Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:32

Almaniya kimlərə sığınacaq verir?


Almaniyadan sığınacaq istəyənlərin heç də hamısı ilə eyni cür rəftar edilmir. Bu onların gəldikləri ölkələrdən asılıdır

AzadlıqRadiosunun müxbiri Charles Recknagel yazır ki, yüzminlərlə miqrantın ölüm təhlükəli səfərlər edərək daha firavan Avropaya axışması qitənin müxtəlif ölkələrində ümumən qaçqınlara olan fərqli münasibətləri üzə çıxarıb.

Almaniya kansleri Angela Merkel bu həftə etdiyi çıxışda hazırkı miqrant böhranını Avropanın “universal insan haqlarına” sadiqliyinin sınağı adlandırıb.

Almaniya kansleri Angela Merkel miqrant böhranını Avropa üçün sınaq adlandırıb
Almaniya kansleri Angela Merkel miqrant böhranını Avropa üçün sınaq adlandırıb

Lakin hadisələrin inkişafından görünür ki, bu, bütün Avropa İttifaqında elə Almaniyanın özü üçün ən böyük sınaq olacaq.

Yunanıstan və İtaliyanın sahillərinə qayıqlarda çıxan miqrantların əksəriyyəti məhz bu ölkəyə yetişməyə can atır.

Təkcə bu il 800 min qaçqının Almaniyadan sığınacaq istəyəcəyi gözlənilir.

Bəs Almaniya sığınacağı kimlərə verir və Almaniyadan sığınacaq almaq istəyənlər nələri bilməlidirlər?

Sığınacağı kimə verirlər?

Almaniyaya axışan miqrantların mənbə ölkələrindən yalnız əsaslarını göstərsək, bunlar Suriya, Əfqanıstan, Eritreya, Qərbi Balkan ölkələridir. Lakin bunların arasında Almaniyadan sığınacaq almaq üçün bəzilərinin şansları başqalarından daha az və ya daha çoxdur.

Hələlik ən yaxşı şansa suriyalılar malikdirlər. 2014-cü ildə Almaniyadan sığınacaq istəmiş 26 min qaçqından yalnız bir faizinə rədd cavabı verilib. Əslində, Almaniya Avropa İttifaqı ölkələri arasında suriyalılara ən geniş qucaq açmış ölkədir. Suriyada 4 illik müharibə artıq 240 min insanın həyatına son qoyub. Suriyalıların 4 milyonu qaçqına çevrilib.

2014-cü ildə Almaniyadan sığınacaq istəmiş 26 min qaçqından yalnız bir faizinə rədd cavabı verilib

Bu arada Almaniyanın Federal Miqrasiya İdarəsi avqustun 31-də buraxıldığını elan edib. Hazırkı ittifaq qaydalarına görə və suriyalılara gəlincə, Almaniya qaçqınları ilk dəfə ayaq basdıqları ittifaq ölkəsinə göndərə bilər. Lakin Berlin bildirib ki, qaçqınlar üçün məsuliyyəti üzərrinə götürür.

Bununlas belə, söhbət Qərbi Balkandan olan qaçqınlardan getdikdə, Almaniya bu əraziləri sabit hesab etdiyindən oradan gələnlərin sığınacaq almaq şansı çox azdır. Suriyalılardan sonra Almaniyadan sığınacaq istəyən ikinci böyük millət serblərdir. Lakin onların 63 faizinin ərizəsinə “yox” cavabı verilib.

Makedoniyadan gələnlərin 65 faizi də eyni cavabla qarşılaşıb. Ötən il Kosovodan gələnlərin yarısı qəbul edilməyib. Bosniya qaçqınlarının 60, Albaniya qaçqınlarının isə 82 faizinin sığınacaq ərizələri rədd edilib.

Almaniyadan sığınacaq istəyənlərin 4-cü böyük qrupu əfqanlardır. İndiyədək onlardan 21 faizi rədd cavabı alıb. İraqlıların 9 faizinin ərizələri geri qaytarılıb.

Sığınacaq almaq nə qədər çəkir?

Miqrasiya rəsmiləri sığınacaq və qaçqın statusu istəyənlərin ərizələrinə 7 ay müddətində baxırlar. Lakin burada da bütün qaçqın qrupları ilə rəftar eyni deyildir.

