrini hәmin vәsaitin üzәrindә qurdular. Tәәssüflәr olsun ki, indi әcnәbilәrin әlindә gördüyumüz bütün bunlara özgә malı kimi hәsrәtlә baxır, daha bilmirik ki, bütün xoşbәxtlik vasitәlәrini özgәlәri bizim qәflәtimiz nәticәsindә әlә keçirmiş, yalnız onların rәngini dәyişmişlәr. İndi biz onlara özgә malı kimi uzaqdan hәsrәtlә baxırıq. Bәli, "öz malını özgәdәn dilәmәk" buna deyәrlәr.

Bu, haman İrandır ki, "şahlıq" vә "әdalәt" sözlәri başqa ölkәlәrә onun müqәddәs torpağından yayılmışdır. Pişdadi sülalәsinin ilk padşahı olan Kәyumәrsdәn tutmuş Sasani sülalәsinin sonlarınadәk bu abad ölkә әdalәtin mәnbәyi olmuş, onun saçdığı mәdәniyyәt işıqları başqa ölkә xalqlarının gözünü qamaşdırmışdır. İndi dә İran mәmlәkәti öz gözәl iqlimi, bәrәkәtli torpağı ilә yer üzünün әn yaxşı ölkәlәrindәn hesab olunur vә bu nemәtin şükrü bizә vacibdir. Ancaq nә faydası İranın indiki әrazisinin Fransa torpağından iki dәfә artıq olmasına baxmayaraq, Fransanın dörddә biri qәdәr әhalisi yoxdur. Mәlum olduğu kimi, әhalinin dәqiq şәkildә siyahıya alınmasının verdiyi nәticәlәrә görә Fransanın qırx iki milyon yarım әhalisi vardır. Lakin İran әhalisi haqqında heç bir hesab-kitab olmadığına görә müxtәlif mәlumatlar verilir. Bәzilәri onu yeddi milyon yarım, bir çoxu da onu on milyon nәfәrәdәk yazıblar. Özümüzü bir qәdәr sakitlәşdirmәk üçün ikinci rәqәmi götürsәk, yenә dә İranda Fransanın dörddә biri qәdәr әhali olmadığı aşkara çıxar. Bu geniş ölkәnin әhalisinin bu dәrәcәdә azalmasının sәbәbini soruşsanız, bir neçә yerdә qeyd etdiyimiz cavabı eşidәcәksiniz. Xalq hakimlәrin tәcavüzü vә özbaşınalığı üzündәn xarici ölkәlәrә cәlayi-vәtәn etmәyә mәcbur olduğuna görә nәsillәr qırılıb aradan getdi. Evlәnmә vә nәslin artması bir növ dayanmış oldu. Bu tәәssüflü vәziyyәtә qan ağlamaq lazımdır. İğtişaşlara, arasıkәsilmәz dava-qırğınlara vә durğunluq dövrünә baxmayaraq, coğrafiyaşünasların bәzisi Nadir şah dövrünün sonlarında İran әhalisini iyirmi milyondan otuz milyona kimi qeyd etmişlәr. İndi bu son yüz әlli il әrzindә ölkә әhalisinin on milyon nәfәri әcnәbilәrә uduzulmuş, başqa on milyon nәfәri isә zalım hakimlәrin әlindәn başını götürüb ana yurdunu, ailәsini tәrk etmәyә mәcbur olmuşdur.

