Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

ABŞ Ağalarovun işçisinə dair sənədləri açıqlayıb


Irakliy Kaveladze
Irakliy Kaveladze

ABŞ-ın Ədliyyə Nazirliyi yenidən Federal Təhqiqatlar Bürosunun (FTB) Rusiyanın 2016-cı il ABŞ seçkisinə mümkün müdaxiləsi barədə əsas şahidlərin dindirilməsinə dair materiallarını açıqlayıb.

Bu iş üzrə təhqiqatı son iki il ərzində ABŞ-ın xüsusi prokuroru Robert Mueller aparıb. 356 səhifədən ibarət sənədi CNN telekanalı və BuzzFeed saytı dərc edib.

Bu sənədlərdə həm də ABŞ prezidentinin böyük oğlu Donald Trump-ın rusiyalı vəkil Natalia Veselnitskaya ilə 2016-cı ilin iyununda Trump Tower otelində görüşünün təfərrüatları var.

Bu görüş barədə ifadəni azərbaycanlı Rusiya biznesmeni Aras Ağalarovun Crocus Group şirkətinin meneceri Irakliy Kaveladze verib.

FTB-nin materiallarına görə Kaveladzeyə bu görüşdə iştirak üçün Crocus Group şirkətinin vise-prezidenti müraciət edib.

Kaveladzenin dediyinə görə, Ağalarovun köməkçisi ona bildirib ki, Veselnitskayada Trump-ın seçki rəqibi Hillary Clinton-a qarşı kompromat var və görüşdən də əsas məqsəd budur.

Kaveladze müstəntiqlərə deyib ki, Trump Tower otelindəki görüşdə ABŞ prezidentinin baş müşaviri və kürəkəni Jared Kushner də iştirak edib.

Kaveladzenin dediyinə görə Kushner əsəbiləşmişdi və görüşün nə məqsəd daşıdığını başa düşmürdü.

Kaveladze deyib ki, Kushner görüş başlanandan dərhal sonra iştirakçıların Clinton haqqında informasiyaya malik olub-olmadıqlarını soruşub.

Kaveladze etiraf edib ki, bu görüşə lüzumsuz olaraq vaxt sərf edilib.

Kaveladzenin dindirilməsindən başqa, açıqlanmış materiallarda Trump-ın yaxın çevrəsinə daxil digər şəxslərin dindirilməsi protokolları da var.

BuzzFeed diqqəti belə bir məqama yönəldir ki, ABŞ Ədliyyə Nazirliyi sözü gedən sənədin redaktə olunmuş variantını açıqlayıb.

2017-ci ilin iyulunda oğul Trump onun Natlalia Veselnitskaya ilə görüşdüyünü göstərən elektron məktubları açıqlamışdı.

Bu görüşdən əvvəl oğul Trump-a məlumat verilmişdi ki, rusiyalı vəkil Hillary Clinton-a dair ifşaedici informasiyaya malikdir.

Trump-ın böyük oğlu sonralar demişdi ki, bu görüşdən heç bir fayda əldə olunmayıb.

Veselnitskaya onda Clinton barədə hər hansı materialların olmasına dair iddiaları rədd edir.

ABŞ-ın xüsusi prokuroru Robert Mueller Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair təhqiqatının yekun hesabatını 2019-cu ilin martında prokurorluğa təqdim edib.

İki il davam edən təhqiqat Rusiyanın 2016-cı il ABŞ prezidenti seçkisinə müdaxiləyə cəhdlər göstərdiyini sübuta yetirib.

Lakin müstəntiqlər Donald Trump-ın seçki qərargahı ilə Kreml arasında sövdələşmə olduğunu sübut etməyib.

Bununla yanaşı Mueller Donald Trump-ın ədalətə mane olub-olmadığına dair qəti nəticəyə gələ bilməmişdi.

Moskva başqa ölkələrin seçkilərinə müdaxilə etdiyini inkar edir.

XS
SM
MD
LG