Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:45

Gözlənilən bir faciənin tarixçəsi…


Xocalı və Xankəndi sakinləri geri qayıdıb ermənilərlə birgəyaşayışa necə baxırlar?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Xocalı və Xankəndi sakinləri geri qayıdıb ermənilərlə birgəyaşayışa necə baxırlar? (2024)

Bu araşdırma AzadlıqRadiosunun arxivindən götürülüb, saytımızda 2009-cu il fevralın 25-də yayılıb.

- O nə abidədir? Yaraşmır axı. Orda ana-bacılarımız qırılıb. Əgər pulları yoxdursa, biz pul yığaq. Bir metr yarım abidə qoyublar. Hər ildə altını qaldırırlar. Altını qaldırmaq lazım deyil. Daha böyük abidə qoymaq lazımdır…

Bu, Xocalı şəhərindən olan bir məcburi köçkünün Azərbaycan hakimiyyətindən gileyidir. Ancaq nə bu məcburi köçkünün, nə də onun başqa həmvətənlərinin giley-güzarı Bakıda Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin ölçüləri ilə bitmir. Həmin məcburi köçkünün Xocalı faciəsi zamanı atası itkin düşüb, iki qardaşı, qardaşlarının həyat yoldaşları, onların uşaqları əsir alınıblar. O, deyir ki, qardaşları əsirlikdən qayıtdıqdan sonra orada nə baş vermişdisə, utandıqlarından bir-birinin gözlərinin içinə baxa bilmirlərmiş. Sonradan onlardan biri intihar edib, digəri isə narkotik maddələrə alüdə olduğundan vaxtsız dünyadan köçüb. İndi deməsinə görə, onu üzən-ağrıdan odur ki, hələ də bitib-tükənməyən bütün bu faciələrin müqəssirləri mühakimə olunmayıblar. Bu bir metr yarımlıq abidəyə isə onların faciəsinin yox, həmin faciəyə verilən dəyərin tərənnümü kimi baxır…

«Əsirlikdən qayıdan bəzi xocalılar sonradan intihar ediblər»

Xocalı faciəsindən 17 il keçir. Faciənin canlı şahidləri deyirlər ki, 1992-ci il fevralın 25-də Dağlıq Qarabağdakı erməni silahlı qüvvələri və Müstəqil Dövlətlər Birliyinin tabeçiliyində olan 366-cı alayın hərbi birləşmələri Xocalı şəhərinə üç istiqamətdən hücuma keçərək onu yandırıb talan ediblər. Şəhərdə qalıb onu müdafiə etməyə çalışan bütün könüllülər məhv edilib. Qaçıb Ağdam şəhərinə sığınmaq istəyən dinc sakinlər isə elə yoldaca kütləvi qırğına məruz qalıblar:

- Gəldik meşəyə. Orada bir yol açıq idi. Dəhliz kimi saxlamışdılar. Çıxdıq bu yola. Projektorları yandırdılar. BTR-lər əhalini iki hissəyə böldü. Bir hissə Ağdam istiqamətində qaldı, o biri hissə isə Xocalı istiqamətində. Qırdıqlarını-qırdılar, qırmadıqlarını da əsir götürdülər…

Bunu isə həmin vaxtlar Xocalıda tibb bacısı işləyən Səidə Ələkbərova deyir. O, hazırda ailəsi ilə birlikdə Pirşağıdakı «Qızılqum» sanatoriyasında məskunlaşıb. Deməsinə görə, Xocalı faciəsində 30-a yaxın qohumunu itirib. Onun özü isə həmin gün əsir düşüb:

- Əsirlikdə cavanları, qocaları döyüb, işgəncə verirdilər. Ölənlərin isə tanklarla üstündən keçirdilər.

Səidə Ələkbərova cəmi iki gün əsirlikdə qalıb. Ancaq bu iki gün onun həyatında silinməz izlər buraxıb. Onun sözlərinə görə, əsirlik elə bir həyatdır ki, orada hər kəs yalnız öz halına acıyır. Əsirlikdə ana oğuluna, qardaş bacısına yardım əlini uzada bilmir. İndi də elə xocalılar var ki, onlar belə bir həyatı hələ də yaşamaqdadırlar. Əsirlikdə olan xocalılardan tək Səidə Ələkbərova yox, təqribən 80 nəfər elə faciədən iki gün sonra geri qaytarılıb. Hərbi operator Seyidağa Mövsümlü onların Ağdama gəlişini lentə alıb. O, deyir ki, əsirlikdən qayıdan xocalılar onda Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin qərərgahında yerləşdirilmişdilər:

- Onların çoxunun ayaq dırnaqlarını çıxartmışdılar. Analar, bacılar ayaq yalın gəlmişdi. Ayaqlarını don vurduğundan bəzilərinin Ağdamda qıçları kəsildi. Ağızlarından qızıl dişlərini, qulaqlarından qızıl sırğaları çıxartmışdılar. Bəzilərinə damğa vurulmuşdu. Çoxu bunu indi etiraf etməyə utanır.