Bundan daha artıq tәәssüflü cәhәt odur ki, bu pәrişanlığın sәbәblәrini heç kәs axtarıb tapmaq fikrindә deyil. Nә olmuşdur ki, indi İran hәr bir şey üçün xarici ölkәlәrә möhtacdır vә yadların tәcavüzünә, sәdәmәsinә mәruz qalmışdır? Gәrәk indi ayaqqabıdan tutmuş papağa qәdәr firәngilәrdәn alsın. Avropalılarla ticarәt әlaqәlərimiz olmayan vaxt bәs nә edirdik? O vaxt bizim әmәlimiz aşmırdımı?! Nә üçün bu әlaqәlәrdә onlar bizә üstün gәlib, bizi özlәrinә möhtac elәdilәr? Aydındır ki, bunun sәbәbi bizim cәhalәtimiz oldu. Sadәlövhlük üzündәn әlimizdә olana qәnaәt elәmәdik. Xarici әmtәәnin yalançı, davamsız naxış-bәzәyinә uyduq, vәtәn mallarının keyfiyyәtini yaxşılaşdırmağa fikir vermәdik. Bu qәflәtin nәticәsindә bugünkü dәrdә düçar olduq. Ata-babalarımız yaxşı demişlәr:

Yamağı yamağın üstünә bәndlә,

Birovuz paltarın minnәtin çәkmә.

Biz onların bu sözünә qulaq assaydıq indi canımızı әcnәbilәrә möhtac olmaqdan qurtarmışdıq. Belә olsaydı öz ehtiyaclarımızı ödәmәk üçün ölkәmizin var-dövlәtini әcnәbilәrin kisәsinә doldurmazdıq.

Burada bir әhvalat yadıma düşdü. Mötәbәr, doğru danışan bir kişidәn eşitdiyimә görә, ölkә başçılarının ibrәt alması üçün burada onu nәql etmәyi münasib hesab edirәm. O mötәbәr şәxs deyirdi ki, günlәrin bir günündә rus imperatorlarından biri tanınmayan bir halda Moskva bazarında gәzirmiş, mağazaların birindә görür ki, bir qәdәr mahud parçanı büküb bir bucağa qoymuşlar. İmperator mağaza sahibinin sәliqәsizliyinә tәәccüb edib içәri girir, onun sahibindәn soruşur: "Bu gözәl әmtәәni nә üçün belә gözdәn salıb toz-torpaq içinә atmısan? Bu sәnin ticarәt işindә sәliqәsizliyini göstәrir". Mağaza sahibi deyir: "Müsyö, mәnimki mәnә bәsdir, köhnә dәrdlәrimi tәzәlәmә, yaralarıma duz sәpmә, mәnim dәrdimin dәrmanı yoxdur". İmperator deyir: "Dәrdini söylәmәkdәn ki, sәnә bir zәrәr toxunmaz. De görüm dәrdin nәdir?" Mağaza sahibi deyir: "Sizin nәzәrinizdә gözәl görünәn bu mәtah mәnim evimi yıxıbdır. Mәnim әmәlli-başlı sәrmayәm var idi. Ticarәt üçün Londona getdim. Orada mahud toxuyan dәzgahları görüb, vәtәnimi mahud ehtiyacından qurtarmaq üçün o maşınlardan vәtәnimdә düzәldib işә salmaq fikrinә düşdüm. Bir müddәt bu iş üçün vaxt itirdim. Çoxlu pul xәrclәdim. Nәhayәt, bu mәtahı öz vәtәnimdә istehsal etmәyә başladım. İndi hәr bir kәs insafsızlıqla ona bir eyb qondarıb almır. Bütün sәrvәtimi, hәyatımın yarısını bu yolda tәlәf elәmişәm. İndi özümü tamamilә itirmişәm. Heç bilmirәm nә edim". İmperator deyir: "Doğrudan da haqqınız var, amma naümid olmayın, allah bu işi yoluna salmağa qadirdir. Hәlәlik ondan iyirmi arşın mәnә verin". Mağaza sahibi mahudu verib pulunu alır. Onun sabahısı gün imperator öz imzası ilә qәzetlәrdә bir elan dәrc etdirir. Orada yazır ki, filan mağazada çox әla vәtәn mahudu var. Mәn özüm dә ondan bir dәst paltar tikdirib geymişәm. Çox gözәldir, başqaları da ixtiyar sahibidirlәr.

