Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:06

Nizami Gəncəvi. Leyli və Məcnun (60)


əvvəli

MƏCNUN VƏHŞİLƏR ARASINDA


Əfsanə yaradan bir sahib hünər
Bu qəmli dastanı belə nəql edər:
O yatağı səhra, o balıncı dağ,
Bu saxsı evdəki o solğun zanbaq
Ata matəmini çatdırıb başa,
Yenə də üz tutub, qaçdı dağ-daşa.
O, vəhşi çölləri bir gün tərk etdi,
Yarının yurduna üz tutub getdi.
Gördü ki, vəfanın çəkdiyi qələm
Leylini Məcnunla yazmışdır bahəm.
Eşdi dırnağıyla yerin layını,
Özünü saxlayıb pozdu tayın.
Görənlər dedi ki: "Bu necə işdir?
O iki rəqəmdən biri getmişdir".
Dedi ki: "Birini pozsa da qədər,
Bir ad ikimizə kifayət edər.
Aşiqi axtarıb gəzsə bir insan,
Onun yarını da qoy tapsın ondan".
Bu vaxt soruşdular, dedilər: "Nədən
O itmiş ortadan, itməmisən sən?"
Dedi: "Yaxşı düşməz mənimçin artıq,
Mən özüm məğz olam, o isə qabıq.
Mən dostun örtüsü olsam da ancaq,
Xoşdur o məğz üstdə bir qabıq olmaq".
Deyib, o yerlərdə tutmadı qərar,
Gah yolla gedirdi, gah yoldan kənar.
O, aşiqlər kimi dilində qəzəl
Gəzirdi bir təbib, bir mehriban əl.
Insan adətindən əl götürərək,
Ipini qırmışdı o, vəhşilər tək.
Çöl vəhşisi kimi o, zaman-zaman
Yeyib yaşayırdı yaşıl otlardan.
O, tordan, vəhşidən qorxmurdu bir dəm,
Vəhşilər olmuşdu Məcnuna həmdəm:
Ona yetişməsin deyə bir zaval,
Keşikdə durardı şir ilə maral.
Çöldə nə qədər ki, vəhşilər vardı,
Onun qulluğunda hazır durardı.
Aslanı, maralı, tülkünü, qurdu
Yığıb yol üstündə ordugah qurdu.
Hamsı qulluğunda durmuşdu sayaq,
O da şah olmuşdu Süleyman sayaq.
Şahin qanadından günlüyü vardı,
Nəşinə qaraquş kölgə salardı.
O qədər böyükdü ondakı şahlıq,
Vəhşilər vəhşətdən çıxmışdı artıq.
Qoyun qurd belinə yatıb qalırdı,
Maral şir üstünə ayaq alırdı.
Düzəlmişdi itlə dovşan arası,
Şir südü əmirdi ahu balası.
Məcnun yol gedirdi əlində canı.
Vəhşiylə dolmuşdu onun dörd yanı.
Yatacağı yeri tülkü görərdi,
Ona quyruğuyla yer süpürərdi.
Ahu sığallardı yanaqlarını,
Qoynuna alardı ayaqlarını.
Onun cüyür kimi həmdəmi vardı,
Maral sağrısına o, baş qoyardı.
Başının üstündə şir diz çökərək,
Keşikçi durmuşdu qılınc çəkərək.
Canavar olmuşdu ona pasiban,
Canını edərdi yolunda qurban.
Vəhşidən doğulmuş yırtıcı pələng
Öz təbiətini eyləmişdi tərk.
Çöl heyvanlarından iki-üç qatar
Onun ətrafında tutmuşdu qərar.
Vəhşilər içində tək oturmuşdu.
Elə bil, qoşunlu bir şah durmuşdu.
Qorxaraq ordakı yırtıcılardan,
Onun yaxınına gəlməzdi insan.
Izinsiz gəlsəydi ora bir nəfər,
Didib parçalardı onu vəhşilər.
Izinlə gəlsəydi yanına hər kəs,
Vəhşi heyvanlardan çıxmazdı bir səs,
Istər qohum olsun, istərsə tanış
Yaxına gəlməzdi izin almamış.
Gedirdi vəhşilər yanınca hər an,
Sanki sürüsüylə gedirdi çoban.
Vəhşilər mülkündə tutmuşdu qərar,
Vəhşiylə dost olan, vəhşi də olar.
Yanına ahular çox toplanardı,
Qəribə, çox şıltaq bir ahu vardı:
Oynağan və zirək bir ahuydu bu,
Sağrısı çox hamvar, ucaydı boynu.
O çox xoş gələrdi bizim Məcnuna,
Ayrıca bir qayğı bəslərdi ona.
Yanına çəkərək o yoldaşını,
Tutub sığallardı onun başını.
Hər gün o gözləri öpməyi vardı,
O gözlər Leylini xatırladardı.
Camaat qalmışdı bu işə heyran,
Onun vəhşilərlə dost olmağından.
Kimin ki, sövdası, eşqi solmazdı,
Məcnunu görməmiş sakit olmazdı.
Hər gün bir diyardan gələn yolçular
Onun ətrafında tutardı qərar.
Tutduğu orucu sındırsın, deyə,
Yeməklər gələrdi ona hədiyyə.
Xeyməgah quraraq şir dərisindən,
İgidlər qəlbini üzərdi bilsən.
Yemi vəhşilərə paylardı bütün,
Özüsə bir tikə yeyərdi hər gün.
Vəhşi heyvanlara o, il uzunu
O qədər verdi ki, öz ruzusunu,
Ruzi verən bilib onu hər heyvan,
Səcdəyə durardı gördüyü zaman.
Ondan ayrılmazdı bir dəm vəhşilər,
Gəlib yem alardı hər axşam, səhər.
Bir eli aldadar verilən ehsan,
Ehsana qul olar hər azad insan.

davamı
XS
SM
MD
LG