ABŞ və Kanadanın səmalarını müdafiə edən Şimali Amerika Aerofəza Müdafiə Komandanlığı (The North American Aerospace Defense Command - NORAD) dekabrın 24-də bəyan edib ki, Santa Klaus və ya Şaxta babanın hava ilə gəlişini yaxından monitorinq edir.
ABŞ Hərbi Hava Qüvvələri generalı Qlen D. VanHerk deyib ki, uşaqların nigarançılığına əsas yoxdur.
NORAD-ın Kolorado ştatındakı bazası məlumat verir ki, koronavirus pandemiyası Santa Klausun və onun səma kirşəsini dartan marallarının səfərinə və nağıl kitablarında olduğu kimi dünyanı dolaşıb uşaqlara hədiyyələr çatdırmasına mane ola bilməyəcək.
Əslində bu Milad ənənəsi 65 il bundan əvvəl başlanıb. 1955-ci ildə bir uşaq NORAD-ın bazasına zəng edərək telefona Şaxta babanın çağırılmasını istəmişdi.
O vaxtdan bəri Şaxta babanın səma kirşəsinin uçuşunu hər Milad bayramında 1500-dək könüllü izləyir.
Bu könüllülər dünyanın hər yerindən edilən zənglərə cavab verirlər. Bu il bu əməliyyatı koronavirus pandemiyasına görə daha az adam və məsafədən idarə edir.
Bu bayramda operatorların sayı az olduğuna görə telefonlara avtocavab sistemi qoşulub.
Santa cədvəl üzrə vaxtında gələcək
Bu il koronavirus pandemiyasının gücləndiyi bir vaxtda mərkəzə daha çox nigaran uşaq zəng edir. Onlar soruşurlar: Santa bizim hədiyyələrimizi sağ-salam gətirə biləcəkmi?
General VanHerk deyib:
“Santa Klaus bu işi çox-çox ilədir ki, görür və bilirsiniz, o planet boyunca çox pandemiyalar və əngəllər görüb. Mən yüz faiz əminəm ki, Santa Klaus sağ-salamat qalmağı hamıdan yaxşı bacarır”.
Bu Milad mövsümünün koronavirusa görə qeyri-adiliyinə baxmaraq NORAD komandanı deyir ki, onlar Şaxta babanın nağıl cədvəlinin pozulacağını gözləmirlər:
“Biz Santa Klausun vaxtında gələcəyini gözləyirik. O hardasa axşam saat 9-la gecəyarısı arasında bütün evlərin qapılarını döyəcək...”
Komandanın başqa bir mesajı da var: Amma hər ehtimala qarşı Santa üçün qapı ağzında bir az yemək-içmək qoya bilərsiniz.