İndi belә bir elandan sonra hansı vәzir, vәkil, hakimin cәsarәti var ki, xarici mahuddan paltar geysin? Buna görә dә hәr tәrәfdәn camaat o mağazaya axışıb mahud alır. Qısa bir müddәt әrzindә mahud tamamilә satılıb qurtarır. Ondan sonra da vәtәn mahudu o qәdәr rәvac tapır ki, çoxlu karxanalar tәsis olunur. Hәmin bircә elanın bәrәkәtindәn bugünәdәk Rusiyada qırx beş mahud karxanası açılmış, hamısı da işlәyib mәnfәәt verir. Görün bu işlә sizin şahnişan lalә çıraqların, büllur әsbabların nә qәdәr tәfavütü var!

Nә isә, mәtlәbdәn uzaq düşdük. Bütün millәtlәrin alimlәrinin tәsdiq etdiyinә görә, iranlılar fәrasәtli, huşlu-başlıdırlar, onlar hәr cür tәrәqqi vә mәdәniyyәt qabiliyyәtinә malikdirlәr. Düzgün tәrbiyә olunsalar öz vәtәnlәrinә parlaq xidmәtlәr edә bilәrlәr. Bu iddianı sübuta yetirmәk üçün çoxlu aydın dәlillәr gәtirmәk olar. Birincisi budur ki, müasir elm vә sәnәtdәn mәhrum qalmalarına baxmayaraq, iranlıların öz fikri, xәyalı vә mahir әllәrinin mәhsulu olan bir para әmtәәlәri dost-düşmәni heyran qoyub, onların tәrifini qazanmışdır. Әgәr bu nәcib millәt müasir elmi vә sәnәti dә mәnimsәyә bilsә, şübhәsiz ki, yer üzünün mәdәni xalqlarından biri olar. Elm tәhsilindә dә vәziyyәt eynidir. Rusiya, Fransa, İngiltәrәyә gedib, mәktәblәrә daxil olmuş İran әsilzadәlәri o ölkәlәrdә biganә olmalarına, qürbәt çәtinliklәrinә baxmayaraq, dәrs oxumaqda yerlilәrin özündәn qabağa keçmişlәr. Oxucular soruşacaqlar ki, bәs bu qәdәr fitri istedadlı iranlıların hәr şeydә başqalarından geridә qalmasının sәbәbi nәdir? Onun sәbәbi mәlumdur -- mürәbbinin olmaması, tәrbiyәçinin olmamasıdır. Bәlli olduğu kimi, tam bir әsrdәn bәridir ki, İran hökumәti dәstgahında elmә, sәnәtә etina edәn yoxdur. Bir adamın elm vә sәnәtdә yüksәk mәqamlara çatması üçün ya gәrәk varlı-karlı himayәçilәri, ya da çoxlu pulu olsun. Bu iki vәsilәdәn mәhrum olduqda elmdә, sәnәtdә, bacarıqda öz dövrünün Asәfi olsa belә heç kәs ona etina etmәyәcәk. Yüksәk mәqamlara çatmaq üçün üçüncü yol da var. Ancaq biz onu yazmaqdan utandıq. Әgәr bir şәxsin bu üç vasitәdәn biri olmasa gәrәk yoluxucu xәstәliklәrә tutulmuş azarlılar kimi öz evindә oturub qapını üzünә bağlasın. Çünki hünәr vә fәzilәt işә keçmәz. Atanın fәzilәti vә şöhrәtindәn, әlbәttә, oğula bir pay çatar, elә o da kifayәt edәr. Bir yerdә ki, sipәhsalarlıq qılıncını on dörd yaşında bir uşağın belinә bağlayalar, özünә dә haman yüksәk adı verәlәr, o mәmlәkәtdә istedada arxalanıb tәrәqqi etmәyә daha necә ümid bağlamaq olar? On dörd yaşlı adamın zati istedadı