Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:49

«Bakıda yeni sökhasök…»


Neftlə çirklənmiş ərazidə tikilən evlərin 70 faizi qanunsuz sayılır
Neftlə çirklənmiş ərazidə tikilən evlərin 70 faizi qanunsuz sayılır

«Azadlıq» yazır ki, «neftlə çirkləndirilmiş ərazilərin təmizlənməsi» bəhanəsiylə minlərlə vətəndaş evsiz qalacaq».


Bakının yeni Baş Planında neftlə çirkləndirilmiş ərazilərdə olan tikililərin sökülməsi nəzərdə tutulub. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, araşdırma zamanı 10 min hektar ərazinin çirkləndirildiyi məlum olub: «Abşeron ərazisinin reabilitasiyası çərçivəsində yod və neftlə çirkləndirilmiş 10 min hektar ərazi təmizlənir. Həmin ərazilərin 80 faizində yaşayış evləri tikilib. Bu mənzillərin sökülməsi uzun müddət tələb edəcək».


Yalnız sənədləri qaydasında olan vətəndaşlara kompensasiya ödənilməsi nəzərdə tutulub. 1998-ci ildən mənzillərin sənədləşdirilməsi prosesi dayandırılıb. Buna görə də tikililərin 70 faizi qanunsuz sayılır. Lakin onlar bələdiyyə, rayon icra hakimiyyətinin rəsmi və ya qeyri-rəsmi razılığını almaq üçün ödənişlər ediblər. Buna görə də qanunsuz adıyla həmin mənzillərin sökülməsi yüzlərlə insanın küçədə qalmasına səbəb ola bilər.


«Yada salaq ki, artıq Bakının mərkəzi ərazilərində «evlərin qəzalı vəziyyətdə» olması bəhanəsiylə 5 mərtəbəli binalar, hətta qədim tikililər də sökülür. Belə çıxır ki, tikinti mafiyası Bakını təzədən tikmək istəyir».


Azərbaycan növbəti dəfə dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri kimi göstərilib. «Transparency İnternational» təşkilatının açıqladığı illik «Korrupsiya barometri» adlı hesabatda deyildiyinə görə, Azərbaycan hesabata daxil edilən 172 ölkə arasında 150-ci sırada yer alır. Bu barədə «Yeni Müsavat» yazıb.


«Hesabatdan məlum olur ki, Azərbaycanda korrupsiya sahəsində vəziyyət yaxşılaşmayıb, baxmayaraq ki, hökumət antikorrupsiya tədbirləri həyata keçirib. Təşkilat iki il əvvəl Azərbaycanda korrupsiyaya qarşı dövlət proqramının qəbul edilməsini nəzərə alaraq ölkənin korrupsiya indeksini 0.2 bala qədər artırmışdı. Lakin ötən illər ərzində bu proqramın effekt verməməsi göstəricinin yenidən pisləşməsinə səbəb olub».


«Akademik Cəlal Əliyev təkcə elm xadimi kimi seçilmir, o həm də aktiv siyasətdədir, ölkənin aparıcı partiyası olan YAP Siyasi Şurasının üzvü, millət vəkilidir». Bunun «Yeni Azərbaycan» yazıb. Qəzetin 4-cü səhifəsi bütünlükdə akademikə həsr edilib. Hakim YAP-ın Siyasi Şurası da Cəlal Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edib. Qəzetdə yer alan təbrik məktubunda deyilir: «Hərtərəfli nəzəri tədqiqatlarınız, dünya seleksiyaşünaslığına töhfə verən onlarla ixtiralarınız bütün dünyada Azərbaycan elminə şöhrət qazandırmışdır. Müəllifi olduğunuz yeni məhsuldar buğda sortları haqlı olaraq əzəmətli elmi nailiyyət sayılır və dövlətimizin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır».


«Qəbul imtahanına gələn yüzlərlə vətəndaşı soyub buraxdılar». «Bizim Yol» yazır ki, ali məktəblərin 3-cü ixtisas qrupuna imtahan keçirilən gün Bakı avtovağzalında qiymətlər 2 dəfə artıb. Rayonlara getmək istəyən yüzlərlə vətəndaş minik probleminə görə avtovağzalda qalıb.


XS
SM
MD
LG