Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:00

Nizami Gəncəvi. Leyli və Məcnun (61)


əvvəli

HEKAYƏ


Qədimdə belə bir rəvayət varmış
Ki, Mərv ölkəsində bir şah yaşarmış.
Bir neçə köpəyi zəncirləyərək,
Bəndlərdə saxlardı onları div tək.
Itlərdə əъdaha qüvvəti vardı,
Dəvənin boynunu qopararlardı.
Acıqlanan zaman şah bir nəfərə,
Atarmış yazığı quduz itlərə.
Şahın qəzəbinə düşsəydi hər kəs,
Köpəklər dağıdıb yeyərdi dinməz.
Şahın yaxın olan adamlarından
Ağıllı, kamallı bir nəfər cavan
Qorxdu ki, dostları qıran bu cəllad
Günlərin birində olsun ona yad,
Onun ahusunu öz vərdişiylə
Sınaqdan keçirsin köpək dişiylə.
İtlərdən qorxaraq, min həyəcanla
O gedib dostlaşdı it saxlayanla.
İtlərin yanına gəlcək hər kərə,
Bir qoyun atardı vəhşi itlərə.
Bu yolda bəsləndi, saxlandı itlər,
O gəncdə qalmadı qorxudan əsər.
O açıq əllini görən hər köpək
Ona qul olmuşdu, boyun bükərək.
Bir gün, acıqlandı şah o cavana,
Üzünü, gözünü turşutdu ona.
Cəllada əmr etdi haman zülümkar:
"Bu gənci bu saat itlərə apar!"
O itməcazlılar itlik etdilər,
İt pay qapan kimi alıb getdilər.
Gəncin əl-qolunu bağlayıb haman,
İtlərə atdılar onu kənardan.
O dəmirpəncəli, o pələng itlər
Əvvəlcə cavana hücum etdilər.
Ancaq, tanıyınca baxıb durdular,
Quyruq bulayaraq boyun burdular.
Hamsı yerə yatdı üzləri üstə,
Yatdılar baş qoyub dizləri üstə.
Gəncə dayə kimi oldular, bilsən.
Bir gün gəlib keçdi bunun üstündən,
Üzünü göstərdi ağ səhər yenə,
Boyandı üfüqlər qızıl rənginə.
Şah peşiman oldu öz tutduğundan,
Yaxın nədimlərə söylədi bu an
"Dünən o günahsız ahucuğu mən
Səhv edib itlərə verdim əlimdən.
Bir baxın, görün ki, o quduz itlər
Gəncin vücudundan qoydumu əsər?"
Itləri saxlayan gəldi çaparaq,
Dedi ki: "Ey şahım, sən sirrə bir bax,
Bu gənc - insan deyil, mələkdir, mələk.
Onu sayəsində saxlayır fələk.
Qalx, gəl, bir ondakı işığa bax sən,
Tanrı sənətini bəlkə görəsən.
Itlərin ağzında sağ oturmuşdur.
Onların ağzına möhür vurmuşdur.
O əъdahaüzlü canavar itlər
Onun tükünə də verməmiş zərər".
Şah əmr eylədi ki: "Dayanmaq olmaz,
O əldən getmişi tez edin xilas".
İtlərin yanından, yol məmurları
Gənci gətirdilər saraya sarı.
Şah heyran qaldı ki, o igid cavan
Necə can qorumuş o quduzlardan.
Ağlaya-ağlaya göz yaşı tökdü,
Ondan üzr istəyib, diz üstə çökdü.
Dedi ki: "Aç, söylə sən, ey qəhrəman,
Necə can qurtardın o quduzlardan".
Gənc dedi: "Əvvəlcə çəkinib səndən,
Tikələr atmışdım o itlərə mən.
Etdiyim yaxşılıq getmədi hədər,
Itlər öz ağzını möhürlədilər.
Lakin qulluq etdim düz on il sənə,
Axırda bu cürə haq verdin mənə.
Sən məni itlərə atdınsa əgər,
Yaxşı ki, dost yeyən deyilmiş itlər.
Dostluğu səndə yox, itdə gördüm mən,
It bilən hörməti ayaqladın sən.
It sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban".
Şah heyran qaldı ki, bu nə hekmətdir,
Bildi ki, səadət - insaniyyətdir.
Qəflət yuxusundan ayıldı birdən,
Əl çəkdi itlikdən, itpərəstlikdən.
Bunu söyləməkdən bir məqsədim var:
Səxavət qələdir, o, can qoruyar.
Məcnun bəslədikcə o heyvanları,
Çəkdi dövrəsinə bir can hasarı.
Hasar ətrafında gəzən hər heyvan
Məcnunun işinə yarardı hər an.
Bir yerdə dursa da, qalxsa da əgər,
Yanından getməzdi dostu vəhşilər.
Məcnuna bənzəsən insanlıqda sən.
Dünyada nə qüssə, nə dərd çəkərsən.
Xəlifə də yesə süfrəndə nemət.
Yeməyi səndənsə, qulundur, əlbət.

davamı
XS
SM
MD
LG