olarsa, hәrbi nazirliyә çatması üçün qırx illik son dәrәcә çәtin, ağır, yoxuşlu yol var. Hәr şeydәn әvvәl gәrәk hәmin şәxs mәşhur hәrbi mәktәblәrdәn birindә dәrs oxuyub oranın fәrqlәnmә diplomunu alsın, sonra hәrbi rütbәnin ilk dәrәcәsindәn başlayıb göstәrdiyi parlaq xidmәtlәrinә görә sәrhәng, sәrtib, mirpәnc, әmirtumanlıq rütbәlәrinә çatsın. Elә ki, dövlәt vә millәtә sәdaqәtdә, bacarıqda, şücaәtdә öz tay-tuşlarından irәli keçdi, bәlkә dә o yüksәk mәqama çata bilәr. Ancaq belә olarsa o şәrәfli ünvana layiq ola bilәr. Hәrgah mәnsәblәr vә rütbәlәr bu yolla verilsә idi, onda xalq yüksәk dövlәt mәqamlarına çatmaq ümidi ilә hәmin hüquqa malik olmaq üçün elmlәri vә fәnlәri tәhsil etmәk dalınca gedәrdi. Onda bütün işlәr dә öz qaydasında olub tәrtibә düşәrdi. Dövlәtin iqtidarı, nüfuzu artıq olardı. Millәt dә başıucalıqla, şәrәflә yaşayardı. Mәmlәkәt dә abad olardı. Bugünkü pәrişanlıqdan, xarlıqdan iz-әsәr qalmazdı. Әn böyük hünәri özünә tabe olan mәmurların maaşını mәnimsәmәk vә qoşunun miqdarını azaldıb hәrbçilәrin geyimindәn, yemәyindәn, sursatından kәsib oğurlamaqdan ibarәt olan bugünkü hәrbi nazirin belindәki qılıncı açıb, hәrbi paltarını әynindәn çıxarsalar onda heç bir hünәr vә fәzilәt qalmaz. Ona görә ki, onda nә varsa qondarmadır. Bircә sözlә bu qәdәr rütbәnin sahibi olubdur. Elә bircә sözlә dә onun hamısını itirә bilәr. Tarix haqqı vә lәyaqәti olmadan yüksәk mәqamlara çatmış bu kimi adamların müqәddәratını çox gözәl göstәrir. Bәrmәk övladının sәrgüzәşti göz qabağındadır. Cәfәr Bәrmәki yaşadığı dövrdә ölkәnin xәzinәsindәn otuz milyon qızıl bağışlamışdı. Ancaq bircә günün әrzindә şahın könlü ondan dönәn kimi otuz şahılıq neft ilә qamış onun vә ona yaxın adamların hәyat xırmanına od vurdu. Uşaqları vә arvadı uzun müddәt ac, sәrgәrdan qaldılar. Belә bir yersiz bağışlamaların ardınca belә bir ağır cәza gәldi. Bunların ikisi dә qanun-qaydadan uzaq idi. Hamıdan tәәccüblüsü budur ki, hal-hazırda İranda hәr bir vәziri mәdh etmәk istәdikdә deyirlәr sәxavәtdә Hatәm Taiyә oxşayır. Әgәr bir vәziri pislәmәk istәsәlәr, deyirlәr yaxşı adamdır, ancaq bir az xәsisdir. Heyf ki, xәsislik bu kişinin yüksәk adını alçaltmışdır. Dürüst diqqәt yetirdikdә mәlum olur ki, birincinin yaxşı cәhәtlәri camaatdan zorla, nahaq yerә almaq, riyakarlıq vә israfla başqalarına bağışlamaqdan ibarәtdir. İkinci vәzirin eybi dә ondan ibarәtdir ki, nә zülm ilә alır, nә dә yersiz israfla bağışlayır. Bunların ikisinin arasındakı fәrqi uzaqgörәn alimlәr özlәri yaxşı tәyin edә bilәrlәr.