«Qızılqum» sanatoriyasında Xocalıdan köçkün düşən insanların heç də hamısı faciə günlərini xatırlamaq istəmir. Hamı dərdinin təzələnməsinə dözmür axı. Deyirlər ki, bu, onların dərdinə dərman olmayacaq. Bəziləri isə sadəcə danışmaq iqtidarında deyillər. Ancaq danışmaq iqtidarında olmayanlar öz davranışları ilə daha çox şeyləri anladırlar. Sanatoriyada Şüxətdin adlı yaşlı bir qadın var. Saçı ağarıb, beli bükülmüş bu qadından nə soruşursan cavab vermir. O, hey siqaret çəkir və sakitcə sanatoriyanın dördüncü mərtəbəsini dolaşırdı. Qonşular deyirlər ki, Şüxətdin xala Xocalıda üç oğlunu itirib:

- Onların heç birinə bir ad verilmədi ki, bu yazıq ana nə iləsə təskinlik tapsın. Qızı da yoxdur. Oğlanlarını yetimçiliklə böyütmüşdü. Bir gəlini qalıb, bir də iki qız nəvəsi. Bizim hamımız ürək xəstəliyinə tutulmuşuq. Qaçqınlar komitəsinə gedəndə yol boyu yeni tikilən saraylara baxıram. Nə olar hökumət bizə də bina tikib, hərəyə iki otaqlı ev versin. Bizim körpü qədər dəyərimiz yoxdur?

Əsirlikdən qayıdan bəzi xocalılar sonradan intihar ediblər. Onlardan biri də Səidə Ələkbərovanın qaynıdır. Xocalıların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Tatyana Çaladze bu faciədən sağ çıxsa da, həyatdan küskün olan bir ananın taleyini belə nəql edir:

- Mən sizə üç yaşlı qızı əllərindəcə öldürülən anadan danışım. Hadisə Naxçıvanski kəndi yaxınlığında, qaz kəmərinin yanında baş verib. Həmin ana iki dəfə özünü öldürməyə cəhd edib. Qohumları üstünə çıxıb qoymayıblar. Sonra bir molla onunla danışdıqdan sonra bu cəhdlərdən əl çəkdi. Biz həmin ana ilə söhbət edəndə, o, deyirdi ki, məni də qızımla öldürüblər. Başa düşürsünüz?

Xocalı faciəsində nə qədər adam ölüb?

Bir sıra rəsmi və qeyri-rəsmi mənbələr Xocalı faciəsi zamanı Azərbaycan tərəfindən 613 nəfərin öldüyünü bildirirlər. Onların heç də hamısı qətlə yetirilməyib. Bəzilərini qaçış zamanı qarda don vurub. Ölənlərin 60-dan çoxunun uşaq olduğu güman edilir. Bundan başqa, Xocalı sakinlərindən 490-na yaxınının yaralandığı, 1270-dən çoxunun isə əsir alındığı bildirilir. Ancaq bütün bu rəqəmlərin səhihliyi bir qədər şübhəli görünür. Çünki bəzi mənbələrdə rəqəmlər müxtəlifdir. Xocalı faciəsinə həsr edilən çoxsaylı təhqiqat yazılarının və bir neçə kitabın müəllifi Səriyyə Müslümqızı bunun səbəbini araşdırmaların vahid şəkildə aparılmaması ilə izah edir:

«O nə abidədir? Yaraşmır axı. Orda ana-bacılarımız qırılıb. Əgər pulları yoxdursa, biz pul yığaq»

- İndiyə qədər bir rəsmi rəqəm ortalığa qoyulmayıb. Müdafiyə Nazirliyi bir rəqəm deyir, Milli Təhlükəsizlik Nazirliyi, prokurorluq da başqa. Bu 17 ildə onlar vahid rəqəm müəyyən edə bilməzdilərmi?

Səriyyə Müslümqızı deyir ki, şəhərin qeydiyyat kitabçası da orda qalıb. Ona görə də əhalinin sayı ilə bağlı dəqiq rəqəm söyləmək xeyli çətinləşib. Şəhər blokadaya düşənə qədər orada təqribən 7 minə yaxın sakinin olduğu deyilirdi. İşğal ərəfəsində isə bu rəqəmin təqribən 2500-ə endiyi güman edilir. Xocalı şəhərində yerli əhali ilə yanaşı Ermənistandan qaçqın düşən azərbaycanlıların və Özbəkistandan qovulan Axıska türklərinin bir hissəsi də məskunlaşıb. Xocalının yerli sakinləri deyirlər ki, əsirlikdə Axıska türklərinə və başqa gəlmələrə qarşı xüsusi amansızlıqla davranılıb. Şahidlərin sözlərinə görə, onlara deyirlərmiş ki, siz Xocalını müdafiə etməyə gəlmisiniz və bunun cavabını verməlisiniz. Ancaq Azərbaycanda belə fikirlər var ki, Xocalı faciəsi tək milli ədavət zəminində dəyərləndirilməməlidir. Bu faciənin obyektiv və hərtərəfli araşdırması bütünlükdə o vaxt MDB məkanında baş verən proseslərin öyrənilməsini tələb edir. Tatyana Çaladze deyir ki, bir tərəfdən ermənilərə məxsus bəzi silahlı qüvvələr Xocalı faciəsini törətməklə Dağlıq Qarabağı ələ keçirmək naminə hər şeyə hazır olduqlarını nümayiş etdirirdilər. Başqa tərəfdən də Rusiyadakı bəzi dairələr müstəqilliyə can atan Azərbaycanı bununla cəzalandırmağa çalışırdı:

- O vaxt Rusiya Azərbaycana müstəqillik verərək nefti əlindən qaçırmaq istəmirdi. Təkcə neft məsələsi deyil, Azərbaycanın geosiyasi mövqeyi də onun üçün əhəmiyyətli idi. Məncə, bu, qorxunc siyasi oyun idi.