Almaniyada adətən sabit ölkələrdən sığınacaq istəyənlərin ərizələrinə sürətli baxış sistemindən istifadə edilir. Məsələn, fevral ayında Berlin bəyan edib ki, Kosovadan olanların ərizələrinə iki həftə müddətində baxılacaq. Eyni system Bosniya, Serbiya və Makedoniyadan olan ərizəçilərə də tətbiq edilir.

Miqrasiya ekspertlərindən Rainer Ohliger deyir ki, adətən çevik baxılma sisteminə nəticəsi mənfi olması gözlənilən ərizələr buraxılır. Belə ərizəçiləri qısa müddətdə sığınacaq istəyənlər üçün düşərgələrdə saxlamaq mümkündür.

Bu da bildirilir ki, Almaniyadan sığınacaq istəmək üçün hər bir kəsin hüququ vardır. Lakin çevik baxılma sistemindən başlıca məqsəd, miqrasiya xidmətlərinə böhranlı yerlərdən gələnlərin ərizələrinə tez baxılması üçün sərbəstliyin yaradılmasıdır.

Ərizəyə baxıldığı müddətdə nə baş verir?

Bütün ərizəçilər ilk üç ayı hasarlanmış və şəhərlərdən kənar olan barak tipli düşərgələrdə keçirirlər. Yaşamaq pulsuzdur və ərizəçilərə cib xərcliyi üçün ayda 140 avroyadək pul verilir. Onlara həmçinin təcili tibbi yardım da göstərilə bilər. Bu üç ay ərzində onların işləmək hüququ yoxdur.

Sığınacaq istəyənlərə verilən cib xərcinin məbləği Almaniyada daim müzakirə mövzusudur.

Münhendə müvəqqəti çadırlar
Münhendə müvəqqəti çadırlar

"Hazırda belə bir siyasi arqument vardır ki, ödənən pul cənub-şərqi Avropa miqyası ilə şirnikləndirici faktor kimi də qəbul edilə bilər. Məsələn, Albaniya kimi ölkələrdə ailələrin orta aylıq gəliri 300-500 avro arasındadır” – deyir Ohliger.

Bəziləri nəqd pul əvəzinə vauçerlərin verilməsinə tərəfdardırlar.

Üç aydan sonra ərizəçilərin yerləri dəyişdirilir və onları şəhərlərə və mənzillərə köçürürlər. Onlar burada işləyə də bilərlər, lakin onları işə götürən biznes sübut edə bilməlidir ki, bu işdən ixtisaslı alman və ya Avropa İttifaqının başqa vətəndaşı məhrum edilməyib.

Sığınacaq verildikdən sonra nə olur?

Sığınacaq verildikdən sonra ərizəçi məşğulluq və sosial xidmətlər sahələrində hər bir Almaniya vətəndaşının malik olduğu hüquqlara sahib olur. Onlar iş yerləri üçün müsabiqələrə qatıla və ya iş yerlərini dəyişə bilərlər. Onlara həmçinin başqa Almaniya vətəndaşları kimi işsizlik müavinəti də verilir. Bundan başqa onlar Almaniyanın səhiyyə sistemindən tam istifadə edə bilirlər. Lakin onların yeni həyatı hələ tam təminat almır. Üç ildən sonra, gəldikləri ölkədəki vəziyyətdən asılı olaraq onların qaçqın statusuna yenidən baxıla bilər. Əgər status artıq uyğun gəlmirsə, onda ləğv edilə bilər.

Üç ildən sonra, gəldikləri ölkədəki vəziyyətdən asılı olaraq onların qaçqın statusuna yenidən baxıla bilər

İlkin sığınacaq ərizələri rədd edilmiş şəxslər məhkəmə qaydasında apellyasiya verə bilərlər. Belə hallarda hüquqi proses aylarla uzanır. Əgər onların apellyasiya ərizələri də rədd edilərsə, belə şəxslər deportasiya edilirlər.

Almaniya əvvəllər də bu qədər sığınacaq istəyən axını görübmü?

Əgər bu il gözlənildiyi kimi Almaniyadan 800 min insan sığınacaq istəyərsə, onda bu, əvvəlki rekorddan, yəni438 min rəqəmindən demək olar, iki dəfə çox olacaq.

1992-ci ildə Sovet İttifaqı dağılarkən Almaniyadan bu qədər insan sığınacaq istəmişdi.

XS
SM
MD
LG