Xülasә, ticarәtin, alverçilәrin, tәbәәlәrin vәziyyәti qısa şәkildә deyildi. Mәmlәkәt başçılarının әhvalı da xülasә şәkildә bundan ibarәtdir: İranda elә bir sәdr-әzәm yoxdur ki, sabah bütün mәqamları vә rütbәlәrinin әlindәn alınmayacağına әmin olsun. Elәcә dә, şahın sarayında elә bir qapıçı yoxdur ki, hәr gecә sәdr-әzәmlik yuxusu görmәsin. Hamısı lәqәb almaq, dalınca gedәn atlıların sayını artırmaq, nökәr-naiblәrini çoxaltmaq, cah-calalını yüksәltmәk fikrindәdirlәr. O şey ki, onların heç xәyalına belә gәlmәz vәtәnin qüdsiyyәti, mәmlәkәtin abadlığı, gәlәcәk nәsillәrin istiqbalını tәmin etmәk, dövlәtin iqtidarı vә tәrәqqisi üçün lazım olan amillәri hazırlamaq mәsәlәlәridir. "Çoxları qәflәt yuxusuna dalmış, ancaq ölәndә ayılırlar".

Aqibәtdәn hamısı qafildir,

Cümlәsi yatmağa çox mayildir.

Bu zәrәr onlara mәlum olacaq,

Fәqәt heyhat, ölәndәn sonra.

Bәli, elә ki, qonşuların istila seli başlarından aşdı, onda bugünkü qәflәt yuxusunun peşmançılığını çәkәrlәr. Ancaq heyf ki, sonrakı peşmançılığın faydası olmayacaq.

Burada söz meydanının yeganә pәhlәvanı mәrhum Әbu Nәsr Fәtullaxan Şeybaninin (onun pak ruhunun әbәdi mәskәni cәnnәtdә olsun) şerlәrindәn bәzisi yadıma düşdü. Mәlum olduğu kimi, o gözәl şairin seçilmiş şerlәrini İranın Tiflisdәki general konsulu Mirzә Rza xan cәnabları İstambulda nәşr etdirmişdir. O vaxt dostlarımdan biri ondan bir nüsxә alıb mәnә hәdiyyә göndәrmişdi. Mәn isә öz mәlum tәәssübümә görә onun müәllifini dә, naşirini dә lәnәtlәndirib, hәr iki möhtәrәm şәxsi qeyrәtsizlikdә ittiham etmişdim. İndi özüm öz gözlәrimlә vәziyyәti gördükdәn sonra kamal-icz ilә ikisindәn dә üzr istәyirәm.... O, öz "Pәrişannamә"sindә sanki bu günü görüb bu şeri yazmışdır:

Vay o evin halına ki, dәxl ilә xәrci

Bir-birinә çatmaya, ola xәracı pәrişan,

Xeyrini görmәz çoban yunu vә yağından

Bir sürünün ki, ola nәtaci pәrişan,

Çarәsi qalmışdır indi yaxşı hәkimә,

Mәmlәkәtin ki, ola mәzacı pәrişan.

Elәcә dә, "Kitabi-Әhmәd"in müәllifi açıq fikirli filosof cәnablarından da kәmal-icz ilә üzr istәyirәm ki, tәәssübkeşlik bәlası üzündәn o cәnabın haqqında da pis gümana düşmüşdüm. İndi o böyük kişinin fәlsәfi fikirlәrinin incәliklәrini müәyyәn dәrәcәdә anlayıb, qәbul edirәm ki, bu odun kökü onun canında imiş. "Bu od hәr kәsdә yoxdursa, yox olsun!"

Amma bu qәdәr pәrişanlıqlar olduğu halda, heç bәlli deyildir ki, bu çırpınan ürәklәr nә zaman sakit olacaqdır? Bәlkә dә allah özü bacarıqlı bir hәkim göndәrdi.

Bir ölkәnin nazirlәri arasında birlik olmadığı, bir-birlәri üçün quyu qazmaqla mәşğul olduqları vә habelә bәzilәrinin fikri-zikri ancaq özlәrini müdafiә etmәyә sәrf olunduğu halda, bu keşmәkeşdә onlar sәltәnәt işlәrini mәmlәkәtin nizam-intizamını, xalqın rifahı vә dincliyini necә vә hansı vasitә ilә tәmin edә bilәrlәr?

