Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:14

Hüseyn Abdullayevin həbsindən apellyasiya şikayəti verilib


Vəkilin sözlərinə görə, Abdullayev mədə ağrısından və bel nahiyəsindəki yırtıqdan əziyyət çəkir
Vəkilin sözlərinə görə, Abdullayev mədə ağrısından və bel nahiyəsindəki yırtıqdan əziyyət çəkir

Deputat Hüseyn Abdullayevin həbsindən apellyasiya şikayəti verilib. Bunu «Azadlıq» radiosuna müsahibəsində Abdullayevin vəkili Kamandar Nəsibov deyib.


Cənab Nəsibov həmçinin Respublika Prokurorluğunun müdafiə etdiyi şəxsin həbsxananın sanitar hissəsinə köçürülməsi haqda qaldırdığı vəsatəti təmin etdiyini də deyib. Vəkilin sözlərinə görə, Hüseyn Abdullayev uzun müddətdir ki, mədə ağrısından və bel nahiyəsindəki yırtıqdan əziyyət çəkir.


Kamandar Nəsibovun sözlərinə görə, bir-iki günə millət vəkili sanitar hissəyə köçürülə bilər.


Hüseyn Abdullayev martın 16-da hökumətin parlamentə hesabatı zamanı həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlbəyaxa olub. Martın 19-da isə Milli Məclis Abdullayevin toxunulmazlıq hüququnu ləğv edib. Həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib. H.Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanır. Onun barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.


XS
SM
MD
LG