Ayaz Mütəllibov: «Biz gərək o zaman siyasi baxımdan kəskin qərarlar verməyəydik»

O vaxtlar Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri olan Müsavat Partiyasının başqanı İsa Qəmbər isə belə dəyərləndirməni o qədər də bitkin hesab etmir. O, deyir ki, həmin vaxtlar Ayaz Mütəllibov hakimiyyətini Rusiya müdafiə edirdi. Xocalı faciəsi Mütəllibovun hakimiyyətinə son qoya bilərdi. Necə ki, bu, baş verdi:

- Rusiya həmin vaxt konfliktin dərinləşməsində maraqlı idi. İstəmirdi ki, bu münaqişəni tərəflər danışıqlar yolu ilə həll etsinlər. Çünki bilirdi ki, bu konfliktin dərinləşməsi regiona daha sıx nəzərət etməyə imkan verəcək. Ona görə də proseslərin belə gərginləşməsi onlara lazım ola bilərdi.

O vaxtlar dövlət başçısı Ayaz Mütəllibov isə Xocalı faciəsinin baş verməsinin kökünü Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin Hərbi Təhlükəsizlik Şurasına daxil olmamasında axtarır:

- MDB-də yaradılan birgə komandanlığa ordumuzu yazmadıq. Bundan da bəzi qüvvələr narazı qaldılar. Biz bununla faktiki vəziyyətimizi məhdudlaşdırdıq. Vəziyyətdən istifadə edən ermənilər 366-cı alayı bu işə qoşdular. Biz gərək o zaman siyasi baxımdan kəskin qərarlar verməyəydik.

Karen Ohancanyan: «Xocalı bizim tariximizdə çox kədərli bir faktdır»

Həmin vaxtlar Dağlıq Qarabağda silahlı birləşmələrə rəhbərlik edən şəxslərdən bəziləri indi Ermənistan hakimiyyətində təmsil olunurlar. İstər onlar, istərsə də Dağlıq Qarabağda separatçı qurumun rəhbərliyi bu faciənin məsuliyyətini hələ ki, öz üzərlərinə götürməyiblər. Ancaq Xocalı faciəsinə Ermənistanda da fərqli münasibət var. Helsinki Vətəndaş Asambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan:

- Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm. Biz çalışmalıyıq ki, gələcəkdə xalqlarımız arasında belə zorakılıqlar yaşanmasın. Biz əlimizdən gələni etməliyik ki, barışıq prosesi başlasın, bizim xalqlar dinc yanaşı yaşasınlar. Xocalı bizim tariximizdə çox kədərli bir faktdır. Biz bunu unutmamalıyıq və çalışmalıyıq ki, belə hadisə bir də baş verməsin.

«Kömək gəlsəydi, itkilərin 70 faiz qarşısını almaq olardı»

Xocalı faciəsindən yayınmaq, heç olmasa, onun miqyasını bir qədər azaltmaq olardımı? 17 ildir bu suala Azərbaycanda ən müxtəlif səviyyələrdə cavab axtarılır. Ancaq hələ də həmin sual aktuallığını saxlayır. Bu illər ərzində Azərbaycanda iki dəfə hakimiyyət dəyişib və bu faciənin araşdırılması qarşılıqlı siyasi ittihamlardan uzağa getməyib. Xocalı işi ilə bağlı istintaq materialları ilə tanış olan vəkillərdən Yavər Hüseynli deyir ki, faciənin obyektiv araşdırılması, müqəssirlərin ədalət mühakiməsinə verilməsi unudulduğu halda, diqqət daha çox Azərbaycan tərəfinin məsuliyyətinin müəyyən edilməsinə verilib. Hüseynli faciənin obyektiv və hərtərəfli araşdırılmasında Azərbaycan tərəfinin məsuliyyətinin müəyyən edilməsinin əhəmiyyətini istisina etmir. Ancaq deyir ki, bu məsuliyyətin müəyyən edilməsi siyasi maraqlarla qarışdırılmamalıdır . Onsuz da qanunlarda vətəndaşların təhlükəsizliyinə görə hakimiyyətin məsuliyyət daşıdığı yetərincə təsbit olunub. Xocalı faciəsinin qurbanları isə fəryad edirlər ki, o vaxt köməksiz qalmışdılar:

- Dövlət səviyyəsində kömək olmadı. Biz fevralın 26-sı səhər saat 11-də əsir düşdük. Kömək gəlsəydi, əhalinin çoxu əsir düşməzdi. Bəzi könüllülər köməyə gəldi, dövlət gəlmədi. Biz Ağdam tərəfdən kömək gözləyirdik. Kömək gəlsəydi, itkilərin 70 faiz qarşısını almaq olardı.

