Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:38

Nəbatat Bağını məhv edib, yerində villa tikirlər


Sökülən bina, 9 aprel 2008
Sökülən bina, 9 aprel 2008
Naxçıvanda sökülən obyektlərin siyahısına şəhərin mərkəzində yerləşən daha bir bina əlavə olundu. 32 səhmdara məxsus binadakı müəssisələrin əməkdaşlarının dediklərinə görə, bir ay əvvəl təmir adı ilə binanın bir hissəsi sökülüb. İki gün əvvəl isə heç bir xəbərdarlıq edilmədən binanın tamamilə boşaldılmasına göstəriş verilib, avadanlıqların daşınması isə üç gün ərzində yekunlaşmalıdır.

Bina 2 mərtəbə və 1 zirzəmidən ibarətdir. Ərazisində 2 kafe, 300 nəfərlik şadlıq evi, 4 dərzi, 2 çörək və 2 şirniyyat sexi, 8 mağaza, 2 saylı notariat kontoru və daha bir neçə ictimai iaşə obyekti yerləşirdi. Müəssisə rəhbərlərinin dediklərinə görə, həmin obyektlərdə bütövlükdə 100-dən artıq insan çalışır.


Sökülən binanın arxasında vəzifəli şəxslər üçün villalar tikilir
Səhmdarlara və işçilərə mətbuata hər hansı məlumat verməmək tapşırığı verildiyindən onlardan ətraflı bilgi əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, sökülən binanın arxasında vəzifəli şəxslər üçün villalar tikilir. Bu bina isə həmin villaların qarşısında yerləşdiyindən ümumi görüntüyə xələl gətirdiyi üçün sökülür.


Biz də sökülən binanın arxasında hündür hasarlarla əhatəyə alınmış villaların tikildiyini gördük. Onun da şahidi olduq ki, villaların inşası şəhərin mərkəzində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinə məxsus, əvvəllər Nəbatat Bağı kimi tanınan çox nadir bitkiləri olan ərazini də məhv edib.


Naxçıvan Şəhər İcra Hakimiyyətindən yalnız onu bildirdilər ki, ərazi dövlət əhəmiyyətli obyektə veriləcək.


«Gərək Naxçıvanda daşınmaz əmlakı da təkərlər üzərində tikəsən. Çünki onu tez-tez ora-bura daşımaq lazım olur», - bunu isə yarızarafat səhmdarlardan biri söylədi.


XS
SM
MD
LG