Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:00

Toqquşmada 8 nəfərin həlak olduğu bildirilir


Müxalifət lideri Levon Ter Petrosyan növbəti qurbanlar və toqquşma istəmədiyini bildirib
Müxalifət lideri Levon Ter Petrosyan növbəti qurbanlar və toqquşma istəmədiyini bildirib

Ermənistan polisinin verdiyi məlumata görə martın 2-nə gecə polis və nümayişçilər arasında baş verən toqquşmada 8 nəfər həlak olub. Polisin verdiyi məlumat Səhiyyə Nazirliyinin informasiyasına əsaslanır.


Yerevanın əsas küçələrini qoşun və silahlı maşınlar qoruyur. Prezident Robert Koçaryan 20 gün müddətinə ölkədə fövqəladə vəziyyət elan edib. Bütün etiraz nümayişlərinə qadağa qoyulub və media üzərində senzura tətbiq edilib.


Müxalifət lideri Levon Ter Petrosyan nümayişçilərə müraciət edərək bildirib ki, o, növbəti qurbanlar və toqquşma istəmir.


Ermənistan prezidenti Robert Koçaryan ölkədə mart ayının 20-dək fövqəladə vəziyyətin tətbiqi barədə sərəncam imzalayıb.


Qərar müxalifətin kütləvi aksiyaları ilə əlaqədar qəbul olunub


***


Martın 1-i səhər Yerevanın «Azadlıq» meydanında polislə müxalifət tərəfdarları arasında qarşıdurma ilə bağlı cinayət işi qaldırılıb.


Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyan məlumat verib.


Müxalifətçilərə qarşı Cinayət Məcəlləsinin kütləvi iğtişaşlar törədilməsi; silah, döyüş sursatı və partlayıcı maddələrin qanunsuz əldə olunması, satılması, daşınması və gəzdirilməsi; hakimiyyət nümayəndələrinə qarşı güc işlədilməsi maddələri ilə cinayət işi qaldırılıb.


***


Ermənistanda prezident seçkisinin rəsmi nəticələrini qəbul etməyən müxalif namizəd Levon Ter-Petrosyanın tərəfdarları dağınıq mitinq keçirirlər.


Daxil olan məlumatlara əsasən, Fransanın səfirliyi qarşısındakı meydana on minlərlə adam toplaşıb. Mitinqin keçirildiyi yerə qoşunlar cəmləşir.


Martın 1-i səhər polis artıq 10 gündür ki, seçkilərin rəsmi nəticələrinə etiraz edən nümayişçiləri dağıdıb. Rəsmi məlumatlara əsasən, toqquşmalarda 30 adam, o cümlədən 6 polis xəsarət alıb.


ATƏT gücdən istifadəni pisləyib və Ermənistan hökumətini müxalifətlə dialoqa çağırıb.


***


Yerevanda polis şəhərin mərkəzində bütün əsas küçələri mühasirəyə alıb.


Müxalif informasiya agentliyi və Ermənistan prezidentliyinə keçmiş namizəd Levon Ter-Petrosyanın rezidensiyası mühasirəyə alınıb. Onun özü ev dustağıdır.


Martın 1-i səhər polis son 10 gündə prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən nümayişçiləri dağıdıb. Polislə toqquşmalarda bir neçə müxalifət tərəfdarının yaralandığı xəbər verilir.


Ermənistanın hüquq-mühafizə orqanları baş verənləri şərh etmir.


***


Ermənistan polisi martın 1-i səhər müxalifətin Yerevanın mərkəzində, «Azadlıq» meydanındakı çadır şəhərciyini dağıtmağa başlayıb.


Erməni müxalifətinin liderlərindən biri, keçmiş prezident Levon Ter-Petrosyan güclə Yerevandakı rezidensiyasına gətirilib. Bu barədə onun qərargahı xəbər verib. Şahidlərin dediyinə görə, hazırda rezidensiyanı xüsusi təyinatlılar mühasirəyə alıb.


Bundan başqa qərargahdan bildiriblər ki, ötən gecə mitinq dağıdılan zaman bir nəfər ölüb. Bu məlumat hələlik təsdiq olunmur.


Məlumatlarda həmçinin, polislə toqquşmalarda bir neçə nümayişçinin yaralandığı bildirilir.


Ermənistanda prezident seçkiləri fevralın 19-da keçirilmişdi. Seçkilərin rəsmi nəticələrini tanımayan nümayişçilər fevralın 20-dən Ermənistan paytaxtının mərkəzində müddətsiz və icazəsiz mitinq keçirirdilər.


Mərkəzi Seçki Komissiyası Baş nazir Serj Sarkisyanı seçkilərin qalibi elan edib.


XS
SM
MD
LG