Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:35

Mətbuat niyə siyasiləşir ?


Qəzetlərin satış qiyməti aşağı olduğundan satış qəzetlərə elə bir mənfəət gətirmir
Qəzetlərin satış qiyməti aşağı olduğundan satış qəzetlərə elə bir mənfəət gətirmir

İyunun 21-də hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə jurnalistikanın problemlərinə həsr olunmuş konfrans keçirilib. Konfrans YAP-ın funksionerləri səviyyəsində və respublikanın aparıcı qəzetlərinin iştirakı ilə baş tutub. Əslində jurnalistlər daha yüksək səviyyədə görüşlər və müzakirələr gözləyirdilər. Bir müddət idi ki, mətbuat işçiləri bilavasitə prezidentlə görüşə can atırdılar. Amma məlum olmayan səbəblər üzündən bu görüş baş tutmadı. Qeyd edək ki, Heydər Əliyevin vaxtında belə görüşlər mütəmadi olaraq keçirilirdi.


Bəs indiki toplantının baş tutmasının səbəbi nədir? Əksər müşahidəçilərin fikrincə, toplantının təşkil edilməsinin bir səbəbi Mətbuat Şurasının israrlı müraciətləridirsə, digər səbəbi də Avropa Şurasının yaz sessiyasıdır. Qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanda jurnalistikanın durumu xeyli gərginləşib. 7 jurnalist həbs olunub, iki qəzetin nəşri dayandırılıb, 24 nəfər jurnalist siyasi sığınacaq almaq üçün müxtəlif ölkələrin səfirliklərinə müraciət edib, 100-dən çox adam mətbuatın vəziyyəti ilə bağlı Avropa Şurasının prezidentinə müraciət imzalayıb, çoxlu sayda beynəlxalq təşkilat Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini pisləyən bəyanatlarla çıxış edib. İyunun 15-də həbs edilmiş jurnalistlərin əfv olunacağı gözlənirdi. Amma əfv fərmanı verilmədi.


Elə qeyd etdiyimiz toplantıda da jurnalistikanın problemləri daha çox iqtisadi səbəblərlə bağlanır. Amma bu sahənin problemlərini iki qrupa bölmək olar. Əsas problemlər siyasi problemlərdir. Belə fikirlər səslənir ki, maliyyə mənbəyi tapmayan qəzetlər müxalif dairələrin təsiri altına düşür və elə bu səbəbdən də siyasiləşirlər. Amma Azərbaycanın siyasi praktikasına bələd olan insanlar gözəl bilirlər ki, heç bir müxalifət partiyasının qəzetləri maliyyələşdirmək imkanı yoxdur. Qəzetlərin siyasiləşməsi daha çox ölkədəki siyasi atmosfer ilə bağlıdır. Hakimiyyət açıq diskussiyaların və informasiya mübadiləsinin tərəfdarı deyil. Ölkədə siyasi dialoq yox dərəcəsindədir. Hətta müxalifət partiyalarının dialoq haqqındakı təkliflərinə məhəl qoyulmur. Məmurlar müstəqil qəzetlərə müsahibələr vermirlər.


İsrarlı təkidlərə baxmayaraq Azərbaycanda «Diffamasiya haqqında» qanun qəbul edilmir. Avropa Şurası da bu qanunun qəbul edilməsini istəyir. Son vaxtlar bu təkliflə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də çıxış edib. Amma hakimiyyət düşərgəsi belə qanunun qəbul edilməsinin Azərbaycan üçün tez olduğunu bildirir. Onların fikrincə jurnalistlər «mənəvi terrorla» məşğul olur, elə bu səbəbdən də çoxsaylı məhkəmə prosesləri ilə üzləşmək məcburiyyətində qalırlar.


İqtisadi problemlərə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkədə qəzetlərin əsas maliyyə mənbəyi ola biləcək reklam bazarı yoxdur. Reklama ayrılan vəsaitlərə görə Azərbaycan hətta MDB respublikaları arasında sonuncu yerlərdən birini tutur. İş adamları müstəqil qəzetlərə nəinki reklam verməyə qorxur, hətta adlarının bu qəzetlərdə hallanmasından belə çəkinirlər. Qəzetlərin satışı ilə də bağlı problemlər var. Satışa və yayıma maneələr törədilir. Belə bir faktı xatırlamaq kifayətdir ki, müstəqil qəzetlərin metroda satışına qoyulmuş qadağa cəmi iki bundan əvvəl götürülüb. Prinsipcə, indi qəzetlər metroda və digər yerlərdə yayılır. Amma əhalinin alıcılıq qabiliyyəti və qəzetlərin satış qiyməti aşağı olduğundan satış qəzetlərə elə bir mənfəət gətirmir.


Qeyd edilən konfransdan hansı nəticələri gözləmək olar? Ciddi siyasi islahatlar aparılmadan, «Diffamasiya haqqında» qanun qəbul edilmədən jurnalistikanın problemləri həll olnumaycaq. Bu problemləri sırf iqtisadi səbəblərlə yozmaq problemin kökündən qaçmaq deməkdir. Elə iqtisadi problemlərin həlli də cəmiyyətin liberallaşmasını tələb edir. Məmur kapitalizmi, yüksək inhisarçılıq və korrupsiya fonunda isə bu liberallaşmanı gözləmək əbəsdir. Siyasi hüquqlar məhdudlaşdırılmasa buna etiraz kimi formalaşan jurnalistikaya da ehtiyac qalmaz. Hər şey öz yerini tutar: siyasətçilər siyasətlə, hüquq müdafiəçiləri hüquq müdafiəsi ilə, jurnalistika da informasiya və kommentariyalarla məşğul olar.


XS
SM
MD
LG