Səidə Ələkbərova cəmi iki gün əsirlikdə qalıb. Ancaq bu iki gün onun həyatında silinməz izlər buraxıb

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, o vaxtkı hakimiyyət iki yoldan birini seçməyə borclu idi: Ya Xocalının müdafiəsi təmin edilməli, ya da dinc əhali oradan çıxarılmalı idi. Faciədən üç ay əvvəl isə Xocalı şəhəri ilə demək olar ki, hava əlaqələri də kəsilmişdi. Rəsmi məlumatlara görə, 1991-ci il noyabrın 20-də Qarakənd səmasında vertolyot vurulduqdan sonra Azərbaycan hakimiyyəti yalnız bir neçə dəfə Xocalıya uçuş təmin edə bilib. Qarakənd səmasında vurulan vertolyotda isə Daxili İşlər naziri Məhəmməd Əsədov, Baş prokuror İsmət Qayıbov, Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Osman Mirzəyev və daha 16-dan çox şəxs həlak olmuşdu. Xocalının blokadası ilə bağlı təsəvvürləri həmin günlər bu şəhərdə olan amerikalı jurnalist Tomas Qolsın qeydləri də çox zənginləşdirir. Tomas Qols yazırdı:

- Xocalıda telefonlar işləmirdi. Orada heç nə işləmirdi. Elektrik enerjisi, yandırmaq üçün neft yox idi. Su gəlmirdi. Kənar dünya ilə Xocalını birləşdirən yalnız hər səfərində təhlükə ilə üzləşən vertolyot idi. Xocalının ətrafdan təcrid olunması gecə düşdükcə daha çox hiss olunurdu. Səhər isə hərəkətsiz, bir yerdə dayanmış insanları gördüm. Ətrafda vaxt keçirmək üçün nə çayxana, nə də restoran var idi. Bircə işlək təəssüratı yaradan parça mağazasında kök satıcı qız idi. Mən onunla yenə rastlaşdım. Fevralın 26-sı. O, mənim lentə aldığım insan cəsədlərinin arasında uzanmışdı.

«Əhalini oradan çıxarmaq, ərazini boşaltmaq qəhrəmanlıq deyildi»

O vaxtlar Azərbaycan parlamentində yaradılan deputat-istintaq komissiyasının rəhbəri Ramiz Fətəliyev deyir ki, faciə ərəfəsində prezident yanında keçirilən Təhlükəsizlik Şurasının toplantısında blokadada qalan Xocalıdan dinc əhalinin köçürülməsi müzakirə edilib:

- Orada yanlışlıq oldu. Daha doğrusu, anlaşılmazlıq. Onlar hesab etdilər ki, əgər əhali Xocalıdan çıxarılsa, bu, təxribat kimi qarşılana bilər. Sonra ermənilər Xocalını tutar. Əgər Xocalıdan əhali çıxmasa, ermənilər heç vaxt ürək edib şəhərə girməzlər.

1992-ci il fevralın 20-si, yəni faciədən beş gün əvvəl prezident yanında keçirilən Təhlükəsizlik Şurasının protokolları ilə tanış olarkən isə Xocalının köməksiz qalmasının səbəbləri daha çox aydınlaşır. Həmin gün Təhlükəsizlik Şurasında qəbul edilən 10 qərardan biri də blokadada qalan bu şəhərin birbaşa müdafiəsinə yönəlməmişdi. Qərarların birində isə oxuyuruq: «Prezident Ayaz Mütəllibovun xalqa müraciətinin əsas müddəalarının geniş təbliği üzrə işlərin sürətləndirilməsini, ölkə rəhbərliyinin siyasi xəttini dəstəkləyən vətəndaşların məktublarının mətbuatda daha geniş işiqlandırılmasını təmin edək».

Həmin vaxtlar Azərbaycan prezidenti olan, hazırda Rusiyada mühacirət həyatı yaşayan Ayaz Mütəllibov:

- Bilirsiniz, əhalini oradan çıxarmaq, ərazini boşaltmaq qəhrəmanlıq deyildi. Əhali qalmalıdır, hökumət də ona yardım etməlidir.

Ancaq deputat-istintaq komissiyası Xocalıdan dinc əhalinin çıxarılmasının məsuliyyətini tək başda preident olmaqla Təhlükəsizlik Şurasının üzərinə qoymayıb. Ramiz Fətəliyev deyir ki, o vaxtlar Müdafiə naziri Şahin Musayevin Qarabağdakı nümayəndəsi Fəhmin Hacıyev də Xocalıdan əhalinin çıxarılmasına borclu idi:

- Fəhmin Hacıyevin günahı bilirsiniz nədir? Faciə ərəfəsində çobanlar bir sürü mal-qaranı Xocalıdan çıxarmışdılar. Yəni yol var idi. Onlar gəlib bunu Fəhmin Hacıyevə demişdilər.

Fəhmin Hacıyev isə ona qarşı irəli sürülən bu ittihamı əsassız sayır:

- Əhalinin çıxarılması birbaşa prezidentin səlahiyyətində olan bir məsələ idi. Prezident bu addımı hələ noyabrda atsaydı, bunun iki nəticəsi ola bilərdi. Birincisi, onu ittiham edəcəkdilər ki, şəhəri boşaldır. İkincisi, onun icrası xeyli problemlər doğuracaqdı. Bu, çox çətin məsələ idi. Ancaq hər halda noyabrda, fevralla müqayisədə əhalinin çıxarılması qat-qat asan idi.