Nazirlәrin yaxşılığı vә ya pisliyi onların әliaçıqlığı vә ya xәsisliyi ilә ölçülәn bir yerdә o mәmlәkәtin tәrәqqi etmәsinә daha necә ümid bağlamaq olar? Bu iki xasiyyәtin nazirlәrin işinә vә vәzifәsinә heç bir dәxli yoxdur. Nazir qondarma sәxavәtinә, yaxud özgә kisәsindәn etdiyi hatәmliyinә görә deyil, elmi, biliyi, işgüzarlığı vә dürüstkarlığına görә tәriflәnmәlidir. Elәcә dә, onu xәsisliyinә görә deyil, xәyanәtinә, kobudluğuna görә pislәmәk lazımdır. Ona görә ki, bu iki xasiyyәtin -- әliaçıqlığın vә ya xәsisliyin xeyri, zәrәri nazirlәrin işinә vә vәzifәsinә deyil, öz şәxslәrinә aiddir. Әlbәttә, nazir gәrәk şәxsәn öz mәqamının heysiyyәtini qoruyub neçә nәfәr nökәr, xidmәtçi saxlasın, lazım gәlәn vaxtlarda çox әzәmәtli, tәntәnәli qonaqlıqlar tәşkil elәsin. Dövlәt dә gәrәk nazirә elә bir maaş tәyin etsin ki, onun lazımi xәrclәrini ödәsin. Nazir dә öz maaşı ilә kifayәtlәnmәlidir. Maaşına qane olmadıqda onda israf elәdiyi vәsaiti ya gәrәk zorakılıqla xalqdan vә itaәti altında olanlardan çıxarsın, ya da dövlәtin xәzinәsinә әl gәzdirsin. Bu iki cәhәtin ikisinin dә aqibәti qorxuludur. Bәxtlәrinin iki günlük gәtirmәsinә güvәnәrәk dövlәtin vә millәtin milyonlarla hüququnu әcnәbilәrә satan, bunun müqabilindә özlәrini avam camaatın gözündә yaxşı qәlәmә vermәk mәqsәdilә qәpik-quruş bağışlayan nazirlәr özlәrinә zülm etmiş olurlar. Ona görә ki, ruzigar onlara bir neçә gün aman versә dә, yenә dә işin sonunda öz әmәllәrinin cәzasını çәkәcәklәr. Tutaq ki, bunların heç birisi olmadı, tarixçilәrin dilini bağlamaq vә ya qәlәmini sındırmaq ki, mümkün deyildir.

Naziri barmağına dolamış tәnbәl, yaltaq, avara bir şairin qәsidәsinә yüz tümәn vә ya daha artıq verib әldәn-әlә salmaqla başqalarını şirnikdirmәk nazirin yaxşılığına, yüksәk rütbәsinә dәlil ola bilmәz. Bacarıqlı, bilikli nazir odur ki, belә bir şairi yalan toxumaqdan, adamları әlә salmaqdan, yaltaqlıqdan çәkindirib, milli әxlaqın yaxşılaşmasına, milli dilin tәrәqqisinә sәbәb olan hikmәtamiz şerlәr yazmağa yönәldib, hәvәslәndirsin. Cәnnәtmәkan Firdovsi Tusinin әmәyi müqabilindә Sultan Mahmud Qәznәvinin boş vәdәsi indiki şairlәri xam tamaha salmışdır. Ancaq bunlar bilmirlәr, indi o zaman deyil ki, İran şahları Hindistana hücum etsinlәr, qızıl-gümüş, qiymәtli cavahiratla yüklәnmiş dәvә karvanları ilә qәnimәt gәtirsinlәr. Bizim qәflәtimiz üzündәn indi o ölkә nәhәngin çәnginә düşmüşdür. Bundan әlavә, Firdovsinin o mükafata, hәtta ondan artığına tam lәyaqәti var idi. Çünki bir millәtin ölmüş dilini diriltdi, millәtin tarixinә dәyәrli xidmәt etmiş oldu. O, indiki şairlәr kimi deyildi. Bunların kәlamında nәsihәt vә hikmәt әsla yoxdur. Buna görә dә yüz min lәnәtә vә nifrәtә layiqdirlәr.

