Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:35

Əliyev qardaşlarına bir kamerada qalmağa icazə verməyiblər


Sabiq nazir ürəyində ağrılar olduğunu, normal müalicə ala bilmədiyini deyir
Sabiq nazir ürəyində ağrılar olduğunu, normal müalicə ala bilmədiyini deyir

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə «Ayna»ya komitə sədri Elçin Behbudov məlumat verib.


E.Behbudov bildirib ki, Fərhad Əliyevlə nazirlikdə olan vəkillər otağında görüşüb. Onun sözlərinə görə, söhbət zamanı sabiq nazir səhhətindən şikayət etdiyini, ürəyində ağrılar olduğunu, normal müalicə ala bilmədiyini vurğulayıb.


E.Behbudov söyləyib ki, F.Əliyev qardaşı Rafiq Əliyevin yanına köçürülməsini istəyib: «Amma təcridxana rəhbərliyi ona qardaşı ilə eyni cinayətdə ittiham olunduğu üçün bir kamerada saxlanmalarının mümkünsüz olması cavabını verib».


Jurnalist Eynulla Fətullayevlə görüşdüyünü deyən komitə sədri onun səhhətində problem olmadığını, özünü yaxşı hiss etdiyini bildirib.


Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. Bu barədə Müsavat və AXCP-dəki mənbələr məlumat verib. Məlumatda bildirilir ki, hər iki partiya lideri həftənin bazar günü görüşüblər və 3 saata yaxın təkbətək söhbət ediblər. Görüşün hansı ünvanda keçirildiyi barədə xəbər verilmir.


«Yeni Müsavat» ın əldə etdiyi məlumatda deyilir ki, İsa Qəmbərlə Əli Kərimlinin görüşünə səbəb Müsavat Partiyası ilə AXCP arasında birlik məsələlərinin aktuallaşması olub. Mənbə bildirdi ki, görüş təkbətək keçirildiyindən, 3 saata yaxın vaxt ərzində konkret hansı məsələlərin müzakirə edildiyi, hansı razılaşmaların əldə olunduğu, qarşıdakı dönəmdə hansı planların qurulduğu haqda məlumat verməkdə çətinlik çəkir.


Məsələ ilə bağlı qəzetin müraciət etdiyi AXCP sədrinin müavini Həsən Kərimov Əli Kərimli ilə İsa Qəmbər arasında təkbətək görüş barədə məlumatsız olduğunu dedi. Onun sözlərinə görə, iki partiya lideri arasında görüş olmayıbsa belə, görüşüb müzakirələr aparılması vacibdir: «AXCP ilə Müsavatın arasında müəyyən kiçik fikir ayrılıqları var. Liderlər arasında görüşlərin keçirilməsi bu məsələlərin həllinə gətirə bilər. Gələcəkdə bizim birgə etiraz aksiyaları keçirməyimiz, seçki kampaniyasında vahid mövqedən çıxış etməyimiz və hətta son məqamda vahid namizədlə seçkilərdə iştirak etməyimiz də mümkündür. Ortada olan xırda-para məsələlər həll olunduqdan sonra dediyim məsələlərin müzakirəsinə başlamaq olar».
«Ekspress» ölkədəki rus dilli məktəblərin hazırkı durumuna dair araşdırma dərc edib. Məqalə «Rus sektoru: olsun, olmasın?» adlanır. Yazıda deyilir: «Azərbaycanda tədrisin rus dilində olduğu orta ümumtəhsil məktəblərinin sayının azaldılması və sonradan ümumiyyətlə, yoxa çatdırılması təklif olunur.


Milli Məclisin üzvü, sosial siyasət komissiyasının üzvü Elmira Axundovanın dediyinə görə, rus bölməli məktəblərin sayını ixtisar etməli, yerdə qalan azsaylı belə məktəblərdə isə təhsili pullu etmək lazımdır.


E.Axundovanın fikirləri birmənalı qarşılanmayıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru, yazıçı Çingiz Abdullayevin dediyinə görə, rus dilini bilmək bizlərin ancaq xeyrinə ola bilər.


«Elmira Axundovanın təklifinin yanlış şəkildə həyata keçirilməsindən ehtiyatlanıram. Elə alına bilər ki, məktəblərdə rus dilində tədris sektorunu ləğv edəcəklər, amma ikinci məcburi dil qismində rus dili tətbiq edilməyəcək. Əlbəttə, idealda ölkə vətəndaşlarının doğma dilində kamil danışması, daha bir xarici dili də pis bilməsi yaxşı işdir. Bir neçə dil bilmək həmişə xalqın xeyrinədir. Konkret halda rus dilini bilmək xalqımızın xeyrinə olan işdir».


XS
SM
MD
LG