Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:30

ABŞ səfiri Cənubi Afrikanı Rusiyaya silah verməkdə ittiham edir


Lady R gəmisi Saymonstaundakı hərbi-dəniz bazasında
Lady R gəmisi Saymonstaundakı hərbi-dəniz bazasında

Birləşmiş Ştatların Cənubi Afrika Respublikasındakı səfiri bəyan edib ki, CAR Ukrayna müharibəsində neytral mövqe tutduğunu bildirsə də, Rusiyanı silahla təchiz edir.

Səfir Ruben Briceti yerli medialara əmin olduğunu bildirib ki, ötən ilin dekabrında Keyptaun şəhərinin yaxınlığındakı bazada Rusiya gəmisinə silah və sursat yüklənib.

CAR prezidenti Siril Ramaposa bu bəyanatı şərh edərkən hökumətin bu məsələni araşdırdığını bildirib.

Ruben Briceti Pretoriyada keçirdiyi brifinqdə deyib ki, ümumiyyətlə CAR-ın Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibəti Vaşinqtonu narahat edir.

Diplomat ötən ili, dekabrın 6-dan 8-dək Lady R adlı gəminin Saymonstaundakı hərbi-dəniz bazasında dayanmasını yada salıb.

Səfir əmin olduğunu bildirib ki, bu gəmiyə Rusiyaya qayıdarkən silah və sursat doldurulub.

“Mehriban münasibətlər”

BBC yazır ki, Birləşmiş Ştatlar son bir neçə ay ərzində CAR hökumətinin Rusiya ilə “mehriban münasibətlərini” dəfələrlə tənqid edib.

Vaşinqton habelə Moskvanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsinin birinci ildönümündə Çin və Rusiyanın birgə keçirdikləri təlimlərə CAR-ın da qatılmasını pisləyib.

CAR müxalifəti hökumətin bu təlimlərdə iştirak qərarını onun Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməsi kimi qiymətləndirib. CAR hökuməti bu tənqidləri rədd edir.

Bu da qeyd olunur ki, BMT-də Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən qətnamənin qəbulunda CAR bitərəf mövqe tutub.

Bundan başqa Pretoriya ABŞ və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb.

XS
SM
MD
LG