Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:44

Hakimiyyətin öyünə biləcəyi yeganə amil…


YAP-ın nümayişi, 10 noyabr 2005
YAP-ın nümayişi, 10 noyabr 2005

Seçki yaxınlaşdıqca bu prosesdə iştirak edəcək tərəflərin siyasi potensialı xüsusi maraq kəsb edir. Siyasi potensialın mühüm amili elektorat arasında nüfuzdur. Əslində siyasi qüvvələrin ayrı-ayrılıqda malik olduqları nüfuzu müəyyənləşdirmək o qədər də asan məsələ deyil, xüsusən də söhbət hakimiyyətdə olan siyasi qüvvədən gedirsə. Hakimiyyətdə olmaq həm üstünlük gətirir, həm də problemlər yaradır. Üstün cəhət ondadır ki, hakim siyasi qüvvənin özünü elektorata yaxından tanıtmaq problemi yoxdur. Məsələnin çətin tərəfi isə budur ki, hakimiyyətdə olmaq artıq müəyyən məsuliyyət daşımaq deməkdir. Hakimiyyətdə olmayan siyasi qüvvə özünün siyasi vədlərində daha sərbəstdir. Amma bunu hakimiyyətdə olan siyasi qüvvə haqqında demək olmur.


Yeni Azərbaycan Partiyası artıq 15 ildir ki, hakimiyyətdədir. Bu illər ərzində daxili və xarici siyasətdə çox hadisələr baş verib. Amma əsas fundamental problemlər hələ də öz həllini tapmayıb. Sosial sferada problemlər var, iqtisadi siyasət heç də həmişə uğurlu aparılmır, Qarabağ problemi bu günə qədər həll edilməyib. Hakimiyyətin öyünə biləcəyi yeganə amil sabitlikdir, o da daha çox güc amili üstündə qurulub. Təsadüfi deyil ki, ölkədəki sosial–iqtisadi siyasəti analiz edən ekspertlər belə qənaətə gəlirlər ki, ya hakimiyyət ictimai rəyə tamamilə biganədir, ya da heç cür iqtisadiyyatı tənzimləyə bilmir. Belə təəssürat yaranır ki, sanki hakimiyyət elektoratın rəğbətini qazanmağa cəhd etmir. Qarabağ probleminə gəldikdə isə bir vaxtlar digər siyasi qüvvələri bu münaqişənin həlli üçün zəruri strategiyaya malik olmamaqda qınayan Yeni Azərbaycan Partiyası və onun liderləri özlərinin indi belə proqrama malik olmadıqlarını sübut edirlər.



Mübarizə təkcə seçki məntəqələrində aparılsaydı, siyasi mübarizənin digər üsulları istifadə edilməsəydi, indi fərqli mənzərə müşahidə etmək olardı. Amma hiss olunur ki, digər partiyaların hətta mövcudluğu belə hakim partiyanı narahat edir

Sosiologiyada əhalini müxtəlif qruplara bölürlər. Azərbaycan əhalisini də şərti olaraq üç qrupa bölmək olar: qaçqınlar, məcburi köçkünlər və əhalinin digər hissəsi. Bu qrupları birləşdirən xeyli ümumi cəhətlər olsa da, onların fərqli sosial gözləntiləri də var. Heç bir qrupun problemi hiss olunacaq dərəcədə həll edilməyib. Belə olan təqdirdə sual yaranır: Yeni Azərbaycan Partiyası seçkiyə hansı strategiya ilə gedir? Hakim partiya nəyə ümid edir?


İlk baxışda belə təəssürat yaranır ki, ölkədə ən güclü siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. Zahirən belədir. Amma bu, onun nəticəsidir ki, hakim partiya öz rəqibləri ilə təkcə seçki məntəqələrində mübarizə aparmır.


Mübarizə təkcə seçki məntəqələrində aparılsaydı, siyasi mübarizənin digər üsulları istifadə edilməsəydi, indi fərqli mənzərə müşahidə etmək olardı. Amma hiss olunur ki, digər partiyaların hətta mövcudluğu belə hakim partiyanı narahat edir. Əgər Yeni Azərbaycan Partiyası özünün siyasi gücünə əmindirsə nəyə görə siyasi aksiyaların keçirilməsi üçün şərait yaratmır? Nəyə görə Seçki Məcəlləsinə tələb olunan dəyişikliklər edilmir? Nəyə görə söz və mətbuat azadlığı birbaşa və dolayı üsullarla məhdudlaşdırılır?


Ümumi halda Yeni Azərbaycan Partiyasının siyasi gücünü şərti olaraq üç hissəyə bölmək olar: inzibati, geosiyasi və elektoral. Mübaliğəsiz demək olar ki, siyasi gücün daha çox iki faktoru - inzibati və geosiyasi amillər üstünlük təşkil edir. Elektoral güc isə bu sırada ən zəif həlqədir.


Bu yaxınlarda hakim siyasi dairənin bir qrupu Rusiyaya səfər etdi. Yerli müşahidəçilərin bir qismi bunu seçki ilə əlaqələndirdi. Seçki ərəfəsində Rusiya ilə yaxınlaşmaq, onun siyasi texnologiyalarından istifadə etmək adi haldır. 2003-cü ilin prezident seçkisi zamanı da belə olmuşdu.


Rusiya Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil. ABŞ və digər ölkələr isə Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsinə cəhd edir. Elə bu səbəbdən mühüm seçkilər ərəfəsində Rusiya ilə münasibətlərdə istiləşmə, ABŞ-la münasibətlərdə isə əksinə soyuqluq müşahidə olunur.Təsadüfi deyil ki, bu yaxınlarda ABŞ-ın Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün 3 milyon dollar ayırmasını dövlət rəsmiləri ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirdilər.


Rusiya və MDB ölkələrinə münasibət isə fərqlidir. Burada hətta seçkini müşahidə edənlər arasında belə fərq var. MDB ölkələrinin müşahidəçiləri seçkini müşahidə edərkən onun demokratikliyinin fərqinə varmırlar. Digər ölkələrin və təşkilatların müşahidəçiləri isə daha çox prinsipiallıq nümayiş etdirirlər. Sonuncu amil də seçkilər vaxtı Azərbaycanı MDB ölkələri ilə yaxınlaşdırır.


Beləcə, geosiyasət bütün sferalarda öz iradəsini diqtə edir. O cümlədən də seçkilərdə. Hətta bəzən sual yaranır: Seçimi kim edir? Cəmiyyət, yoxsa yaxın və uzaq dövlətlər?


XS
SM
MD
LG