Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:26

'Azərbaycanda ABŞ-a qarşı təbliğat müharibəsi açılıb'


ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin divarında Azadlıq heykəlinin satirik rəsmi
ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin divarında Azadlıq heykəlinin satirik rəsmi

Rəsmi Bakı noyabrın 20-də ABŞ paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən imtina etdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) buna səbəbi kimi ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi açıqlamaları göstərdi. Həmin açıqlamada C.O'Brayen demişdi ki, sülh sazişi bağlanmayana qədər ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq.

Bundan əvvəl də iki dəfə Bakı Brüssel formatında müzakirələrdən imtina etmişdi. Onda isə imtina səbəbi müzakirələrə Türkiyənin qatılmasına imkan verilməməsi göstərilmişdi.

Noyabrın 20-də prezident İlham Əliyev Bakıda səfərdə olan İraq prezidenti ilə mətbuata açıqlamasında Ermənistanla sülh danışıqlarına da toxunmuşdu. "Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə", - o vurğulamışdı.

Prezident deyirdi ki, son iki ayda təkliflərlə bağlı onların qeydlərinə Ermənistan cavab verməyib: "Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar".

"Sülhün kökləri... Vaşinqton, Brüssel və Parisdə deyil"

Noyabrın 21-də isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan anlamalıdır, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, buradadır, regiondadır.

O qeyd edib ki, sülhün irəli aparılması üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir.

İ.Əliyev/N.Paşinyan
İ.Əliyev/N.Paşinyan

Ermənistan baş naziri deyir ki...

Ermənistanın baş naziri Nikol Paşinyan isə bugünlərdə ölkə parlamentində demişdi ki, Yerevanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi "dəyişməz" qalır, amma aydınlaşdırılması mühüm olan bir sıra məsələlər var: "Sülhün üç əsas prinsipi mahiyyət etibarilə Azərbaycanla Brüssel danışıqlarında razılaşdırılıb".

Baş nazirin sözlərinə görə bu prinsiplər ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədin 1991-ci il Almatı bəyannaməsi və SSRİ Baş Qərargahının 1974-1990-cı il tarixli xəritələri əsasında delimitasiyasıdır: "Üçüncüsü isə budur ki, regional kommunikasiyaların açılması ölkələrin suverenliyi əsasında həyata keçirilməlidir".

Paşinyan deyib ki, iki əsas məsələnin aydınlaşdırılması zəruridir: "Söhbət razılaşma mətninin mümkün fərqli yozumunun aradan qaldırılması mexanizminin və təhlükəsizlik qarantiyalarının yaradılmasıdır".

Danışıqlar yalnız Rusiyanın vasitəçiliyi ilə aparılacaq?

ABŞ, hələlik, geri çəkilmək niyyətində deyil. O, Azərbaycan-Ermənistan danışıqlarında rol almaq istəyir.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan rəhbərliyi ilə işləyir, bütün hüquqlara sayğı göstərilən şərəfli və davamlı sülhü asanlaşdırmağı təklif edir", – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) noyabrın 20-də deyib.

Hələlik, buna rəsmi Bakı münasibət bildirməyib.

R.Musabəyov
R.Musabəyov

Amma deputat Rasim Musabəyov "Turan"a bildirib ki, danışıqlar davam edəcək: "İndi tərəflərin ikisi də bir-birinə sülh sazişi ilə bağlı təklifləri və düzəlişləri göndərirlər. Sonuncu dəfə Azərbaycan göndərib, Ermənistandan isə iki aydır cavab yoxdur".

Deputatın fikrincə, bir prinsipial məsələ var: "Ermənistan bu müqavilə ilə yanaşı, ora hansısa qarantları gətirmək istəyir. Azərbaycan bu təklifi rədd edir".

Onun sözlərinə görə, ən yaxşı danışıqlar formatı ikitərəfli danışıqlardır.

"Azərbaycan artıq Qərblə əməkdaşlıq etməyəcək"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan artıq Qərblə əməkdaşlıq etməyəcək: "Çünki Azərbaycanda başladılan kampaniya, onunla yanaşı, ABŞ və qismən Avropa İttifaqı tərəfindən Azərbaycana yönəlik siyasət göstərir ki, əməkdaşlıq imkanları, demək olar ki, tam məhdudlaşdırılıb. Ona görə də mən Qərb ölkələri, özəlliklə də ABŞ vasitəsilə Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti hansısa görüşün olmasını gözləmirəm".

Onun fikrincə, Ermənistan danışıqların Qərbin iştirakı ilə aparılmasını istəyir: "Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycanda faktiki olaraq ABŞ-a qarşı təbliğat müharibəsi açılıb. Bu, tərəfdaşlıqdan xəbər verən detallar deyil".

Ə.Oruclu
Ə.Oruclu

"Ermənistan Rusiyanın vasitəçiliyini qəbul etməyəcək"

Ə.Oruclu Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasını da gözləmədiyini qeyd edib: "Əgər Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirakından imtina edirsə, Rusiyanın Ermənistanla əlaqələri kəsilməkdə davam edirsə, əlbəttə ki, Ermənistan o varianta razılaşmayacaq. Bir tərəfdən, Azərbaycan Qərb vasitəçiliyini qəbul etmir, digər tərəfdən, Ermənistan Rusiyanın vasitəçiliyini qəbul etməyəcək".

Onun sözlərinə görə, bu cür dinamika Rusiyanın xeyrinədir: "Həm Azərbaycanda, həm Ermənistanda Rusiyanın silahlı qüvvələri var və sülh prosesi dayanırsa, deməli, Rusiya əlində olan digər resurslardan istifadə edərək bölgədəki vəziyyətə təsir imkanları qazanır. Qərbin isə təsir imkanları bir qədər də məhdudlaşır".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG