Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:28

Azərbaycan hökuməti fəallara, hüquq müdafiəçisinə...təzminat ödəyəcək


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 18-də Azərbaycandan göndərilmiş bir sıra ərizələr üzrə qərarlar verib.

Qərarlardan biri ictimai fəallar Adnan HacızadəEmin Abdullayevin (Milli) işi ilə bağlıdır.

Adnan Hacızadə və Emin Milli 2009-cu il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş verən insidentdən sonra saxlanmışdılar.

Şikayətə görə, hücuma məruz qalan, döyülən gənclərə qarşı “qəsdən sağlamlığa az ağır zərərvurma” və “xuliqanlıq” maddələri üzrə ittiham irəli sürülmüşdü. Hacızadə 2 il, Emin Milli isə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları fəalları siyasi məhbus adlandırır və fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirirdilər. Hərçənd Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

AİHM hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu qərarına gəlib, hər birinə 4700 avro təzminat təyin edib.

Onlar 2010-cu ilin noyabrında vaxtından əvvəl azadlığa buraxılıblar.

Rüfət Səfərovun işi...

AİHM hüquq müdafiəşisi Rüfət Səfərovun ərizəsi ilə bağlı da qərar elan edib.

R.Səfərov 2019-cu il oktyabrın 19-da müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının şəhərin mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanıb və məhkəmənin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunmuşdu. Şikayət ədalətli məhkəmə araşdırması, habelə yığıncaqlar və birləşmək azadlığı hüququnun pozulması ilə bağlı olub.

Hüquqşünas Xalid Ağaliyevin bildirməsinə görə, AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 250 avro ödəməlidir.

Rüfət Səfərov keçmiş müstəntiqdir. O 2016-cı ilin yanvarında rüşvət almaq ittihamı ilə həbs olunub. Səfərov həmin il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. 2019-cu ilin martında Prezidentin sərəncamı ilə əfv edilən keçmiş müstəntiq onda da ittihamı qəbul etmirdi.

Digər qərarlar da ayrı-ayrı vətəndaşlar və o cümlədən müxalif fəalların şikayətlərii ilə bağlıdır.

Qərarlara əsasən hökumət ərizəçilərin hamısına ümumilikdə 60 min avro civarında təzminat ödəməlidir.

Hələlik, bu qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG