Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:46

Gimnast və çar


«Rusiya üçün demokratiyanı seçən istənilən keçmiş kommunist ölkəsi təhlükədir»
«Rusiya üçün demokratiyanı seçən istənilən keçmiş kommunist ölkəsi təhlükədir»

Aprelin 28-də «Vaşinqton Post» qəzeti Rusiyanın daxili və xarici siyasətindəki dəyişiklikləri şərh edən yazı dərc edib. Müəllif Fred Hiyat yazını Putinin İtaliyaya son səfərini təsvir etməklə başlayır. Səfər ərzində keçirilən mətbuat konfranslarının birində jurnalistlər Putindən Rusiya qəzetlərində dərc olunmuş yazıya münasibət bildirməsini istəyiblər. Həmin yazıda iddia edilirdi ki, Putin prezidentlik müddəti başa çatdıqdan sonra öz həyat yoldaşı ilə ayrılıb, 24 yaşlı gimnast və Rusiya Dövlət Dumasının yeni deputatı Alina Kabayeva ilə ailə qurmağı planlaşdırır. Vladimir Putin gülümsəyərək bu məlumatı cəfəngiyyat adlandırır və bəzi mediaları «öz burnunu hər yerə soxan və erotik fantaziyalara malik olmaqda» ittiham edir. Sonra Putin ölkəyə qayıdır və bu yazını dərc etmiş Rusiya qəzetini bağlayır. «Daha dəqiq desək özünü günahkar saydığından yerə-göyə sığmayan və qəlbi çara sevgi ilə dolmuş qəzet özü-özünü bağlayır». Bunun ardınca isə Rusiya parlamentinin aşağı palatası qanun qəbul edir – 339 səs lehinə, 1 səs əleyhinə olmaqla. Bu qanun hökumətə səlahiyyət verir ki, bu cür xəbərləri bir də dərc edən istənilən media orqanını bağlasın.


Fred Hiyat bu insidentin ibrətamiz olduğunu vurğulayır və Rusiya siyasi sisteminin mövcud reallıqlarını əks etdirdiyini qeyd edir. O, fransız alimi Pyer Hassnerin keçən ilki çıxışından sitat gətirərək yazır: «Putin idarəçiliyi Rusiyanı faşist elementlərinin olduğu qatı avtoritarizm növünə gətirib çıxarıb». Yazar Putinin bu avtoritarizmə birdən-birə deyil, sürünə-sürünə, tədricən nail olduğunu qeyd edir və bildirir ki, eyni yolla Rusiya keçmiş sovet ölkələri üzərində nəzarəti bərpa etməyə çalışır:



Bu fonda heç də təəccüblü deyil ki, Rusiya ətrafında keçmiş sovet respublikalarından yaranmış kiçik və orta ölçülü demokratiyalar Moskvanın onların müstəqillikləri üzərinə ehmalca uzanan əllərindən narahatdırlar

«8 il əvvəl Putin elan etməmişdi ki, onun niyyəti avtokratiya yaradaraq bütün televiziya kanallarını Kremlin nəzarəti altına almaq və elə bir ölkə yaratmaqdır ki, orada bütün seçkilərin nəticəsini o özü müəyyənləşdirəcək (özü də vaxtından əvvəl). Hər bir iri sənayeçi, yaxud qubernator onun çaldığı havaya oynayacaq və etiraz etmək istəyən istənilən şəxs millətçi gənclərdən ibarət dəstələr tərəfindən qorxudulacaq, təhdid ediləcək və döyüləcək».


Prezidentlik dövrü bitdikdən sonra hakim Vahid Rusiya Partiyasının sədrliyini həmin qurumun üzvü olmadan qəbul edən Putin analoqu olmayan bir addım atıb. Yazar rus tarixçisi Alfred Koxdan misal çəkərək yazır ki, bu analoq ancaq Tövratda var: «Həzrəti Musaya qanunlar kitabı verib onun qövmünə Misirdən getməyi əmr edən Allahın özü Musaya verdiyi qanunlardan yuxarıda durur».


Müəllif Qərb hökumətlərini qınayaraq yazır ki, Putinin bu mərtəbəyə tədricən qalxdığı müddət ərzində onlar reallıqları axıracan qəbul etməyib. Bəzənsə hətta 21-ci əsr Rusiyasını Stalin dövrü ilə müqayisə edib və indiki rejimin xeyrinə müsbət fərqlər tapmağa çalışıb.


Bu fonda heç də təəccüblü deyil ki, Rusiya ətrafında keçmiş sovet respublikalarından yaranmış kiçik və orta ölçülü demokratiyalar Moskvanın onların müstəqillikləri üzərinə ehmalca uzanan əllərindən narahatdırlar. Estoniya davamlı haker hücumlarına məruz qalır, Gürcüstanın separatçı regionları ilə birbaşa əlaqələr qurulur, Ukrayna isə nüvə raketlərinin bu ölkəyə tuşlanması ilə hədələnir.



Estoniya prezidenti Tomas İlvesdən sitat gətirən müəllif yazır: «Aydındır ki, Rusiya üçün demokratiyanı, qanunun aliliyini və insan haqlarını seçən istənilən keçmiş kommunist ölkəsi təhlükədir». Estoniya prezidentinin fikrincə, bu yaxınlarda Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı tanınmamış respublikalarla birbaşa əlaqələr quran Rusiya bir növ ona deyir ki, «sən öz ərazilərin üzərində suveren hüquqlara malik deyilsən». Gürcüstanın Xarici İşlər naziri David Bakradze isə məsələnin daha böyük əhəmiyyət daşıdığını deyir: «İlk dəfədir ruslar fikirləşir ki, onlar post-sovet məkanında dövlət sərhədlərini dəyişdirə biləcək dərəcədə güclüdürlər. Onların qarşısı alınmasa, axıracan gedəcəklər».


Yekunda müəllif NATO-nun Buxarestdəki sammitində Almaniyanın Rusiyanın tələblərini nəzərə alıb Ukrayna və Gürcüstanı NATO-ya buraxmamasını tənqid edir. Fred Hiyat yazır ki, Rusiyanın belə güzəştlərdən qəbul etdiyi siqnal ondan ibarət olur ki, Qərb bu dövlətin post-sovet məkanında aqressiv niyyətlərinə yaşıl işıq yandırır.


XS
SM
MD
LG