Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:38

Fəallar zindanda ağır işgəncələrə məruz qalır


«Evin» zindanının 209-cu bölməsində məhbuslar ağır vəziyyətdə saxlanılır
«Evin» zindanının 209-cu bölməsində məhbuslar ağır vəziyyətdə saxlanılır

Beynəlxalq «Amnesty International» təşkilatı yanvarın 25-i və 30-da Tehranın «Evin» həbsxanasında saxlanılan azərbaycanlı fəallar haqda iki təcili bəyanat yayıb.


25 yanvar tarixli ilk bəyanat 7 aydan çoxdur həbsdə saxlanılan Azərbaycan fəalı Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydəriyə aiddir.


Beynəlxalq İnsan Haqları təşkilatı ittihamsız həbs edilən bu iki məhbusun Tehranın «Evin» zindanında ağır işgəncələrə məruz qaldığını bildirir. Bəyanatda deyilir ki, onların bu günə qədər məhbus hüququ inkar edilib və vəkillə görüşmələrinə icazə verilməyib.


Bəhruz Səfəri 2006-cı il İranın Azərbaycan şəhərlərində baş qaldıran kütləvi etirazların ilk anım mərasimi zamanı Zəncan şəhərində həbs edilib. O, daha dekabrın 4-də «Evin» həbsxanasının ETTELAAT nəzarətində olan 209-cu bölməsinə köçürülüb.


Cənab Səfərinin həyat yoldaşı Leyla Səfəri (Heydəri) Azərbaycan dilində müxtəlif əsərlər və musiqi CD-ləri satan kitab dükanın sahibi olub.


2006-cı ilin etirazlarından sonra ona Azərbaycana aid kitab və CD-ləri dükandan yığışdırmasına dair hökm göndərilmişdi. Xanım Səfərinin hökmə riayət etməsinə baxmayaraq, ötən il avqustun 28-də həyat yoldaşı ilə görüş bəhanəsi ilə ETTELAAT-ın təcridxanasına çağırılmış və dərhal həbs edilmişdi. O da dekabrın 4-də «Evin» zindanına salınmış və bu günə qədər orada saxlanılır.


«Amnesty International» hər iki fəalın dərhal azad edilməsini tələb edir.


Yanvarın 31-də verilən ikinci bəyanat «Amnesty International» vicdan məhbusu elan etdiyi Səid Mətinpur və onun qardaşı Əlrıza Mətinpur haqdadır.


Təşkilat Səid Mətinpur haqda bundan öncə də iki təcili bəyanat vermiş, onun işgəncə təhlükəsində olduğunu bildirmişdi.


Hazırda «Evin» zindanının 209-cu bölməsində saxlanılan hər iki qardaşın ağır vəziyyətdə olduğu bildirilir.


Beynəlxalq insan hüquqları təşkilatı bu iki azərbaycanlı fəalın dərhal azad edilməsini tələb edir və bu haqda İranın dini rəhbəri Ayətullah Xamineyi, Təhlükəsizlik Nazirliyi, Ali Məhkəmə Sədri, ölkə prezidenti və parlamentinə müraciət edib.


XS
SM
MD
LG