Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:44

«Neft pullarının axını insan alveri üçün də əlverişli şərait yaradır»


Eva Biode deyib ki, insan alverinə qarşı mübarizə ilə təkcə polis məşğul olmamalıdır
Eva Biode deyib ki, insan alverinə qarşı mübarizə ilə təkcə polis məşğul olmamalıdır

«Hökuməti çağırıram ki, insan alveri ilə mübarizədə QHT-lərlə əməkdaşlığa qoşulsun». Bunu ATƏT-in insan alverinə qarşı mübarizəsi üzrə xüsusi nümayəndəsi Eva Biode Bakıya səfərinin sonunda bəyan edib. O, deyib ki, hökumət bu problemlə mübarizədə bir sıra addımlar atıb, amma bu, hələ başlanğıcdır:


«Bir çox qurbanlar hökumət qurumlarına inanmadığı üçün düşdükləri vəziyyəti açıq demirlər. Elə mexanizm yaradılmalıdır ki, problemin real həllinə nail olunsun. Mən çox narahatam ki, bir çox qurbanlar Azərbaycanda cinayətkar kimi qəbul edilir, məsuliyyətə cəlb olunur və hətta alçaldılırlar. Əsas məsuliyyətə cəlb olunan qadınlardı, amma biz bunun arxasında böyük qüvvələrin və pullarını durduğunu bilirik».


ATƏT təmsilçisi deyib ki, neft pullarının axını və iqtisadi artım insan alveri üçün də əlverişli şərait yaradır:


«Yaxşı iqtisadiyyatın həmişə kölgəli tərəfi də var. Ölkədə tikinti bumu yaranıb. Mənə çatan məlumatlara görə, Azərbaycana bir sıra ölkələrdən, o cümlədən Orta Asiyadan çoxlu işçi qüvvəsi gətirilir. Onlardan qul əməyi kimi istifadə oluna bilər».


Eva Biode deyib ki, insan alverinə qarşı mübarizə ilə təkcə polis məşğul olmamalıdır:


«Çünki polisin cəmiyyətə tam baxış bucağı yoxdur. Bundan başqa, maarifləndirmə aparılmalı, insan alverinə qarşı treninqlər keçirilməli, polis və tibb işçiləri, o cümlədən ictimaiyyət mübarizə qaydaları ilə məlumatlandırılmalıdır».


Eva Biode Bakıya iyunun 15-da gəlib.


Onun məqsədi Azərbaycana ATƏT qarşısındakı öhdəliklərini xatırlatmaq və bu öhdəliklərin necə yerinə yetirildiyini izləməkdir.


XS
SM
MD
LG