Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:40

«Tunelin sonunda zəif işartı?»


Yeni Ermənistan prezidenti vəd verdi ki, Türkiyə ilə münasibətləri normallaşdıracaq
Yeni Ermənistan prezidenti vəd verdi ki, Türkiyə ilə münasibətləri normallaşdıracaq

«Los Anceles Tayms» məqaləsinə belə bir başlıq verib: «Türkiyə-Ermənistan barışığı? O qədər də yox, ancaq son incəliklər güclə sezilən ümidləri göstərir».


Qəzet bunu o vaxt yazır ki, aprelin 24-də bütün dünya erməniləri özlərinin soyqırımı iddialarının ildönümünü qeyd etdilər, türklər isə buna hər yerdə etiraz nümayişlərilə cavab verdilər.


Qəzet etiraf edir ki, son illər soyqırımı mübahisəsi Fransadan Birləşmiş Ştatlar Konqresinə və hətta İsrailə keçib.


İsrail dilemma qarşısında qalıb - bu məsələni Knessetə, ölkə parlamentinə çıxartsın ya yox? Amerika kimi İsrail də hər hansı bir yerdə soyqırımı iddialarını rədd etməyi mənəvi cəhətdən düzgün saymır. Ancaq o biri tərəfdən İsrailin müsəlman dünyasında bir həqiqi tərəfdaşı var, o da Türkiyədir.


«Los Anceles Tayms» yazır ki, bu soyqırımı mübahisəsinə kim cəlb olunursa, istənilən halda uduzur.


Hərçənd burda bir udan tərəf də var, o da Rusiyadır. Soyqırımı məsələsi kəskinləşdikcə, Rusiya yavaş-yavaş Ermənistanın iqtisadiyyatını öz əlinə alır.


Qəzet yazır ki, soyqırımı mübahisəsinin yaxın vaxtlarda həll olunacağını heç kim gözləmir. Ancaq tunelin sonunda zəif işartı var.


İki ölkə arasında diplomatik əlaqələr olmasa da, Serj Sarkisyan seçkiləri udanda, onu birinci təbrik edənlərdən biri də Türkiyə prezidenti Abdulla Gül oldu. Yeni Ermənistan prezidenti isə vəd verdi ki, Türkiyə ilə münasibətləri normallaşdıracaq.


Elə soyqırımı mübahisəsinin özü də əməkdaşlığa imkan verir. Türkiyə təklif edir ki, Ermənistan tarixçiləri türkiyəli həmkarları ilə birlikdə 1915-ci ildə baş verənləri araşdırsınlar.


«Los Anceles Tayms» yazır ki, Türkiyə ilə əlaqələrin yaxşılaşması Ermənistana sərfəlidir. Çünki demokratik Türkiyə hökuməti Ermənistanın Qərbə birbaşa yolunu bərpa edə, Ermənistan iqtisadiyyatını düzəldə bilər. Qəzetin fikrincə, bu, Ermənistana Dağlıq Qarabağ problemini də həll etməyə kömək göstərər.


Ermənistanla əlaqələrin düzəlməsi Türkiyəyə də sərfəlidir. Ankara Avropa Birliyi yolunda əngəllərdən birini aradan qaldırmış olar.


Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədləri açmır, təkcə Dağlıq Qarabağa görə yox. Ankaranın şərtlərindən biri odur ki, Ermənistan Türkiyəyə ərazi iddilarından, yəni Qarsı istəməyindən əl çəksin. Türkiyə bildirir ki, sərhəddi necə aça bilər ki, Ermənistan onun sərhəddini tanımır? Ankara istəyir ki, Ermənistan soyqırımı iddilarını geri götürsün. Bunlar Türkiyənin rəsmi tələbləridir. Hökumətlər dəyişir, tələblər qalır.


Bəs Ermənistan tərəfdə nə düşünürlər? «Los Anceles Tayms»ın optimizmini bölüşürlərmi?


Yerevandakı Şərqşünaslıq İnstitutunun direktoru, Türkiyə üzrə mütəxəssis Ruben Safrasyan «Azadlıq» radiosuna deyir: «Mən bu optimizmi bölüşürəm. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına az da olsa imkan var. Abdulla Gülün təbrikində yeni ifadələr var idi. Sarkisyan isə hələ prezident olmamışdan deyirdi ki, Türkiyə ilə münabətləri normallaşdırmaqda Ermənistan heç bir ilkin şərt irəli sürməyəcək. Bu dəyişiklik optimizmə əsas verir».


XS
SM
MD
LG