«Xocalının nicatı Azərbaycanda yox, Moskvadaydı»

Hər halda o vaxt nə dinc əhali Xocalıdan çıxarıldı, nə də şəhərin blokadadan çıxarılması üçün keçirilən əməliyyatlar uğur verdi. Fəhmin Hacıyev deyir ki, bir neçə dəfə Əsgəran istiqamətindən Xocalı yolunun açılması üçün əməliyyatlar keçirilmişdi. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ üzrə komandanı Tahir Əliyevin rəhbərliyi ilə keçirilən bu əməliyyatların heç biri nəticə verməmişdi. İndi Tahir Əliyev bu məsələlərdən danışmaq istəmir. Fəhmin Hacıyev isə deyir ki, əməliyyatların uğursuzluğunun başlıca səbəbi həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin lazımı gücdə olmamasıydı. Üstəlik, Fəhmin Hacıyev bildirir ki, Xocalı faciəsi ərəfəsində Ağdamdakı silahlı birləşmələrin bir çoxu ən müxtəlif istiqamətlərə göndərilmişdi. Ona görə də Xocalının müdafiəsinə lazımı vaxt göndərilə biləcək, yetərli qüvvə yox idi:

- Fevralın 24-ü axşam Ağdamda qüvvə qalmamışdı. Qalan qüvvə nəinki Xocalıya yardım etməyə, heç Ağdamı müdafiə etməyə də yetməzdi. Ağdamdan qüvvələrin çıxarılmasına əmr verən mən deyildim. Bu, ya Müdafiə, ya Daxili İşlər nazirləri, ya da başqa səlahiyyətli şəxslər idi…

O vaxtlar Daxili İşlər naziri işləyən Tofiq Kərimov artıq vəfat edib. Müdafiə naziri əvəzi Şahin Musayev isə mühacirətdədir. Ancaq onda Xocalı tək Ağdamdan yox, Şuşadan da kömək umurdu. Elə deputat-istintaq komissiyasının rəyində də Xocalının müdafiəsiz qalmasının səbəblərindən biri kimi Şuşadan ora kömək edilməməsi göstərilir. O günlər Şuşanın hərbi komendantı olan Rəhim Qazıyev:

- Rəydə qərəz var. Mən özüm oturub, uşaqları real ölümə göndərə bilməzdim.

Qazıyev deyir ki, Xocalı faciəsi ərəfəsində yaralandığından hərəkət etmək iqtidarında olmayıb.

«Rəydə qərəz var. Mən özüm oturub, uşaqları real ölümə göndərə bilməzdim»

Deputat-istintaq komissiyasının rəyinə görə, o vaxtlar faciədən daha bir çıxış yolu olub. Komissiyanın sədri Ramiz Fətəliyev deyir ki, Azərbaycan hakimiyyəti faciə ərəfəsində Xocalıya vertolyotlarla hərbi qüvvə və sürsat çatdıra bilərdi. Ancaq Fətəliyevin sözlərinə görə, Ayaz Mütəllibov onlara deyib ki, Xocalıya hərbi sürsat daşınarsa, erməni tərəfinin daha da aqressivləşəcəyindən ehtiyatlanıblar.

Hər halda nə o vaxtlar Azərbaycanın prezidenti olan Ayaz Mütəllibov, nə də bir başqa məsul şəxs Xocalı faciəsində özünün məsuliyyətini görmür. Əksinə, Ayaz Mütəllibov deyir ki, Xocalının nicatı Azərbaycanda yox, Moskvadaydı:

- Xocalı məsələsini biz o vaxtlar tələsmədən, diplomatik yolla həll etməliydik. Çünki Xocalı Dağlıq Qarabağın qəsəbəsiydi. Rusiyanın mövqeyi olmasaydı, biz ora girə bilməzdik. Gücümüz də yox idi. Ordu yenicə yaranmışdı.

Ancaq Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, Azərbaycanı gücsüz edən elə Ayaz Mütəllibovun özü idi:

- O vaxt biz parlamentdə Milli Ordunun yaradılmasını tələb edirdik, hakimiyyət isə bunu gecikdirirdi. Biz müstəqilliyi gücləndirib, öz problemlərimizin həllinə çalışırdıq, onlar bundan çəkinirdilər. Bir sözlə, o vaxtkı hakimiyyətin ölkənin problemlərini həll etməyə iradəsi yox idi.

«Elman Məmmədovun Naxçıvana Heydər Əliyevlə görüşə getməsi təsadüfü deyil»