Xülasә, biçarә İbrahim bәy, İran mәmlәkәtlәrini gәzәrkәn tәrtib etdiyi sәyahәtnamәsini burada qurtarıb yazır:

“Әgәr bu sәyahәtnamәni oxuyanlardan biri mәnә irad tutub desә ki, bәs nә üçün İranda gördüyün bu şәhәrlәrin cәmiyyәtini müәyyәnlәşdirib yazmamısan? Mәn onun cavabında әrz edәrәm: Bu xüsusda mәnә hәr kәs etiraz elәsә, әlbәttә, haqlıdır. Ancaq tam tәәssüflә qeyd etmәliyәm ki, mәn dә şәhәrlәrin әhalisinin miqdarını yazmaq niyyәtindә idim. Lakin bunu bacarmadım. Çünki elә bir mәxәz әldә yox idi. İranda әhalinin siyahıya alınması qanunu yoxdur. Heç olmasa başqa ölkәlәrdәki kimi salnamәlәri olsa idi onun üzündәn bu kimi mәlumatları yazmaq olardı. İran әhalisinin sayı haqqında hәr kәs nә desә tәxmin vә qiyas üzrә demәk olar. Misal üçün, Әrdәbildә birindәn soruşdum ki, bu şәhәrin әhalisinin sayı nә qәdәrdir? Qәtiyyәtlә dedi ki, iki yüz min nәfәrdәn artıqdır. Mәn dodaqaltı güldüm. Hirslәnib dedi: "Nә üçün gülürsәn?" Dedim: "Sәnin hesab bilmәmәyinә gülürәm. Sәn hәlә min rәqәminin nә qәdәr olduğunu anlamırsan". Bir qәdәr dә hirslәnib dedi: "Niyә bilmirәm?" Dedim: "Qardaş, dava demәdik ki, özün insaf elә, iki yüz min böyük rәqәmdir". Dedi: "Әgәr inanmırsan, sabah sәhәr tezdәn get saman meydanına, öz gözünlә gör ki, adam әlindәm zorla tәrpәnmәk olur".

Bir başqasından da hәmin şәhәrin әhalisinin sayını soruşdum. Dedi: "Gәrәk otuz min nәfәr olsun". Hәrçәnd ki, o da bu rәqәmi tәxmini söylәdi. Ancaq bir qәdәr doğru nәzәrә gәldi.

