Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:22

«Uşaq əməyindən hamı istifadə edir-dövlət də, ailə də, sahibkar da»


Beynəlxalq Əmək Təşkilatı bildirir ki, dünyada 250 milyondan çox uşaq işləməyə məcburdu
Beynəlxalq Əmək Təşkilatı bildirir ki, dünyada 250 milyondan çox uşaq işləməyə məcburdu

«5 manat qazanmışam bu gün. Qazandığımdan həm evə verirəm, həm də özümə xərclik edirəm...»


Həmsöhbətim 14 yaşlı Elnur artıq iki ildir ki, öz əməyi ilə pul qazanır. Əvvəlcə küçədə alış-verişlə məşğul olub, indi isə dənizkənarı parkda attraksionda işləyir. Deyir ki, iki il öncə ailəsi ilə birlikdə rayondan şəhərə qazanc dalınca gəlib və elə o vaxtdan da məktəbə əlvida deyib. Valideynləri işləməyinin əleyhinə olub, amma sonra ailənin dolanışığına köməkliyi dəyib deyə onların da razılığını alıb. Azərbaycanın əmək qanunvericiliyinə görə uşaqların 15 yaşınadək işləməsi qadağandır. 15 yaşından 18 yaşınadək işləyən uşaqlara isə xüsusi güzəştlər edilməlidir, onlar ancaq valideynləri və ya qəyyumlarının razılığı ilə yalnız fiziki ağır hesab olunmayan işlərdə çalışa bilərlər.


Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov isə deyir ki, qanunla qadağan olunsa da, indi ölkədə Elnur kimi işləmək məcburiyyətində olan yüzlərlə azyaşlı var. Oğlan uşaqları daha çox küçə ticarəti və ya maşın yumaqla məşğuldur. Qız uşaqlarının əməyindən isə, ekspertə görə, kənd yerlərində daha çox pambıq yığımında istifadə olunur. Şəhər yerlərində isə yeniyetmə qızlar barlarda, yeməkxanalarda qab yuyur, yaxud başqa işlər görürlər. Yusif Bəkirov deyir ki, uşaq əməyinin geniş yayılması ölkədə yoxsulluq səviyyəsinin yüksək olmasıyla bağlıdır və çox vaxt uşaqlar ailələrinə kömək üçün işləyirlər:


«Vəziyyət getdikcə acınacaqlı hal alır. Azərbaycanda camaatın sosial vəziyyəti pisdir. Buna görə də uşaq əməyindən hamı istifadə edir-həm dövlət, həm ailə, həm də sahibkarlar. Əsas səbəb də odur ki, uşaq əməyi ucuzdur və uşaqlar öz hüquqlarını tələb edə bilmirlər. Baxmayaraq ki, Azərbaycan beynəlxalq konvensiyaya qoşulub, amma lazımi işlər görülmür. Bu vaxtadək statistik rəqəm yoxdur ki, nə qədər uşaq işləyir».


Rəsmilər isə ölkədə uşaq əməyinin geniş yayılması ilə bağlı deyilənlərlə razılaşmırlar. Mətbuata açıqlamasında Milli Məclisin üzvü, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova deyib ki, uşaq əməyi Azərbaycan cəmiyyətində problem kimi mövcuddur, amma bəzi qeyri-hökumət təşkilatları bu məsələnin miqyasını qəsdən şişirdirlər.


Onun fikrincə, indi ölkədə uşaq əməyindən istifadənin qarşısını almaq üçün tədbirlər görülür, kasıb ailələrə ünvanlı sosial yardımların verilməsi həm də uşaq əməyindən istifadənin qarşısını almağa xidmət edir. Bundan başqa polis nəzarəti də gücləndirilib ki, azyaşlıların işə cəlb olunmasının qarşısı alınsın.


Amma Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, uşaq əməyinin istismarının qarşısını sərt tədbirlərlə almaq mənfi nəticələrə gətirib çıxarır. Və əgər hazırda da işə cəlb olunan azyaşlılar cəmiyyətdə kifayət qədər çoxdursa, deməli dövlət sosial yardımların miqyasını genişləndirməlidir:


«İstər dünyada, istərsə Azərbaycanda uşaq əməyindən istifadənin qarşısının alınmasının administrativ mexanizmi yoxdur. Bu yol daha mənfi və bədbəxt nəticələrə gətirib çıxarır. Çünki uşaqlar keflərindən işləmirlər, bu əməyə ya onların, ya da ki, valideynlərinin ehtiyacı var. Problemin həlli sosial şəraitin – uşaqların ailələrinin dolanışığını yaxşılaşdırılmasıdır. Əlbəttə qanuni yollar da olmalıdır. Amma qanun sərtliklə tətbiq olunsa başqa mənfi nəticələrə gətirib çıxarar».


Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, indi bütün dünyada 250 milyondan çox 5-14 yaşlı uşaq işləməyə məcburdur. Azərbaycanda isə belə bir statistik göstərici yoxdur. BMT 1989-cu ildə Uşaq Hüquqları üzrə Konvensiya qəbul edib. 2005-ci ildə Azərbaycan da bu konvensiyaya qoşulub.


XS
SM
MD
LG