Siyasi müşahidəçilər hesab edirlər ki, o dövrdə Azərbaycanda bir növ xaos hökm sürüb. Bu xaosun elementləri isə təkcə bəzi qüvvələrin müstəqilliyə can atması, bir başqalarının isə bunu əngəlləməsindən ibarət deyildi. Belə fikirlər var ki, həm də o dövr Azərbaycanda hakimiyyət mübarizəsi çox qızğın şəkil almışdı. Əslində, belə dəyərləndirmələrə keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dönəmində parlamentin Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qərarda da rast gəlmək olur. Həmin qərarda Xocalı faciəsinin məsuliyyəti tək Ayaz Mütəllibov hakimiyyətinin üzərinə qoyulmayıb. Orda eyni zamanda Azərbaycan Xalq Cəbhəsinin də bəzi simalarının məsuliyyətindən bəhs edilir. Xocalı faciəsinə görə, Azərbaycanda bu günə kimi yalnız bir şəxs mühakimə edilib. Azərbaycan Xalq Cəbhəsinin fəallarından, Müdafiə nazirinin Xocalı faciəsindən təqribən bir həftə əvvəl Qarabağa ezam edilən nimayəndəsi Fəhmin Hacıyev. O da Avropa İnsan Hüquqları Məhkəməsindən bəraət alıb. Hacıyev deyir ki, o vaxtlar Azərbaycan Xalq Cəbhəsi iki istiqamətdə fəaliyyət göstərirdi. Bir tərəfdən, onlar müstəqilliyə, başqa tərəfdən də Dağlıq Qarabağın müdafiəsinə çalışırdılar. Ancaq Fəhmin Hacıyev də bildirir ki, o vaxt hakimiyyət davası Qarabağın müdafiəsinə problemlər yaradırdı:

- Mən sizə cinayət işindən bəzi məqamları açmaq istəyirəm. O vaxt Ağdamdan bəzi imkanlı şəxslər Heydər Əliyevə teleqramlar vurmuşdular ki, siz hakimiyyətə gəlməyənə qədər biz vuruşmayacağıq. Naxçıvandan Heydər Əliyevi təbliğ edən insanlar gəlmişdi. Həmin adamların pozuculuq işini niyə mənim adıma yazırlar. Avropa Məhkəməsində buna qiymət verildi.

Fəhmin Hacıyev deyir ki, faciə ərəfəsində Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun da Naxçıvana Heydər Əliyevlə görüşə getməsi təsadüfü deyil. Bu məsələnin də araşdırılmasına ehtiyac var. Ancaq Elman Məmmədov deyir ki, o, Naxçıvana faciədən üç ay əvvəl gedib. Məqsədi də Heydər Əliyevlə görüşmək yox, xocalıların fəryadını Naxçıvan Ali Məclisinə çatdırmaq olub:

- Mən orada da həyacan təbilini bir daha çaldım ki, Xocalı fəlakət qarşısındadır. Yəni siz də deputatlarsınız, siz də parlamentsiniz, siz də bu xalqın oğlanlarısınız. Bu məsələni siz də rəhbərlik qarşısında qaldırın.

Elman Məmmədov deyir ki, faciə ərəfəsində Bakıya da bir neçə dəfə gedərək vəziyyəti ölkə rəhbərliyinin diqqətinə çatdırmağa çalışıb. Təəssüf ki, onun harayına yetərli diqqət verilməyib. Deputat-istintaq komissiyasının materialları arasında o vaxtlar Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri və Milli Məclisin sədr müavini olan Tamerlan Qarayevin də respublika rəhbərliyinə ünvanlanan müraciətləri var. Həmin vaxt Ağdamda olan Qarayev də o müraciətlərdə Xocalının fəlakət qarşısında olduğunu bildirirdi. Hazırda Hindistanda səfir işləyən Tamerlan Qarayev indi deyəsən, o günlərə qayıtmaq istəmir. Hər halda dəfələrlə müraciət etməyimizə baxmayaraq Xocalı faciəsi ilə bağlı bizimlə söhbət etməyə vaxt ayırmadı.

«Xalq qəzeti»: «Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli xəbərlər həqiqət deyil»

Xocalıda faciə baş verəcəyi gözlənilirmiş. Ancaq onun qarşısı alınmayıb. Üstəlik, kütləvi insan təlafatı baş verdikdən sonra onu gizlətməyə çalışıblar və ilk günlər bunu bacarıblar. Bunu o vaxtkı qəzetlərdən də çox aydın şəkildə görmək olur.

1992-ci il fevralın 27-də rəsmi «Xalq qəzeti»ndə prezidentin Mətbuat Xidmətinin məlumatı dərc olunub. Həmin məlumatda oxuyuruq:

- Fevralın 26-na keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulub. Zirehli texnikaların böyük qüvvələri ilə şəhərin üzərinə hücuma keçilib. Atəş və hücumlar dünən bütün gün ərzində davam edib. Nəticədə aeroport dağıdılıb, evlər yandırılıb. Yaralananlar var. İlkin məlumata görə, iki sakin yaralanıb. Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri saysız-hesabsız hücumları dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq üçün əhalinin qismən köçürülməsi təşkil edilib. Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli xəbərlər həqiqət deyil.

S. Mövsümlü deyir ki, qarşı tərəfin çəkilişə niyə icazə verdiyinin səbəbi ona dəqiq məlum deyil

İndi görək o vaxtlar prezidentin Mətbuat Xidmətinin rəhbəri olan Rasim Ağayev həm həmin məlumatda kütləvi insan təlafatının, həm də Xocalının işğalının qeyd edilməməsini necə izah edir:

- Həmin məlumatda çaşqınlıq var idi. Ancaq mən sizi dəvət edirəm o vaxtkı vəziyyəti dəyərləndirməyə. Azərbaycan informasiya blokadasında idi. Biz əlimizdən gələni edirdik. Ancaq o vaxtlar AXC rəhbərliyi bunu hakimiyyətin əleyhinə yönəltməyə çalışırdı.