Yol üstündә olan mәnzillәrin arasındakı mәsafәni tәyin etmәk dә eyni dәrәcәdә çәtin idi. Sәyahәt әsnasında hәr gün çarvadardan soruşurdum: -- "Bu mәnzilin uzunluğu neçә ağacdır?" Deyirdi: "Altı ağacdır". Halbuki, sәkkiz saat, bәzәn dә on saat getdikdәn sonra mәnzilә çatırdıq. Görünür, onlar da öz ata-babalarından belә eşitmişlәr. Ortalıqda doğru bir hesab-kitab yoxdur. Hәlә bunlar bir tәrәfdә qalsın, әhalinin çoxu öz yaşlarını, anadan olma tarixini dә bilmir. Çox vaxt baş verәn ümdә hadisәlәr onların doğum tarixini tәşkil edir. Mәsәlәn, deyirlәr: Mәn filan zәlzәlә, filan xәstәlik, filan müharibә, ya da filan böyük alimin vәfatı vә ya filan hakimin hökumәti zamanı doğulmuşam. Elә bil ortalıqda bir qәlәm-kağız yox imiş ki, öz tәvәllüd tarixlәrini dәqiq yaza idilәr. Daha onun üçün mühüm hadisәlәr axtarmaya idilәr. Az adam öz yaşını düzgün bilir. Pasport, tәzkirә mәsәlәsi dә bunun eynidir. Mәn dәfәlәrlә yetmiş yaşlı kişinin әlindә qırx yaşında adamın pasportunu vә ya bunun tamamilә tәrsini görmüşәm. Könüllәrinә nә gәldi yazır, camaatın әlinә verirlәr. Pasport sahiblәrinin adlarında da bu qaydanı görmәk olur. Bir soruşan, maraqlanan yoxdur. Çünki mәqsәd nizam-intizam deyil, pul almaqdır. Yazıqlar belә güman edirlәr ki, başqa dövlәtlәrdә tәzkirә qaydasını yalnız mәdaxil üçün qoymuşlar. Allah bu alçaq "mәdaxil" sözünün adını batırsın. Daha bunu bilmirlәr ki, bu gözәl işdәn başqa dövlәtlәrin vә millәtlәrin güdmәdiklәri bir şey varsa o da mәdaxildir. Gәlib gedәnlәr üçün hәr bir dövlәt vә millәtin tәzkirә çıxarması, işlәri nizama salmaq, vә tәbәәlәrinin qayğısına qalmaq üçündür. Bu onun üçündür ki, bir hadisә baş verdikdә öz tәbәәsinin halından xәbәrdar olub bilsin ki, harada onun başına bir oyun gәlmişdir. Mәhz buna görә dә başqa dövlәtlәrdә tәbәәlәrin bir ölkәdәn başqa ölkәyә gedib gәlmәsi üçün tәzkirә çıxarmasının işi var. Xarici ölkәyә getmәk üçün tәzkirә istәyәn adam haqqında çox dәrin axtarış aparılır. İranda isә bu tәzkirә dәstgahı çox tamaşalıdır. Әvvәla, bu sәnәdi hәr bir icarәdar istәdiyi ölkәdә öz sәliqәsinә görә xoşladığı bir tәrzdә çap edә bilәr. Hәr kәsә dә istәsә, ağına-bozuna baxmadan verib ondan pulunu alır. Aldığı pulun da miqdarı müәyyәn deyil. Dostlarımdan biri nәql edirdi ki, Cәddә limanında iranlı hacıların әlindә mәn on cürdәn artıq müxtәlif çeşidli tәzkirә gördüm. Hәmin hacılardan biri mәnim özümlә söhbәt elәdi. Bu şәxs Mazandaranın Әşrәf şәhәrindәn idi. Ziyarәtә gәlib qayıtdığı vaxt tәzkirәyә qol çәkdirmәk üçün verdiyi pulların siyahısını dәftәrindә qeyd elәmişdi. Mәnә o dәftәri göstәrdi. Adı ilә, sanı ilә qırx beş tümәn yarım tәzkirәyә qol çәkdirmәk pulu vermişdi. Hәmin şәxs deyirdi ki, kәndlilәrdәn bәzisi istitaәtin mәnasını başa düşmәyib, mollaların şirin vәdәsinә uyaraq kisәlәrindә yüz-yüz әlli tümәn pul görәn kimi Mәkkә sәfәrinә çıxırlar. Yazıqlar sәfәrin ilk mәrhәlәsindә әllәrindә olan pulu xәrclәyir, sonra işlәri dilәnçiliyә çәkir. Mәnim hәmvilayәtlәrimdәn iki-üç nәfәr bu vәziyyәtә düçar olub, yoxsulluğa tab gәtirә bilmәdilәr, Cәddәdәn dönәrkәn gәmidә öldülәr. Cәnazәlәrini dәnizә tulladılar. Turi-Sina karantinindә dә bir neçә nәfәrin dilәndiyini öz gözümlә gördüm. Bu minvalla da özlәrini yarımcan halda vәtәnә çatdırdılar. Mәn müctәhid olsa idim, hökm edәrdim ki, hәr kәsin yeddi yüz tümәndәn az xәrcliyi olarsa Mәkkәyә getmәk ona haramdır.

davamı
XS
SM
MD
LG