Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:34

İrana qarşı «qamçı və kökə» siyasəti işləmir…


İran milli nüvə texnologiyası günü qeyd edilir. Tehran 8 aprel 2008
İran milli nüvə texnologiyası günü qeyd edilir. Tehran 8 aprel 2008

Mayın 27-də «Vaşinqton Post» qəzeti «İrana qarşı məntiqli siyasət» başlıqlı məqalə dərc edib. Məqalənin müəllifləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski və Milli Kəşfiyyat Agentliyinin keçmiş direktoru general-leytenant Uilyam Odomdur.


Müəlliflər yazını o fikirlə başlayırlar ki, ABŞ-ın İranın nüvə proqramlarını dayandırmaq üçün apardığı «qamçı və kökə» siyasəti işləmir. «Ağıllı görünən qamçı və kökə siyasəti, o cümlədən hərbi yolun hələ də əldə saxlanıldığı barədə ABŞ-ın vaxtaşırı verdiyi bəyanatlar İranın öz nüvə arsenalına malik olmaq istəyini yalnız gücləndirir. Bu cür ağır təbiətli «qamçı və kökə siyasəti» uzunqulaqlara qarşı yaxşı işləyə bilər, ciddi dövlətlərlə münasibətlərdə yox». Müəlliflər qeyd edir ki, belə getsə, İran tezliklə nüvə silahına malik olacaq.


Misal üçün vaxtilə nüvə silahı əldə etmək ambisiyaları olmuş, lakin bu niyyətdən sonralar müxtəlif səbəblərə görə əl çəkmiş Braziliya , Argentina və Cənubi Afrika Respublikasından nümunə gətirilir. Müəlliflər sual edir ki, əgər Amerika tez-tez bu dövlətləri rejim dəyişikliyi ilə hədələsəydi, bu dövlətlər nüvə proqramlarından əl çəkərdilərmi?


Bjezinski və Odomun fikrincə İranın nüvə obyektlərinin ABŞ hərbi hava qüvvələri, yaxud İsrail təyyarələri tərəfindən bombalanması İranın nüvə proqramlarını dayandıra bilməz, sadəcə ləngidə bilər

İkinci bir nümunəni isə müəlliflər Pakistanvə Hindistanın nüvə proqramları tarixindən götürüblər. Yazıda qeyd edilir ki, «qamçı və kökə siyasəti» ilə Hindistan və Pakistanı nüvə proqramlarından çəkindirə bilməyən ABŞ əvvəl-axır bu dövlətlərlə qarşıdurma yox, yaxınlaşma xəttini seçməli oldu. «Belə olan təqdirdə bu, İranın liderlərinə nəyi söyləyir?» deyə müəlliflər sual edir.


Müəlliflər bir qədər də uzağa gedib oxucunu çağırırlar ki, Çinin ABŞ-a tələblə müraciət edərək nüvə proqramlarını dayandırmağı tələb etməsini göz önünə gətirsinlər. Müəlliflərin qənaətincə, belə olan halda ABŞ liderlərinin verəcəyi cavablar lap Mahmud Əhmədinejatın ritorikasına bənzəyər.


Bjezinski və Odomun fikrincə İranın nüvə obyektlərinin ABŞ hərbi hava qüvvələri, yaxud İsrail təyyarələri tərəfindən bombalanması İranın nüvə proqramlarını dayandıra bilməz, sadəcə ləngidə bilər. Bununla yanaşı belə bir hücumun olacağı təqdirdə Yaxın Şərqdə və Əfqanıstanda vəziyyətin destabilizasiyası, bu regiondan olan neft nəqlinə ciddi zərbənin vurulması və nəticədə neftin qiymətinin bir qədər də bahalaşması sonucda Amerikanın boynunda qalan neqativ olacaq. Müəlliflər qeyd edir ki, İrana preventiv hücum, yaxud zərbə həm ABŞ-a, həm də onun müttəfiqi İsrailə zərər verə bilər.


Bütün bunları nəzərə alaraq müəlliflərin təklif etdiyi yol ondan ibarətdir ki, ya ABŞ İranla qeyd-şərtsiz danışıqlara başlasın (ancaq bu halda ABŞ İranın heç bir güzəşt göstərməyəcəyi təqdirdə danışıqları dayandırmaq imkanını qoruyub saxlamalıdır), ya da İranla şərtli əsaslarda danışıqlara başlanılmalıdır ki, bu halda İrana qarşı tətbiq edilən sanksiyaların dondurulması müqabilində sonuncu öz nüvə zənginləşdirmə proqramlarını dayandırsın. Bütün hallarda müəlliflər hesab edir ki, İranın avtonom əsaslarda sülh məqsədi ilə istifadə edilən nüvə proqramlarına razılıq verilə bilər, bu sərhədlərdən kənara çıxan nüvə zənginləşdirilməsi proqramlarını isə qarşılıqlı razılıq əsasında dayandırmaq olar.


Müəlliflər yekunda xüsusi diqqəti ona ayırırlar ki, İranın Əl-Qaidə terrorçu hərəkatı ilə çox pis münasibətləri var və sonuncular İranın regionda ABŞ hücumuna məruz qalacağını ümidlə gözləyirlər. Belə olan təqdirdə həm Əl-Qaidəçilərin nifrət etdikləri şiə dövləti dağıdılar, həm də bu hərəkatın digər düşməni ABŞ uzun müddətə daha bir regional konfliktdə dolaşıb qalmış olar.


XS
SM
MD
LG