Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Hakimiyyət kütləvi aksiyalardan niyə ehtiyat edir?


Azərbaycanda kütləvi aksiyaların keçirilməsi problem kimi qalır
Azərbaycanda kütləvi aksiyaların keçirilməsi problem kimi qalır

Azərbaycanda kütləvi aksiyaların keçirilməsi hələ də problem kimi qalır. İlk baxışda belə təəssürat yarana bilər ki, vətəndaşlar və siyasi partiyalar belə tədbirlərə bir o qədər də maraq göstərmirlər. Əslində isə belə deyil. Aksiya keçirmək üçün sonuncu cəhd elə ötən həftə oldu – hüquq-mühafizə orqanları Müsavat Partiyasının Bakı şəhərində keçirmək istədiyi aksiyanın qarşısını aldılar.


Aksiyalara münasibətdə indi ölkədə maraqlı vəziyyət müşahidə olunur. 2005-ci ilin parlament seçkisindən sonra bir-iki halı istisna etsək, demək olar ki, kütləvi aksiyalara icazə verilməyib. Uzun müddət idi ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» yeni qanunun qəbulu gözlənirdi. Qanun qəbul olundu, baxmayaraq ki, onunla bağlı xeyli iradlar var idi. Hətta ümid edilirdi ki, Avropa Şurasının Venesiya Komissiyası qanuna yeni baxış keçirilməsini tövsiyə edəcək. Amma bu günlərdə Bakıda səfərdə olan Venesiya Komissiyasının katibinin dediklərindən belə məlum oldu ki, buna ehtiyac yoxdur.


Ölkə prezident seçkisi ərəfəsindədir. Prinsipcə, indi kütləvi aksiyalar keçirməyə daha çox cəhd oluna bilər və bu, siyasi partiyaların hüququdur. Hakimiyyətin məsələyə münasibəti çox ziddiyyətli xarakter daşıyır. Bir tərəfdən iddia olunur ki, müxalifətin sosial bazası çox zəifdir, insanlar onların keçirdikləri aksiyalara maraq göstərmir və bir qayda olaraq bu tədbirlərə qoşulmurlar.


Ən çox mübahisə doğuran cəhət budur ki, nə köhnə qanunda, nə də yenisində aksiyaların keçirilməsi üçün icazə nəzərdə tutulmayıb, sadəcə müvafiq orqanları xəbərdar etmək lazımdır. Amma hakimiyyət orqanları buna əməl etmirlər

Bununla razılaşmaq olardı, əgər bir sual yaranmasaydı: Əgər müxalifətin keçirdiyi kütləvi aksiyalara ictimai maraq yoxdursa, onda bəs niyə onlara icazə verilmir? Müxalifətin zəif siyasi aksiyaları hakimiyyət üçün nə təhlükə kəsb edə bilər? Təəssüf ki, bu sualın cavabı yoxdur. Məsələ ondadır ki, hakimiyyət bütün hallarda ehtiyat edir. Ölkədə narazıların sayı iddia ediləndən qat-qat çoxdur. Əgər siyasi partiyalar dayanıqlı aksiyalar keçirə bilsələr, aksiyalar zamanı insanlar müxtəlif təzyiqlərə məruz qalmasalar, belə tədbirlərlə maraqlananların və bu tədbirlərə qoşulanların sayı artacaq.


Hakimiyyəti məhz bu amil narahat edir. Müxalifətin və eləcə də hakimiyyətin gücü, sosial bazası ilə bağlı deyilənlər siyasi məntiqdən çox–çox uzaqdır. Ancaq demokratik seçkilər və bir də azad aksiyalar bu və ya digər siyasi qüvvənin siyasi gücü, sosial dayaqları haqqında fikir yürütməyə imkan verə bilər. Aksiyaların vətəndaşların təhlükəsizliyi və rahatlığı üçün problem yarada bilməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. Elə bir ay olmur ki, hakim partiyanın hansısa böyük tədbiri keçirilməsin. Nədənsə belə böyük tədbirlər keçirilən zaman vətəndaşların narahatlığı nəzərə alınmır.


Maraqlıdır ki, təkcə müxalifət partiyalarının keçirmək istədiyi aksiyaların qarşısı alınmır. Müxtəlif ictimai təşkilatlar, hətta jurnalistlər də eyni aqibətlə qarşılaşırlar. Bəzən bu aksiyalar hətta siyasi yönümlü olmur, onlarda daha çox ictimai tələblər səslənir. Amma buna baxmayaraq yenə də onların keçirilməsinə icazə verilmir.


Ən çox mübahisə doğuran cəhət budur ki, nə köhnə qanunda, nə də yenisində aksiyaların keçirilməsi üçün icazə nəzərdə tutulmayıb, sadəcə müvafiq orqanları xəbərdar etmək lazımdır. Amma hakimiyyət orqanları buna əməl etmirlər. Hətta qapalı yerlərdə belə tədbirlərin keçirilməsi üçün icazə tələb olunur. Bu mənada Azərbaycan Cənubi Qafqaz respublikaları arasında ən mühafizəkar ölkədir. Digər respublikalarda müxalifət partiyaları və ictimai təşkilatlar müəyyən çətinliklərlə qarşılaşsalar da, yenə də tədbirlərini keçirə bilirlər. Bu respublikalarda kütləvi aksiya keçirmək üçün müxalifəti ucqarlara göndərmək təcrübəsi də yoxdur. Azərbaycan isə yenə də orijinallıq nümayiş etdirir. Siyasi partiyalar, xüsusən də ənənəvi müxalifət partiyaları hətta rayonlarda öz təşkilati tədbirlərini keçirə bilmirlər. Bu, Azərbaycanda adi təcrübə halını alıb. Yaxın gələcəkdə bu təcrübənin dəyişmək perspektivi isə görünmür. Ola bilsin, seçki vaxtı siyasi partiyalara bir-iki simvolik aksiya keçirməyə icazə verəcəklər. Amma seçki bitəndən sonra hər şey öz əvvəlki məcrasına qayıdacaq. Hakimiyyət belə hərəkətləri və siyasi proseslərə münasibəti ilə faktiki olaraq seçkini boykot etməyi təklif edən müxalifət partiyalarının mövqeyini gücləndirir. Əgər belə olmasaydı, seçki ərəfəsi siyasi mühit mülayimləşər, konkret olaraq kütləvi aksiyalara və onların keçirilməsinə münasibət dəyişərdi.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrid ir.


XS
SM
MD
LG