«Prezidentin halının xarablaşacağından ehtiyat edib kütləvi insan təlafatı ondan gizlədilib»

Rasim Ağayevin sözlərinə görə, hadisədən sonra başda Çingiz Mustafayev olmaqla çəkiliş qrupunu faciə yerinə onlar göndəriblər. Əgər faciəni gizlətmək istəsəydilər, heç ora çəkiliş qrupu göndərməzdilər. O vaxtlar ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov da deyir ki, ilk günlər baş verən hadisələrin təfərrüatından xəbərsiz olub:

- Nə iqtidarın xəbəri var idi, nə də müxalifətin. Bizim vertolyotumuz yox idi. Fevralın 27-də mən Qafqaz dairəsindən iki vertolyot alıb göndərdim Ağdama. Çingiz Mustafayev də, xarici jurnalistlər də orada idi. Gedib çəkdilər, həqiqəti bildik. Mənə nə düşmüşdü yalan danışam. Onsuz da xalq həqiqəti biləcəkdi də…

Ancaq elə deputat-istintaq komissiyasının araşdırmalarına görə, faciədən darhal sonra bəzi dövlət rəsmilərinin Xocalıda kütləvi insan təlafatının baş verdiyindən xəbərləri olub. Hər halda Rasim Ağayevin sözlərinə görə, o vaxtlar Azərbaycanın güc nazirlərindən biri komissiyaya ifadəsində deyib ki, prezidentin halının xarablaşacağından ehtiyat edib kütləvi insan təlafatını ondan gizlədib. Belə bir ifadənin olduğunu komissiya üzvləri də təsdiqləyirlər. Ancaq həmin güc naziri artıq vəfat etdiyindən biz bu ifadənin üzərində dayanmırıq. Ancaq bir başqa məqam da faciədən dərhal sonra kütləvi insan təlafatından o vaxtkı dövlət rəsmilərinin bəzilərinin xəbərdar olduğunu göstərir. Müdafiə Nazirliyinin hərbi operatoru Seyidağa Mövsümlü fevralın 26-sı Bakıdan Ağdama, ordan da Xocalıya gedərək Azərbaycan tərəfindən hamıdan tez kütləvi insan təlafatını lentə alıb. Seyidağa Mövsümlü deyir ki, o, məhz Müdafiə Nazirliyindən verilən göstəriş əsasında faciə zonasına yola düşüb. Onun bu səfərini deməsinə görə, Ağdamda Azərbaycan Xalq Cəbhəsinin yerli təşkilatının sədri, batalyon komandiri, mərhum Allahverdi Bağırov təşkil edib. Seyidağa Mövsümlünün sözlərinə görə, Allahverdi Bağırovun erməni tərəfi ilə danışıqlarından sonra qarşı tərəf ona faciə yerinə keçməyə imkan verib:

- Biz artıq Əsgəran körpüsünə çatanda mən 30 meyid gördüm. Qocalar, uşaqlar, əsgərlər idilər. Mən ehtiyatla çəkirdim. Mane olurdular. Bir də kameranın cərəyanvericisi kiçik həcmli idi. Körpünün altında isə yüzlərlə meyid gördüm…

Seyidağa Mövsümlü deyir ki, indiyə qədər qarşı tərəfin çəkilişə niyə icazə verdiyinin səbəbi ona dəqiq məlum deyil. Onun fikrincə, erməni hərbçilər ya Allahverdi Bağırovdan ehtiyat edib buna icazə veriblər, ya da özləri çəkilişdə maraqlı olublar:

- Yəni azərbaycanlıları qorxutsunlar ki, sizi belə edə bilərik. Bu, bir növ mənəvi zərbə idi. Məhz elə bunun nəticəsi idi ki, Xocalıdan sonra bir sıra əraziləri əhali özü tərk etməyə başladı.

Fevralın 26-sı amerikalı jurnalist Tomas Qolsda faciə qurbanlarını lentə ala bilmişdi. Biz yenə onun qeydlərinə qayıdırıq:

- Mən tanış sifətlər axtarırdım və mənə elə gəldi ki, onları gördüm. Ancaq əmin deyildim. Gözündən vurulan bir meyidin gənc baytar olduğu deyilirdi. Meyidlərin bəzilərinin başlarında saçları yox idi…

Mərhum jurnalist, Milli qəhrəman Çingiz Mustafayev isə hadisədən yalnız iki gün sonra Azərbaycan hökumətinin səyi ilə Xocalı faciəsinin qurbanlarını lentə almışdı. O vaxtlar Azərbaycan parlamentində də elə Mustafayevin çəkdiyi görüntülər yayınlanmışdı.

Xocalı faciəsi qurbanlarının görüntüləri yayınlanan parlamentdə də prezident Ayaz Mütəllibovun istefa ərizəsi qəbul olundu. Onda parlamentin qarşısına yığılan on minlərlə insan da prezidentdən belə bir addım atmağı tələb edirdi:

- İstefa, istefa, istefa…

«Xocalı faciəsi ancaq hər ildönümündə yada düşür. Sonra da unudulub gedir»

1992-ci ilin mayın 15-də isə Azərbaycan parlamentində deputat-istintaq komissiyasının rəyi açıqlandı. Həmin rəydə Ayaz Mütəllibovun qəsdən məsuliyyətsizliyə yol vermədiyi bildirilirdi. Nəticədə Mütəllibov yenidən prezidentlik kürsüsünə gətirildi. Ancaq bu dəfə o, həmin kürsüdə cəmi bir neçə saat qala bildi. Həmin gün hakimiyyətə Azərbaycan Xalq Cəbhəsi, bir il sonra isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev gəldi. Ancaq aradan 17 il keçməsinə baxmayaraq Xocalı faciəsinin istintaqı hələ də yekunlaşmayıb.

