Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:52

«Nəyə görə Günəş adı olar, Yupiter yox?»


«Biz məsləhət görürük ki, uşaqlara iki ad qoyulmasın»
«Biz məsləhət görürük ki, uşaqlara iki ad qoyulmasın»
«Nəyə görə Günəş adı olar, Yupiter yox? Nəyə görə Dağbəyi olar, Çeşmə ola bilməz? Adlar kitabını əsas gətirib «burada sizin istədiyiniz ad yoxdur», - demək absurddur. Hamı bilir ki, Cəfər Cabbarlının əsərlərindən neçə-neçə adlar götürülüb. İndi kimsə uşağına ad qoymaq üçün əsər yazmalıdır, dramaturq olmalıdır?»

Yaxınlarından birinin ailəsində doğulan uşağa Çeşmə adı verə bilmədiklərini deyən jurnalist Şahvələd Çobanoğlu belə bildirir.


Onun sözlərinə görə, Çeşmə həm də körpənin nənəsinin adıdır və onlar bu adı yaşatmaq istəyirlərmiş. Ancaq körpəyə bu adla doğum haqqında şəhadətnamə verməyiblər. Bəhanə də o olub ki, adlar kitabında Çeşmə adı yoxdur.


Çobanoğlu imzası ilə tanınsa da, Şahvələdin soyadı Namazovdur. Onun Çobanoğlu sözünü soyad kimi rəsmiləşdirməsinə də icazə vermirlər. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsində (VVADQİ) jurnalistə bildiriblər ki, soyadını yalnız Namazlı, Namazzadə, ya da Namaz sözlərindən birinə dəyişə bilər. O isə bu məsələdə israrlıdır. Deyir ki, el-obada Çobanoğlu adı ilə tanınırlar və məhkəmə yolu ilə də olsa, bu soyadı rəsmiləşdirməyə çalışacaq:


«Soruşuram ki, nədən mənim uşaqlarım bu soyadı daşıya bilməzlər. Deyirlər ki, Azərbaycanda belə soyad sonluğu yoxdur. Mən də deyirəm ki, əgər qanun buna imkan vermirsə, demək onu təkmilləşdirməyə ehtiyac var. Anlayışla qəbul edirlər, ancaq deyirlər ki, qorxuruq, belə edə bilmərik».


Dövlət Statistika Komitəsinin məlumatına görə, indi Azərbaycanda uşaqlara daha çox Əli, Məhəmməd, Murad, Nihad, Zəhra, Fatimə, Nərmin, Nuray adları qoyurlar. Ancaq elə insanlar da var ki, uşaqlarına az rast gəlinən adlar qoymaq fikrinə düşürlər. Növbəti həmsöhbətimiz kimi:


«Bizim xoşumuza Aspasiya adı gəldi. Qohumların təkidi ilə ona Əsmər adı da əlavə etdik. Getdik «ZAQS»a, ancaq orada buna etiraz etdilər. Dedilər ki, ikili ad olmaz. Biz təkid edəndən sonra iki adı bərabər yazmağa razılaşdılar».


VVADQİ-nin əməkdaşlarından uşaqlara ad qoyulması məsələsində hər hansı məhdudiyyətin olub-olmadığını soruşduq:


«Qabaqlar ikiadlılığa qadağa vardı. Sadəcə, biz məsləhət görürük ki, uşaqlara iki ad qoyulmasın. Heç bir məhdudiyyət yoxdur. Valideyn hansı adı istəsə, olar».


Pasport Qeydiyyatı İdarəsində də vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi zamanı onların adları və soyadları ilə bağlı heç bir problem olmadığını deyirlər. Səbail Rayon Pasport Qeydiyyatı İdarəsindən bildirirlər ki, şəxsiyyət vəsiqələri doğum haqqında şəhadətnamələrin əsasında verilir:


«Bizdə ad və soyadlarla bağlı heç bir problem olmur. Doğum şəhadətnaməsində nə yazılıbsa, şəxsiyyət vəsiqələrinə də o yazılır».


Əgər kimsə adını, yaxud soyad sonluğunu dəyişmək istəyirsə, daha çox Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinə müraciət etməlidir. Adlar yaxşı səslənmədikdə, çox anlaşılmaz olduqda dəyişdirilir. Soyad dəyişdirmək isə ad dəyişməkdən daha çətindir. Soyad dəyişdirildikdə həmin şəxslə bağlı bütün hüquqi sənədlərin dəyişdirilməsinə ehtiyac yarananda məsələ məhkəmə qaydasında çözülür. Soyad sonluqlarının milliləşdirilməsi prosedurası isə çox sadədir. Əgər kimsə adını, yaxud soyad sonluğunu dəyişmək istəyirsə, VVADQİ-yə ərizə yazıb doğum haqqında şəhadətnaməsini dəyişməli, sonra da onun əsasında şəxsiyyət vəsiqəsi almalıdır.


XS
SM
MD
LG