Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:29

Əfqan Muxtarlı: “Mənim həbsim Azərbaycan hakimiyyətinin sifarişidir”


Əfqan Muxtarlı məhkəməyə gətirilərkən
Əfqan Muxtarlı məhkəməyə gətirilərkən

“Mən Аzərbaycan hökuməti, eləcə də prezident İlham Əliyev və digər məmurlar haqda tənqidi yazılarıma görə həbs olunmuşam”.

Jurnalist Əfqan Muxtarlı mayın 31-də Səbail məhkəməsində keçirilən prosesdə belə deyib. O, ona qarşı irəli sürülən ittihamları əsassız adlandırıb. Muxtarlı məhkəməyə necə saxlanmasını belə təsvir edib:

“Mayın 29-da Tbilisi şəhərində yaşadığım evin 100 metrliyində 4 nəfər naməlum şəxs tərəfindən saxlanılaraq, döyülərək maşına mindirilmişəm. Onlar məni Tbilisi şəhərindən çıxarandan sonra başıma torba keçiriblər. Bir müddət sonra torbanı başımdan çıxaranda gördüm ki, hansısa bir düzənlik sahədəyəm. Bundan sonra onlar mənim gözümü köynəklə bağlayıb, başqa bir maşına əyləşdiriblər. 2-3 saatlıq yolculuqdan sonra məni başqa – 3-cü maşına otuzdurublar. Artıq bu maşındakılar Azərbaycan dilində danışırdılar”.

Əfqan Muxarlı məhkəməyə ifadəsində deyib ki, maşındakı şəxslərdən biri daim telefonla kiməsə məlumat verib:

“Cənab general deyə, müraciət etdiyi şəxsə...”

Bu yerdə hakim onun sözünü yarıda saxlayıb. Bütün bu dediklərindən sərhədi qanunsuz keçmədiyi nəticəsinin çıxdığını soruşub.

“SİFARİŞ AZƏRBAYCAN HÖKUMƏTİNDƏN GƏLİB”

Bundan sonra Əfqan Muxtarlı Gürcüstanda yaşadığı vaxt izləndiyini, bununla bağlı mətbuata açıqlamalar verdiyini xatırladıb:

“Məni izləyənlər xüsusilə SOCAR-ın mühafizə xidməti olub. AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanmasından sonra onların daha da fəallaşması barədə...”

Hakim bu yerdə yenidən onun sözünü kəsib, ittihamdan kənara çıxmamağı tövsiyə edib. Müdaifə tərəfi buna etiraz edib. Bütün bunların birbaşa ittihamla əlaqəsi olduğunu bildirib. Əfqan Muxtarlı sözünə davam edib:

“Azərbaycan hökumətinin sifarişi ilə Gürcüstan vətəndaşları məni, həyat yoldaşımı, eləcə də Tbilisidə yaşayan həmkarlarımı izləyiblər. Haradasa 15 gün bundan öncə hakimiyyətə yaxın olan, Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqin.az saytı mənim, həyat yoldaşım, bu günlərdə həbs olunan Gözəl Bayramlı, Fərman Ceyranlı və digərlərinin adlarını çəkən və həqiqətdən uzaq olan məqalə yazıb. Maraqlısı odur ki, bir neçə həftə öncə yazılan məqalədə qeyd olunduğu kimi indi mən sərhədi qanunsuz keçməkdə suçlanıram”.

Əfqan Muxtarlı qeyd edib ki, həmin məqalədə adı çəkilən 3 nəfərin həbsdə olması,bunun, Azərbaycan hakimiyyətinin ən yuxarı səviyyəsində verilmiş sifarişi olmasını deməyə əsas verir:

“Burada müstəntiq də, prokuror da Azərbaycan hakimiyyətinin sifarişini icra edir. Mən bu ittihamların heç birini qəbul etmirəm. Sərhədi qanunsuz keçməmişəm, cibimə 10 min avronu əllərim, gözlərim bağlı olarkən qoyublar, kimsəyə də xəsarət yetirməmişəm”.

“MƏNİ SAXLAYANLAR...”

Hakim Muxtarlıdan izlənməsi ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət edib-etməyini soruşub. Əfqan Muxtarlı o və izlənən digər həmyerlilərinin Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etdiyini amma müraciətə cavab gəlmədiyini bildirib.

Əfqan Muxtarlı deyib ki, onu saxlayanlar Gürcüstanın kriminal polis idarəsinin əməkdaşları olub:

“Məni tutarkən mənə xəsarət yetiriblər. Alnımda, üzümdə, əllərimdə xəsarət izləri var”.

Vəkil Elçin Sadıqov şəxsi tibbi müayinənin keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Xəsarətləri məhkəməyə göstərib və protokola qeyd olunub.

Müdaifə tərəfi həbs qətimkan tədbirinin seçilməməsi, onun şəkərli diabet xəstəsi olmasının nəzərə alınması, Balakən rayonu ərazisindəki sərhəd-nəzarət məntəqəsinin və gömrük postunun hadisənin baş verdiyi saatlardakı video görüntülərinin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

XS
SM
MD
LG