1994-cü ildə isə istintaq dayandırılmışdı. Hərbi prokurorun birinci müavini İlham Məmmədov bunu Azərbaycanın o vaxtkı Cinayət Məcəlləsində insanlıq əleyhinə maddələrin əks edilməməsi və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin müəyyən edilməməsi ilə izah edir.

İ.Məmmədovun sözlərinə görə, 2000-ci ildə Cinayət Məcəlləsinin dəyişdirilməsi bu məsələyə yenidən qayıtmağa imkan verdi. 2003-cü ildə isə Baş prokuror, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin birgə əmri ilə təcavüz nəticəsində baş verən cinayətlərlə bağlı vahid istintaq qrupu yaradılıb. İstintaqın aparılması da Hərbi Prokurorluğa həvalə edilib. Elə Xocalı faciəsi də həmin cinayətlərin tirkibində araşdırılır.

İ.Məmmədov deyir ki, onlar da Xocalıda baş verən hadisələri soyqırımı kimi dəyərləndiriblər. Üstəlik, istintaq həmin dövr baş verən cinayətlərlə bağlı ümumilikdə 268 nəfəri təqsirləndirərək «İnterpol»un axtarışına verib. Hərbi prokuropun birinci müavini etiraf edir ki, onların arasında indi Ermənistanda yüksək vəzifə tutan şəxslər də var:

- Ancaq hüquqda belə bir termin var: immunitet. Bu immunitet böyük vəzifədə olan şəxslərə şamil edilir. Ancaq kim olursa-olsun, hər kəs cəzasını almalıdır. Bunu bizə Avropa təcrübəsi, Karaciçin həbsi göstərir…

Beynəlxalq Böhran Qrupunun Avropa üzrə proqram rəhbəri Sabina Freyzer isə deyir ki, bu cür tribunaların mümkünlüyü üçün bütün tərəflərdən siyasi iradə olmalıdır. Yalnız Serbiya hökumətinin istəyindən sonra Karaciç həbs edildi.

1995-ci ildə Xocalı faciəsi ilə bağlı aparılan məhkəmədə isə yalnız Fəhmin Hacıyev həbs edilmişdi. Hacıyevin vəkili Yavər Hüseynli deyir ki, həmin məhkəmə istintaqı sifariş əsasında birtərəfli aparılıb. Məqsəd isə Xocalı faciəsinin məsuliyyətini yenicə devrilmiş Azərbaycan Xalq Cəbhəsinin üzərinə atmaq olub. Vəkilin sözlərinə görə, əgər mövcud hakimiyyət onda özünə siyasi kapital toplamağa çalışmırdısa, indiyə qədər Xocalı faciəsini obyektiv araşdırıb əsl müqəssirlərin mühakiməsinə nail olmalıydı. Hüseynli hesab edir ki, onda hakimiyyəti yalnız Xalq Cəbhəsinin məsuliyyəti maraqlandırıb. Nə Rusiyada, nə də Ermənistanda bəzi qüvvələrin məsuliyyəti yada salınmayıb:

- Başqa tərəfdən, bundan ötrü istək olmalıydı. Hər iki tərəfdə məsuliyyət daşıyan şəxslərin cinayətlərinə aid faktlar toplanılmalıydı. Bir də mən açıq deyirəm. Onlar hakimiyyətlərini möhkəmlətmək üçün nə Rusiya ilə, nə də Ermənistanla münasibətləri gərginləşdirmək istəməyiblər.

«Bütün dünyaya səs salmaq olardı ki, belə faciə baş verib»

Azərbaycanda belə bir fikir var ki, bu 17 ildə Xocalı faciəsi dünyaya yetərincə çatdırılmayıb. Bunu Azərbaycanda tək bəzi siyasi müşahidəçilər yox, elə əksər sadə insanlar da deyir:

- Bütün dünyaya səs salmaq olardı ki, belə faciə baş verib. Gərək fevralın 26-sı matəm günü elan ediləydi. Xocalı faciəsi ilə bağlı tək Azərbaycanda yox, bütün dünyada mərasimlər keçiriləydi.

- Xocalı faciəsi hər dəfə ancaq ildönümündə yada düşür. Sonra da unudulub gedir.

Azərbaycan hakimiyyəti Xocalı faciəsini soyqırım kimi dəyərləndirir. Faciənin hər ildönümündə də bu məsələ gündəliyə gətirilir.

17 il əvvəl blokadada qalan xocalılar Azərbaycan hakimiyyətindən kömək gözləyirdilər. Çünki hər saat, hər an fəlakət yaxınlaşırdı. Onda xocalılara kömək gəlmədi. Xocalılar indi də gözləyirlər. Bu dəfə ehtiyacdan xilas olmaq istəyirlər..

XS
SM
MD
LG