Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:48

Müxalifət Qərbi ikili standartlarda qınayır


"Azadlıq" Bloku
"Azadlıq" Bloku
Azərbaycandakı bir sıra müxalifət partiyaları Qərbi bəzi ölkələrə ikili standartlarla yanaşmaqda qınayırlar. Onlar bunun göstəricisi kimi Azərbaycandakı seçkilərə nisbətən Belarusda keçirilən prezident seçkilərinə Qərb dairələrinin daha sərt reaksiya bildirməsini göstərirlər

Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Mustafayev deyir ki, Belarus Azərbaycana nisbətən Avropaya daha yaxındır və bu, istər-istəməz ona daha artıq diqqət göstərməyi tələb edir. Bununla belə, Fuad Mustafayev Belarusun Qərbə daha yaxın olması amilini ikili standartın başlıca səbəbi hesab etmir. Deyir ki, Gürcüstan da Azərbaycanın qonşuluğunda yerləşir. Ancaq Gürcüstanda keçirilən seçkilər zamanı da Qərb daha sərt və daha birmənalı mövqe tutmuşdu: «Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti Belarus hakimiyyətindən fərqli olaraq əsasən Qərbin siyasi və iqtisadi maraqlarını təmin edir».



«Onlar bəzən öz diktatorları ilə əməkdaşlıq edirlər. Yad diktatorları isə gözüm-çıxdıya salırlar»
«FAR» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə də deyir ki, Belarus hakimiyyəti Azərbaycan hakimiyyətindən fərqli olaraq sırf Rusiyapərəst siyasət yeridir. Onun sözlərinə görə, nəticədə də Aleksandr Lukaşenko Qərb üçün daha çox arzuedilməz şəxsə çevrilib: «Onlar bəzən öz diktatorları ilə əməkdaşlıq edirlər. Yad diktatorları isə gözüm-çıxdıya salırlar».


Ancaq Belarusla Azərbaycan arasında seçki məsələləriylə bağlı paralellər aparmağın əleyhinə çıxanlar da var. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycan Belarusdan fərqli olaraq Avropa Şurasının üzvüdür. Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər zamanı müəyyən pozuntular olsa da, hakimiyyət bunu etiraf edib. Bir sıra çox zəruri addımlar ataraq müəyyən inkişaf yolu keçib:


«Azərbaycanın üzü bütün dünyaya açıqdır. Azərbaycan demokratiya sahəsində müəyyən inkişaf yolu keçməklə və anti-terror kampaniyasında iştirak etməklə tamam başqa məkanda özünə yer seçib».


Belarus müxalifəti ilə Azərbaycan müxalifəti arasında da müəyyən təhlillər aparılır və bu məsələdə də fərqli mülahizələr eşidilir. Səməd Seyidov deyir ki, Belarus müxalifətinin Azərbaycan müxalifətinə nisbətən Qərbdən daha çox dəstək aldığı haqda iddialar zəiflərin öz zəifliklərinə haqq qazandırmaq cəhdindən irəli gəlir: «Azərbaycanda bütün xarici telekanallar, beynəlxalq hüquq-müdafiə təşkilatları istədikləri kimi fəaliyyət göstərirlər. Azərbaycanı Belarusla müqayisə etmək olarmı?»



«Belarusda Azərbaycanda olduğu qədər korrupsiya, sosial ədalətsizlik yoxdur».
Fuad Mustafayev isə deyir ki, Azərbaycan müxalifətini Belarus müxalifətindən zəif adlandırmaq ədalətsizlik olardı. Onun sözlərinə görə, Azərbaycan müxalifəti heç Gürcüstan və Ukrayna müxalifətlərindən də zəif olmayıb. Sadəcə, Qərb Ukrayna və Gürcüstanda gedən prosesləri daha fəal sürətdə müdafiə etdiyindən, həmin ölkələrdə müxalifət hakimiyyətə gəldi. Fuad Mustafayev deyir ki, əksinə, Aleksandr Lukaşenkonun İlham Əliyevdən fərqli olaraq öz xalqı arasında dəstəyi daha böyükdür: «Belarusda Azərbaycanda olduğu qədər korrupsiya, sosial ədalətsizlik yoxdur».

Fuad Mustafayevin fikrincə, Aleksandr Lukaşenkonu heç insan haqlarına münasibətinə görə də İlham Əliyevlə müqayisə etmək olmaz. Çünki o, seçkidən dərhal sonra xalqı əzmək yolunu tutmadı.

Hikmət Hacızadə isə deyir ki, Belarusda korrupsiyanın Azərbaycana nisbətən az olmasını Aleksandr Lukaşenkonun üstünlüyü kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, Sovetlər Birliyi dönəmində də Azərbaycanda korrupsiya Belarusdakından qat-qat çox idi. Onda nə Aleksandr Lukaşenko var idi, nə də Azərbaycan və Belarusun müstəqilliyi. Bununla belə Hikmət Hacızadə hesab edir ki, Aleksandr Lukaşenkonun cidd-cəhdlə yaşatmaq istədiyi Sovet ənənələri olmasa, Belarus xalqı daha azad və daha firavan yaşayar.


XS
SM
MD
LG