Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:53

Generalın vəkilə qarşı şikayəti icraata qəbul edilmədi


Yasamal rayon Məhkəməsinin hakimi Elçin Qurbanov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Rafiq Abbasovun vəkil Xalid Bağırova qarşı şikayətini icraata götürməkdən imtina edib. Hakim bu barədə qərarı aprelin 15-də keçirilən hazırlıq iclasında elan edib.

Rafiq Abbasov məhkəməyə xüsusi ittiham qaydasında şikayət etmişdi ki, vəkil barəsində Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət işi başlanmasına dair qərar çıxarsın. General hesab edirdi ki, vəkil mətbuat səhifələrində Bakı sakini Elvin Əsgərovu polislərin işgəncələr verərək öldürməsini söyləməklə polisə böhtan atır.

Xalid Bağırovun hüquqlarını məhkəmədə vəkillər Anar Qasımov, Muxtar Mustafayev, Elçin Sadıqov Cavad Cavadov müdafiə edirdi. Hələ aprelin 11-nə təyin olunmuş hazırlıq iclasında vəkillər məhkəmə qarşısında vəsatət qaldırmışdılar ki, xüsusi ittihamçı qismində Rafiq Abbasov özü prosesdə iştirak etməlidir. Ya da nümayəndələrinə notariat qaydasında etibarnamə verməlidir. Bu səbəbdən də hazırlıq iclası aprelin 15-nə kimi təxirə salınmışdı. Bugünkü hazırlıq iclasında Rafiq Abbasovun yenə iki nümayəndəsi iştirak edirdi.

Xalid Bağırov
Vəkil Anar Qasımov məhkəmənin nəzərinə çatdırdı ki, Rafiq Abbasovun öz nümayəndələrinə Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi blankında, bu qurumun möhürü ilə möhürlənmiş etibarnamə verməsi qanunsuzdur. Onun sözlərinə görə, bu, ikinci hazırlıq iclasıdır ki, Rafiq Abbasov özü iştirak etmir. Xüsusi ittihamçı özü prosesdə iştirak etmədiyinə görə, onun xüsusi ittiham qaydasında verdiyi şikayət icraata qəbul edilməməlidir. Rafiq Abbasovun nümayəndəsi Radik Əhmədov hakimdən onlara verilmiş etibarnamənin qanuni olduğunu bildirərək vəsatətin təmin olunmamasını xahiş etdi.

Hakim Elçin Qurbanov müşavirədən qayıdaraq Rafiq Abbasovun xüsusi ittiham qaydasında məhkəməyə təqdim etdiyi şikayətin icraata qəbul olunmaması barədə qərar elan etdi. Hakim qərarını belə əsaslandırdı ki, xüsusi ittihamçı iki dəfə hazırlıq iclasında iştirak etməyib, nümayəndələrinə notariat qaydasında etibarnamə verməyib və məhkəməyə təqdim olunan şikayət ərizəsi düzgün tərtib olunmayıb.

Vəkil Xalid Bağırov AzadlıqRadiosuna verdiyi müsahibəsində bildirmişdi ki, BŞBPİ rəisi onu cinayət məsuliyyətinə cəlb etdirməklə polisi sığortalayır. Məqsəd Elvin Əsgərovun ölümünün əsl səbəblərini ört-basdır etməkdir: «Polisin mənə qarşı xüsusi ittiham qaydasında şikayət verməsini bir vəkil kimi özümə qarşı təzyiq hesab edirəm. Bu, ona görədir ki, bu işdən bir vəkil kimi geri çəkilim».
XS
SM
MD
LG